“Koronavirusa yoluxanların çoxu xəstə olduğuna inanmır”

Cəmiyyət

21.04.2020 - 20:16

Həkim: “Gözünün qabağında insanların boğulduğunu görmək dəhşətdir”

 

Bu gün dünyada pandemiya ilə mübarizədə ağxalatlıların xidməti əvəzedilməzdir. Azərbycanda da həkimlərimizin sayəsində Covid-19 mübarizəsi davam edir. İndi koronavirusa yoluxmuş xəstələrlə işləyən həkimlər, əslində müharibənin ön cəbhəsindəki kimi təhlükə altındadırlar, amma peşələri bu təhlükəni onlara çoxdan öyrətmişdi.

 

Bakıda koronaviruslu xəstələrin yerləşdiyi xüsusi xəstəxanalardan birində isləyən həkim Lalə Məmmədova AYNA-ya müsahibəsində maraqlı məqamlara toxunub:

 

- Doktor, həkimlərimiz indi zamanın qəhrəmanlarıdır. Qəhrəman olmaq asandırmı?

 

- Biz ön çəbhədə işləyən əsgərlər kimiyik. Fikrimcə, indi bütün dünyadakı pandemiya elə müharibə effektini yaşadır. Biz həkimlərin işi isə lap məsuliyyət tələb edir. Hətta həmişəkindən beşqat vəzifə borcumuzu yerinə yetirməliyik. Çünki hər həkim həm özünü qorumalı, həm də eyni zamanda xəstənin müalicəsinə köklənməlidir. Covid-19 heç bir xəstəliklə müqayisə olunmazdır. Bizsə, bunu qəhrəmanlıq olsun deyə etmirik, sadəcə vəzifə borcumuz kimi yerinə yetiririk. Başqa cür ola da bilməz.

 

- Həkimlərimiz risk altındadırlar. Bunu bilmək necə hissdir?

 

- Biz, dediyim kimi, böyük risk daşıyırıq. Bu günlərdə bir tərəfdən də həkim sənətinin nüfuzunun bərpasına sevinirik. Bizim geyimlərimiz ağırdır, amma heç kəs deyə bilməz ki, xüsusi geyim bizi 100% qoruyacaq. 8-10 saat və hətta daha çox növbədə olan biri kimi istər-istəməz eynəyimizə, maskamıza toxuna bilirik, bu, yoluxmaya rəvac da verə bilər. Çoxu inanmır ki, o geyimdə gəzmək, nəfəs almaq çətin olur, biz bütün ehtiyaclarımızdan saatlarla vaz keçməli oluruq. Əlbəttə, bu, bizim vəzifəmizdir, həkimliyin bu tərəflərini gözə alaraq sənətimizi seçmişik.

- Ən böyük sıxıntınız nədir?

 

- Bütün işin ağırlığına dözürük və dözməliyik. Ən böyük çətinliyimiz ailəmizdən uzaq olmağımızdır. Biz onları uzaqdan görə bilirik, onları qucaqlaya bilmirik. Onlarla bir yerdə olmaq üçün darıxırıq. Misal üçün, bizim işlədiyimiz xəstəxanda bir aydan çoxdur ailəsindən uzaq olan həkimlər var. Biz növbəli işləyirik, müəyyən vaxt ərzində evimizə getmirik, ailəmizdən kənarda dövlətin ayırdığı məkanlarda qalmalı oluruq. Bütün dünyada olduğu kimi, bizdə də həkim, tibb personalının çoxunu qadınlar təşkil edir və onların çoxu bir ailənin qadını, uşaqlarının anasıdır. Mənim bir qızım var, onun hər dəfə telefonda “nə vaxt evə gələcəksən” sualını verməməsi üçün fikrini yayındırmağa çalışıram. Həkimlərimiz psixoloji cəhətdən də yükələniblər. Ümid edirik ki, tezliklə bu bəla bitər, hərtərəfli insanlar bu zülmdən azad olarlar. Arzumuz budur ki, yenidən doğmalarımızı qeyd-şərtsiz doyunca qucaqlayıb bağrımıza basaq. Yaşlı valideynlərimizi “birdən daşıyıcı olub yoluxduraram” demədən ürəkdən ziyarət edək.

 

- Covid-19 xəstələri ilə bağlı nə demək olar, belə xəstələrlə işləmək çətindirmi?

