Laçın dəhlizinə alternativ çəkilən yoldan yeni FOTOLAR

Aktual

21.04.2022 - 12:29

Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır

“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri yol infrastrukturunun bərpasıdır”. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2×2.5 (5 m) metr təşkil edəcək”.

Hazırda yolboyu genişmiqyaslı tikinti işlərinin aparıldığı vurğulanıb: “Layihəyə uyğun olaraq torpaq yatağının tikintisi, süni qurğuların inşası işləri görülür. “İnşaat Norma və Standartları”na uyğun olaraq yararsız qrunt, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və yeni torpaq yatağının inşası həyata keçirilir.

Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və müxtəlif süni qurğuların tikintisi də icra olunur. Bu çərçivədə yolun 22-ci km-də inşa edilən və uzunluğu 139.5 metr olan 4 aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələdə olmaqla icra olunur.

Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilir.

Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub”.

Laçın dəhlizinə alternativ çəkilən yoldan yeni Laçın dəhlizinə alternativ çəkilən yoldan yeni Laçın dəhlizinə alternativ çəkilən yoldan yeni Laçın dəhlizinə alternativ çəkilən yoldan yeni
Müəllif: Ayna.az