Yanacağın “Drujba” neft kəməri ilə Ukrayna və Belarus vasitəsilə Macarıstan və Slovakiyaya tranziti üçün müqavilələr bağlanıb
Macarıstanın “MOL Group” şirkəti xam neft tədarükçüləri və boru kəməri operatorları ilə yanacağın “Drujba” neft kəməri ilə Ukrayna və Belarus vasitəsilə Macarıstan və Slovakiyaya tranziti üçün müqavilələr bağlayıb. AYNA xəbər verir ki, şirkətin müvafiq bəyanatı Budapeşt Fond Birjasının saytında dərc olunub.
Neft kəmərinin şimal qolu Belarus, Polşa və Almaniyadan keçir. Rusiya neftinin qaz kəmərinin şimal qolu ilə Avropaya nəqli 2023-cü ilin ortalarından Avropa İttifaqı sanksiyalarına uyğun olaraq dayandırılıb. Bu, Belarus, Polşa və Almaniyaya təsir edib.
Neft kəmərinin cənub qolunun keçdiyi Macarıstan, Slovakiya və Çexiya üçün Rusiya yanacağından asılılıq nəzərə alınmaqla istisna edilib.
MOL-dan verilən açıqlamada neft tədarükünün bərpasının dəqiq vaxtı göstərilməyib.
Avropa Komissiyası Macarıstan və Slovakiyaya alternativ təchizat variantlarından - məsələn, Xorvatiyadan istifadə etməyi tövsiyə edib. Lakin Macarıstanın xarici işlər naziri Peter Siyarto Xorvatiyanın tranzit ölkə kimi “etibarsız” olduğunu bildirib. Onun sözlərinə görə, “Drujba” neft kəməri ilə tədarük olunan neft Macarıstan üçün həyati əhəmiyyət kəsb edir.