"Onların bacardıqları gərginliyi qızışdırmaq və Avropanı, o cümlədən Almaniyanı yenidən hərbiləşdirməkdir”
“Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) SSRİ-nin dağılmasından sonra öz mənasını itirdi”. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib. Onun fikrincə, Şərq Blokunun dağılması əvvəlki siyasi sistemin dağılmasına və Alyansın üzləşdiyi təhlükənin aradan qalxmasına səbəb olub.
“Bu baxımdan, NATO o vaxt ləğv edilməli idi, lakin nəinki qaldı, həm də özünü təhlükəsizlik zəmanəti verməyə qadir olan yeganə təşkilat elan etdi”, - Lavrov qeyd edib.
Nazir bunu “uğursuz” strategiya adlandırıb və blokun ləğvi məsələsinin hələ də aktual olduğunu açıqlayıb. Onun fikrincə, NATO, eləcə də digər “Avro-Atlantik strukturu” – ATƏT “təhlükəsizliyi və sabitliyi gücləndirə bilməyib”. Lavrov hesab edir ki, Alyans sadəcə olaraq “təhlükəsizliyin təmin edilməsinin faydalarını bölüşmək istəməyənlər tərəfindən manipulyasiya edilib”.
"Onların bacardıqları gərginliyi qızışdırmaq və Avropanı, o cümlədən Almaniyanı yenidən hərbiləşdirməkdir. Bu Avro-Atlantik cəmiyyətin bütün "səyləri" yeni müharibəyə hazırlaşmağa yönəlib. Almaniya Fransa və Böyük Britaniya ilə birlikdə bu prosesə rəhbərlik edir", - nazir bildirib.
Lavrov həmçinin NATO-nu “şəxsi sözlə verilən vədləri yerinə yetirməməkdə” günahlandırıb. Nazir Alyansın liderlərinin Mixail Qorbaçovu, sonra isə Boris Yeltsini blokun şərqə doğru genişlənməyəcəyinə necə inandırdıqlarını xatırladıb.
Bununla belə, Lavrov hesab edir ki, Rusiyada 17-18-ci əsrlərdən bəri "insanlar heç bir müqavilə imzalamadan vacib bir şey haqqında razılığa gəldilər: sadəcə olaraq öz şərəf sözünü verdilər və sövdələşməni əl sıxmaqla möhürləyirdilər. Və bu, heç vaxt pozulmamışdır".