Londondakı Vestminster sarayı uçmaq təhlükəsi ilə üz-üzədir

Dünya

18.03.2024 - 17:45

Fasaddakı daş hörük xarab olub, otaqlarda rütubət qoxusu var, zirzəmilərdə siçovullar ora-bura qaçırlar

Londonun əsas görməli yerlərindən biri olan Vestminster sarayı uçmaq təhlükəsi ilə üz-üzədir. AYNA “Financial Times”ə istinadən xəbər verir ki, bu barədə Viktoriya və Albert Muzeyinin direktoru Tristram Hunt oxşar riskdən danışıb.

Onun sözlərinə görə, Britaniya Parlamentinin binası acınacaqlı vəziyyətdədir: “Fasaddakı daş hörük xarab olub, otaqlarda rütubət qoxusu var, zirzəmilərdə siçovullar ora-bura qaçırlar. Hər an saray elektrik naqilləri səbəbindən alovlana bilər. Təhlükə tarixi freskalardan və qobelenlərdən tutmuş Lordlar Palatasının otağına qədər hər şeyin üzərindədir. Bundan əlavə, daxili dekorasiyada istifadə olunan kanserogen asbest hər gün insanları zəhərləyir. Ümumilikdə, Vestminster sarayı çürüyüb”.

Qeyd edək ki, sarayın bərpaya ehtiyacının olması faktı hələ 2012-ci ildə təsdiqlənib. 2015-ci il hesabatında auditorlar abadlıq işləri zamanı Britaniya Parlamentinin binasının müvəqqəti köçürülməsinin dəyərini açıqladılar - 3,5 milyard funt sterlinq. Bu olmasa, bərpa 32 il çəkəcək və 5,7 milyard funta başa gələcək. Artıq 2022-ci ildə ilkin hesablamalar nəticəsində məlum olub ki, təmir işləri aparmaq üçün sarayın 12 il müddətinə bağlanması lazım gələcək. Əks halda, xərclər 22 milyarda qədər artacaq və tamamlanma müddəti 76 ilə qədər olacaq. Bu zaman məsələnin müzakirəsi səngidi.

Müəllif: Ayna.az