“Kommunal xidmət sektoru özəl şirkətlərə icarəyə verilməlidir” – <font color=red> DEPUTAT</font>

Cəmiyyət

27.07.2021 - 17:10

Rüfət Quliyev: “Dövlət qurumları xahiş edir ki, “tarifləri qaldırın, dotasiyadan imtina edəcəyik”, amma yenə də dotasiya alırlar”

 

Rəşad Həsənov: “Qiymət artımları inhisarçılıq olan sahələrdə daha sərt şəkildə özünü göstərir”

 

Pandemiya ölkə iqtisadiyyatına ağır zərər vurmaqla yanaşı, əksər sahələrdə qiymət artımı da davam edir. Kommunal xidmətlərdə tariflər bahalaşdıqca, hər sahədə qiymət artımını hiss etmək olur. Bahalaşmanın qarşısını almaq üçün isə hansısa tədbir görüldüyü müşahidə edilmir.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev AYNA-ya dediyinə görə, Tarif Şurasının qərarları deputatlar təsdiq olunmadığı kimi, ona müdaxilə də edilmir: “İkincisi isə qiymətlərin iki dəfə qaldırılmasını dövlət qurumları Tarif Şurasından xahiş edir. Dövlət qurumları dövlətdən dotasiya aldığını və bundan sonra dotasiyadan imtina edəcəklərini deyərək, qiymətlərin qaldırılmasını istəyirlər. Onlar öz işlərini quracaqlarını və heç bir dotasiyaya müraciət etməyəcəklərini bildirirlər”.

Rüfət Quliyev: Ukraynada prezident seçkilərində seçici fəallığı müşahidə  olunur - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

O, ilin sonunda dövlət qurumlarının Milli Məclisə hesabat verəcəyini söyləyib: “O zaman bütün millət vəkilləri buna nəzarət edəcək ki, görək, həqiqətənmi bunların büdcədən dotasiya almağa artıq ehtiyacları yoxdur. Mən düşünürəm ki, onların dotasiya almağa ehtiyacları olacaq. Dotasiyalara ehtiyac olmasın deyə, onlar işlərini əvvəlcədən elə qurmalı idilər ki, gərək hər dəfə qiymət artımına əl atmayayadılar”.

 

Quliyevin kommunal xidmətlərlə bağlı təklifləri də var: “Mən bu barədə çoxdan demişəm ki, kommunal xidmətlərin işini dövlət strukturlarından alıb kommersiya strukturlarına icarəyə vermək lazımdır. Bu, tender yolu ilə həyata keçirilməlidir. Kommersiya strukturlarına demək lazımdır ki, kommunal xidmətləri onlar həyata keçirsinlər, pulları yığsınlar, dövlət strukturlarına özləri hesabat versinlər və şirkəti özləri saxlasınlar. Hökmən deyil ki, həmin strukturlar özəlləşdirilsin. 25-50 illik icarə yolu ilə bu işləri yoluna qoymaq olar. Bir çox Avropa ölkələrində, bir sıra Asiya ölkələrində bu cür qayda tətbiq edilir. Bununla da xidmət keyfiyyətli formada, səmərəli şəkildə həyata keçirilə bilər. Təəssüf ki, ölkəmizdə bu yöndə addımlar atılmır. Bu da böyük problemlərə gətirib çıxarır”.

 

İqtisadçı ekspert Rəşad Həsənov isə AYNA-ya şərhində kommunal xidmətlərin birbaşa və ya dolayı yolla istehsal, təklif olunan mal və xidmətlərin maya dəyərində öz əksini tapdığını xatırladıb: “Son nəticədə qiymətlərin bu səbəbdən artması başa düşüləndir. Təbii ki, bazarda qiymətin formalaşmasına bir çox faktorlar təsir edir. Və maya dəyərinin bahalaşması faktorlardan yalnız biridir. Əhalinin alıcılıq gücü, eyni zamanda bazarın strukturu, bazarın inhisarlaşma səviyyəsi və yaxud rəqabətli olması qiymət artımına təsir göstərir”.

Rəşad Həsənov: “Yeni qaz yatağı müəyyən imkanlar formalaşdırır”

“Əgər ayrı-ayrı mal və xidmətlər üzrə təhlillər aparsaq, görərik ki, müvafiq səbəbdən (kommunal xidmətlərin bahalaşması) qiymət artımları inhisarçılıq olan sahələrdə daha sərt şəkildə özünü göstərir. Hətta maya dəyərinin artma səviyyəsindən daha yüksək olur. İstehsal qiymətləri indeksləri ilə müqayisədə istehlak qiymətləri indeksində daha sərt artımlar var. Amma rəqabətli olan sahələrdə bu vəziyyət nisbətən fərqlidir. Çünki burada rəqabət var, şirkətlər bazar paylarını qorumağa çalışır, pandemiya səbəbindən istehlakçının alıcılıq gücü aşağı düşüb və mümkün qədər çalışırlar ki, bazarda daha optimal qiymətlər təklif etsinlər, öz mövqelərini qorusunlar. Bu sahələrdə isə qiymət artımları daha aşağıdır”, - deyə müsahibimiz vurğulayıb.

 

Onun sözlərinə görə, vəziyyət zərurilik növlərinə görə də dəyişə bilər: “Gündəlik tələbat mallarında qiymət artımları daha rahat şəkildə həyata keçirilə bilir. Çünki vətəndaşlar bunu istehlak etmək məcburiyyətindədirlər. Və qiymət bahalaşsa da, bunu istehlak edirlər. Burada bazarın kiçilməsi səviyyəsi qiymət artımında çox aşağıdır. Amma lüks kateqoriyalı məhsulların qiymətini müvafiq səviyyədə artırmaq mümkün deyil və ya az tələb olunan məhsulların qiymətlərini artırmaq olmur”.

 

Həsənov Azərbaycan bazarında inhisarçılığın çox geniş yayıldığına diqqət çəkib: “İdxal inflyasiyası və kommunal xidmətlərin bahalaşması səbəbindən bazarda qiymət artımları üçün daha əlverişli şərait var. Hökumət bazarın mümkün qədər liberallaşdırılması, əlində olan iqtisadi alətlərdən (rüsum, vergi siyasəti alətləri, təşviq mexanizmləri) daha səmərəli istifadə etməklə, bazar oyunçularının sayını artırmaqla, bazarda rəqabət mühitini dərinləşdirməklə mümkün qədər müvafiq istiqamətlərdən formalaşmış qiymət artımı, inflyasiya təzyiqlərini neytrallaşdırmağa çalışmalıdır və bunun üçün imkanları da var. Təəssüf ki, əksər hallarda bunu müşahidə etmirik. Mümkün qədər bu gün istifadə olunan yeganə, gözlə görünə bilən alət manatın məzənnəsidir ki, onu sabit saxlamaqla hökumət idxal inflyasiyasının qarşısını az da olsa, ala bilir”.

Müəllif: Ülviyyə Şahin