Politoloq: “Müxaliflər hakimiyyətə gəlib nə edəcəklər, Qarabağı Azərbaycan Ordusundan geri alacaqlar?”
Qarabağ müharibəsinin bitməsi ilə bağlı Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bəyanat İrəvanı qarışdırdı. Ermənilər işğalda olan ərazilərin Azərbaycana qaytarılmasını özündə əks etdirən sözügedən bəyanatı faktiki kapitulyasiya, məğlubiyyət və Qarabağın itirilməsi hesab edirlər.
Bəyanatı Paşinyan elan etdikdən bir qədər sonra İrəvanda xaos yaşandı, parlament binasına, hökumət binasına hücumlar edildi. Hazırda etirazlar davam edir. Sənədlə razılaşmayan Ermənistanın 17 müxalif partiyası mitinqlər təyin edib. Onlar hesab edirlər ki, parlament sənədi ratifikasiya etməməli, Paşinyan isə dərhal istefa verməlidir.
Ekspertlər Paşinyan hakimiyyətinin devrilməsini real hesab edirlər. Əsas sual isə budur: Ermənistanın hazırkı hakimiyyəti devrilərsə, o zaman Qarabağda müharibənin dayandırılması, ərazilərin qaytarılması barədəki məlum bəyanat, imzalanan sənədin taleyi necə olacaq?
Mövzunu AYNA-ya şərh edən tanınmış politoloq Zərdüşt Əlizadənin fikrincə, Ermənistanda nə baş verirsə versin, üçtərəfli qəbul edilən qərara təsir etməyəcək: “Ermənistanda bu gün Paşinyana etiraz edən partiyalar heç nə edə bilməyəcək. Tutaq ki, Paşinyan hakimiyyətdən getdi, etiraz edən müxalif qüvvələr hakimiyyətə gəldi, nə edəcəklər? Gəlib Qarabağı Azərbaycan Ordusundan alacaqlar? Yoxsa Rusiyanın qərarını ləğv edib, Rusiya sülhməramlılarını ərazidən qovacaqlar? Hansı maddi, texniki imkanları var ki, Qarabağla bağlı verilən bəyanatı rədd eləsinlər? Heç vaxt nəyəsə nail ola bilməzlər”.
“Onların davası hakimiyyət davasıdır ki, yenidən gəlib bədbəxt Ermənistanı qarət etsinlər. İndi etiraz edən partiya nümayəndələrinin çoxu Paşinyandan əvvəl hakimiyyətdə idi. Son 28 ildə onlar Ermənistanı idarə etdilər, ölkənin başına nə oyun gətirdikləri məlumdur. Məsələ burasındadır ki, bu gün ermənilərin müxalif siyasi qüvvələrinin masaya qoymağa heç nələri yoxdur. “Qarabağ bizimdir” deməklə deyil axı. Azərbaycan haqqı olan Qarabağı aldı, sonra? İndi nə edəcəklər? Yenidən müharibə başladacaqlar? Belə etsələr, Azərbaycan Ermənistanı, ümumiyyətlə xəritədən siləcək. Onlar aciz və gücsüzdürlər. Davaları da hakimiyyət davasıdır. Başqa proqramları, çıxış yolları yoxdur”, - deyə Z.Əlizadə vurğulayıb.
Siyasi şərhçinin sözlərinə görə, sabah Paşinyan istefa versə və yerinə etirazçı müxaliflər gəlsə, onlar da hazırkı vəziyyətlə barışacaqlar: “Çünki başqa yolları yoxdur. Anlamaq lazımdır ki, Ermənistan iqtisadi, siyasi, bir sözlə, hər cəhətdən Rusiyadan asılıdır. İndi “Qarabağ” deyib qışqıran erməni müxalifətinin dərdi, yenə deyirəm, xalqı aldadıb hakimiyyətə gəlməkdir. Ümidlər verirlər, amma həyata keçirə bilməyəcəklər”.
Paşinyanın taleyinə gəlincə, politoloq erməni hökumət başçısının addımlarına diqqət çəkib: “Paşinyan bildirir ki, hakimiyyətini qoruyur, xalqa arxalanır. Əlbəttə, Paşinyan da yanlış açıqlamalar verir, Qarabağı qaytaracaqlarını deyir, sərsəmləyir. Amma, görünür, emosiyaların bir qədər səngiməsini gözləyir. Ermənistanda onun tərəfdarları var, sülhün bərqərar olmasını arzulayan, adam kimi yaşamaq istəyənlər var. Düzdür, belə fikirdə olanlar azdır. Bu gün erməni cəmiyyətinin əksər hissəsi xəstədir, xəstə təfəkkürə malikdir. Amma müəyyən mərhələdən sonra taleləri ilə razılaşacaqlar. Çünki başqa variant yoxdur, çıxış yolu qalmayıb. Paşinyanın özü də başqa çıxış yolunun qalmadığını dedi. Məsələ bu qədər sadədir”.