“ABŞ-İran münasibətləri normallaşarsa, Rusiya bunu alqışlayacaq”
“ABŞ ilə İran arasında münasibətləri normallaşdırmaq üçün açıqlanmayan təmaslar var”. AYNA “Lenta.ru”ya istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonla Tehran arasında aparılan gizli danışıqlardan danışarkən deyib.
Rusiyanın baş diplomatı qeyd edib ki, o, İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpa olunmasının mümkünlüyü ilə bağlı optimist deyil.
Eyni zamanda, nazir vurğulayıb ki, dayanmış və artıq qurumuş prosesə paralel olaraq ölkələr arasında qeyri-rəsmi təmaslar davam edir.
“İranlılar və amerikalılar arasında münasibətlərin normallaşdırılması məsələlərində qeyri-rəsmi, birbaşa, mediaya açıqlanmayan çoxlu təmaslar var”, - deyə Lavrov bildirib.
Rusiya XİN başçısı əlavə edib ki, ABŞ-İran münasibətləri normallaşarsa, Rusiya bunu alqışlayacaq.
Bundan əvvəl “The Wall Street Journal” öz mənbələrinə istinadən yazıb ki, ABŞ İranla məhbusların azad edilməsi və nüvə proqramının inkişafının qarşısını almaq üçün gizli şəkildə danışıqları bərpa edib. Qeyd olunur ki, Ağ Ev nümayəndələri ən azı üç dəfə Omana dolayı təmaslar üçün səfər ediblər.