 

- Belə xəstələrin çoxunun həm Covid-19-a, həm də səhiyyəyə inamsızlığı var. İnanırsız ki, bizim ən böyük çətinliyimiz də elə bunda olur. Çox suallar verir pasiyentlər, özlərini yersiz darıxdırırlar. Bəzən həddindən artıq kaprizli, aqressiv olurlar, müalicəni qəbul etmək istəməyənlər də olur. Bəzən bir neçə həkim növbəli şəkildə xəstə ilə söhbət edib ona vəziyyətini başa salır. Çoxu xəstə olduğuna inanmır, hər şeyi böyütdüyümüzü düşünür, xəstəliyin gedişatını anlamır. Hətta, bir neçə dəfə xəstəxanadan qaçmaq istəyənlər olub. Bəzən çarəsiz qalanda, karantini pozmaq istəyənlərə görə hüquq-mühafizə orqanlarına müraciət etməli oluruq. Xəstələri də anlamaq olur, haradasa. İki, bəzən də üç həftədən çox müddətdə bir otaqda qalmaq, təcrid olunmaq çətindir. Başqa vaxt xəstəxanada yatanda adamın gözü qapıda qalır, ziyarətə gələnlərin olur, baş qarışır. Burada vəziyyət tam başqadır. Onlar, hətta bizi geyimimizə görə, doğru-düzgün tanımırlar. Mühit insanda istər-istəməz stress yarada bilir. Buna görə psixoloq dəstəyi alan xəstələr də var.

 

- Covid-19-a yoluxmuş insanlar arasında da fəqli vəziyyət yaranır. Xəstəliyi yüngül keçirmək üçün nə gərəkdir?

 

- Bunu artıq çoxumuz bilirik ki, yaş, xroniki xəstəlik, fərdi orqanizm virusa yoluxma və xəstəlikdən sonra müalicəyə təsir edir. İndi statistikaya baxada sağalan xəstələr çoxalır. Sosial izolyasiya bəhrəsini verir. Agır xəstələr də var. Düzü, ilk vaxtlar ağır xəstələri görəndə, süni tənəffüs aparatına qoşulan insanları görəndə, özümü saxlamayıb ağlayırdım. Bu, dəhşətdir, qarşında insan boğulur, sən heç nə edə bilmirsən. Bu, dənizdəki boğulma kimi bir vəziyyətdir, orada boğulana uzaq ola bilərsən, bu, sənin təsəllin olar. Amma tam yaxınında olan insanın boğulmasının qarşısını yalnız cansız aparatla ala bilmək olur, o da çox halda mümkün olmaya bilər. Məncə, insanlar bu məqamı təsəvvür etməlidirlər, çünki bu virusun oyun, yalan olduğunu deyənlər hələ də var.

 

- Sağalan xəstələrə hansı tövsiyələr verilir, sonrakı həyatında onlar “virus daşıyıcısı” damğasını ala bilərlərmi?

 

- Bu, ən vacib məsələdir. Sağalanlara tək məsləhətimiz özünü qorumasıdır, ilk vaxtlar evdə bacardığı qədər, 10 gündən çox olmaqla karantində qalmalıdırlar. Ətrafla kontaktı bir müddət kəsməlidirlər. Onun özünün təkrar yoluxma riski var, bunun nə qədər ola biləcəyi nəzəri cəhətdən deyilmir. Hər halda tədbirli olmalıdırlar. Çünki müalicə müddətində xeyli dərmanlardan istifadə olunur, immun sisteminin tam bərpası, yaxşı qidalanması lap vacibdir.

 

- Doktor, virusun varlığına inanmayan insanlara nə deyərdiniz?

 

- Bu barədə çoxlu sosial videolar var, yenə təkrarlamaq istəyirəm. Sağlam qalmağı birinci özünüz, sonra bizim üçün etməlisiz. Covid-19 elə bir virusdur ki, sizi hava almaqdan məhrum edə bilər, həyatla vidalaşmağa qədər olan təhlükəsi var. Sadəcə karantin tədbirlərinə əməl etməklə bu bəladan qurtula bilərik. Evində qalmaqdan bezənlər, bilin ki, biz həkimlər evimizə getmək, öz ailəmizlə qalmaq üçün nələr verməzdik. Deyə bilərlər ki, heç kəsi məcbur etmirlər işləməyə. Doğrudur, amma biz peşəmizin arxasında durmasaq, biz də evdə qalsaq, vəziyyətin pisləşməsini düşünmək belə, istəmirəm. Sadəcə düşünək, doğmalarımız üçün öz kaprizlərimizi dəf edək, vəssalam.

Müəllif: Raminə Eyvazqızı