“Küçədə tək gəzən adam niyə məcburi maska taxmalıdır” – <font color=red> Almaniyadan gələn həkim</font>

Aktual

26.03.2021 - 10:24

Fərid Əhmədli: “İcbari tibbi sığorta sisteminin düzgün tətbiqi bir çox problemləri həll edəcək, vaxtilə Avropa ölkələri də bu yolu keçib”

 

Azərbaycandan kənarda yaşayan soydaşlarımız arasında səhiyyə, tibbi xidmət sahəsində çalışanların sayı da az deyil. Xüsusilə, gənc kadrlar, həkimlərin xarici ölkələrdə nüfuzlu xəstəxanlarda işləməsi onların özləri üçün təcrübə, karyeraları üçün mühüm mərhələ olsa da, ölkəmiz adına qürürverici haldır.

 

Gənc həkim Fərid Əhmədli hazırda Almaniyada yaşayır, Vestmunsterland xəstəxanasında (Klinikum Westmünsterland) həkim- radioloq kimi çalışır. Milli bayramımız olan Novruzu ailəsi, doğmaları ilə qarşılamaq üçün Vətəndədir. Qeyd edək ki, Fərid həkim ötən il pandemiya səbəbindən Bakıya gələ bilməmişdi, iki ildən sonra doğma Vətənindədir. Onun AYNA-ya müsahibəsini təqdim edirik.

No description available.

- Vətənə xoş gəlmisiniz. Almaniyada yaşadığınız vilayəti Bakıdan nə fərqləndirir? Konkret pandemiya müddətindəki vəziyyətlə bağlı fərq.

 

- İki il sonra Vətənə gəlmək sevindiricidir. Dəyişən çox məqamlar var. Almaniyada yaşadığım əyalətdə hazırda və uzun müddətdir karantin rejimi davam edir, aylardır restoranlar, kafelər fəaliyyət göstərmir. Virusla mübarizə üçün məhdudiyyətləri Bakıda da müşahidə etdim. Novruz bayramı ərəfəsində və bayram günlərində Vətəndə olmaq, doğma, yaxın insanların əhatəsində olmaq, gözəl havadan zövq almaq hissini heç nə əvəz edə bilməz.

 

- Ölkədə virusla mübarizə tədbirləri barədə təəssüratınız maraqlıdır. Yalnış doğru olanlar nələrdir?

 

- Ötən ilin bu günlərində Avropada olduğu kimi, Azərbaycanda da sərt karantin rejimi tətbiq edildi. Mən özüm Almaniyada fəaliyyət göstərdiyim xəstəxanada koronaviruslu xəstələrin müayinəsi ilə məşğul olmuşam. Bu sahədə təcrübəsi olan biri kimi Vətənimdə baş verənləri daim izləyirəm. Ölkədəki virusla mübarizə tədbirlərini, sıra ilə atılan addımları təqdirəlayiq qiymətləndirirəm, vaksinasiya prosesi davam edir. Sadəcə qaranlıq qalan bir məqam var - insan tək küçədə, havada gəzərkən niyə məcburi maskadan istifadə etməlidir? Bununla bağlı cərimənin tətbiqinin yalnış olduğunu düşünürəm.

 

- Tez-tez səhiyyə sistemi tənqid atəşinə tutulur. Azərbaycan səhiyyəsini dirçəltmək üçün nə edilməlidir, nə dəyişməlidir - təhsil, təcrübə, idarəetmə, yoxsa ixtisaslaşma?

 

- Düşünürəm ki, Azərbaycan səhiyyə sisemindəki inkişaf yüksələn templə gedir. Ancaq bunu daha da tezləşdirmək olar. Bunun üçün hər zaman gənc kadrlara yer verilməli, daha çox xaricdə təhsil və təcrübə almışlara, xüsusən Avropanın qabaqcıl universitet və xəstəxanlarında dərs almışlara üstünlük verilməlidir. Yalnız təcrübəli kadrların biliyindən, fikirlərindən yararlanmaqla qabağa getmək olar. Ən əsas məsələ isə səhiyyə sisteminin hərtərəfli inkişafı üçün icbari tibbi sığortanın bütün ölkə üçün doğru şəkildə tətbiqidir. Pandemiya səbəbindən ləngimələri anlayıram, amma təəssüratlarımdan bunu deyə bilərəm ki, icbari tibbi sığorta siyasətinin lazımı şəkildə yürüdülməsi bir çox tibbi xidmətlə bağlı problemləri həll edəcək. Çünki Avropa ölkələri də vaxtilə bu çətin mərhələni keçib.

 

- Vətənə dönmək planınız necə, varmı? Qeyd etdiyiniz kimi, xaricədə təcrübə görmüş həkimlərə ehtiyacımız var.

 

- Azərbaycana dönmək planı hər zaman var. Dönüş planı qismət olarsa, qısa vaxt sonra reallaşa bilər. İnanın, nə qədər xaricdə yaxşı yaşasaq da, iş imkanları olsa da, rahatlığımız təmin olunsa da, Vətən həsrəti hər zaman insanın içərisində bir küncdə qalır. İkinci Qarabağ müharibəsində bu həsrət daha da güclənmişdi. Uzaqdan həyacan, gərginlik keçirmək çox çətin idi. Almaniyada soydaşlarla birgə ölkəmizə maddi-mənəvi dəstək göstərmək, informasiya müharibəsində fəal iştirak etmək üçün can atırdıq. Mənim valideynlərim Cəbrayıldandır. Qəhrəman ordumuzun Cəbaryıl və digər rayonları işğaldan azad etdiyi günlər, xəbərlər unudulmaz tarixlərdir.

 

- Yəqin ki, bu dəfə qalib Vətənə gəlişiniz sizə bir başqa qürür hissi yaşadıb…

 

- Sözsüz. Çox istəyərdim, Vətəndə qələbə gününü qeyd edim. Çünki həmin anları heç nə əvəz edə bilməz. Sözlə ifadəsi də mümkün deyil. Bakıya gələn kimi ilk ziyarətim Şəhidlər Xiyabanına oldu, orada uyuyan igid qardaşların məzarlarını ziyarət etdim, bunu özümə borc bildim. Baxmayaraq ki, şəhidlərimizin borcunu heç nə ilə ödəyə bilmərik. Onların ailələrinə, övladlarına diqqəti əsla unutmaq olmaz.

Müəllif: Raminə Eyvazqızı