Kənddən şəhərə “od qiymətinə” – Amma səbəbsiz deyil

Cəmiyyət

25.04.2022 - 17:20

Ekspert: “Fermerlərin maliyyə xərcləri çoxdur, istixanaların istiliklə təminatı və gübrə baha başa gəlir, bazara çıxışda problemlər var”

Hazırda pomidorun mövsümü olmasa da, iştahını artırmaq istəyənlərin yeməyinin yanında onu görmək heç də təəccüblü deyil. Təəccüblü olan odur ki, gəlirləri çox da yüksək olmayan əhalinin cibi üçün pomidorun qiyməti “əl yandırır”. Hazırda bir kiloqram pomidorun qiyməti 3 manat 50 qəpikdən başlayır və ləzzətinə, keyfiyətinə görə qiymət artmaqda davam edir.

Düzdür, hər məhsul öz mövsümündə - təbii üsulla yetişdirilmiş halda yeyilsə, daha yaxşıdır, amma məhsulun ölkə daxilində istehsal imkanlarının olmasına baxmayaraq, qiymətin baha olması istehlakçıları narazı salır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı da bu gün pomidorun orta statistik azərbaycanlının cibinə görə baha olduğunu deyib. Bahalığın səbəblərinə qaldıqda isə müsahibimiz bunun bir neçə amildən qaynaqlandığını bildirib:

- Bunun bir çox səbəbləri var. İndiyə qədər bizim bazarlara çıxarılan pomidorlar istixana pomidoru olub. İstixanalarda pomidor yetişdirmə ənənəsi sovet dövründə də olub, indi də var. Lakin fermerlərin maliyyə xərcləri çoxdur. İstixanaların istiliklə təminatı və gübrə baha başa gəlir. Digər səbəb də fermerlərin bazara çıxışlarında problemin olmasıdır. Eyni zamanda fermerlərin əldə etdikləri kreditlərin faizi yüksək, müddəti azdır.

- İnsanlar düşünürlər ki, ixrac olunan məhsul ölkə daxilində ucuz qiymətə yerli əhaliyə təklif oluna bilər. Axı bu halda digər xərclərdən azad olur. Bəs niyə əksini müşahidə edirik?

- Görünür ki, bizim fermerlərin bir qismi öz məhsullarını ixraca yönəldib. Daxili bazarda satmaq üçün isə ya baha qiymətə satmalıdırlar, ya da ixracata göndərib müəyyən gəlir əldə etməlidirlər. Fermerləri qınamaq lazım deyil. Bazarımızın özündə də nizamlanmaya ehtiyac var. Yerli istehsalçıların rəqabətdə qorunmasına kömək olmaq lazımdır. Xaricdən gələn məhsullar ucuz satıldığı halda, yerli fermerlərimiz rəqabətə tab gətirmirlər və məhsul istehsalını dayandırıb başqa istiqamətə keçirlər. Elə etməliyik ki, daxili bazarımız fermerlər üçün qorunsun. Bunu nizamlamaq lazımdır.

- Fermerlərin problemlərinin həlli yolu nədir?

- Bütövlükdə kənd təsərrütanın inkişafına baxış kökündən dəyişməlidir. İslahatlar sürətləndirilməlidir. Fermerlərimizə uzunmüddətli, az faizli kreditlər verilməldir. Bununla yanaşı digər təşviqlər də olmalıdır. Əlbəttə ki, hazırda da müəyyən təşviqlər var, amma onları artırmaq, fermerlərin problemlərini yerində öyrənməyə, eyni zamanda fermerlərin maarifləndirilməsinə ehtiyac var. Kənd təsərrüfatında əsas problemlərdən biri də intensiv metodlara keçidin çox ləng getməsidir. Məhsuldarlığın artırılmasına ehtiyac var. Bunun üçün də fermerlərin zəruri məhsullarla təminatı lazımdır. Ölkəmizdə kənd təsərrüfatı üzrə müasir bilgilərə sahib mütəxəssislərin sayı da azdır. Fermerlərin böyük şəhərlərdə bazarlara girişində də müəyyən problemlər var ki, onlar da aradan qaldırılmalıdır. İslahatlar sürətləndirilməli, həm də kənd təsərrüfatında kreditlərin verilməsində şəffaflığın gözlənilməsi kimi məsələlər həll edilərsə, vətəndaşımız cibinə uyğun məhsul ala bilər. Həmçinin də fermerlərimizin məhsullarını ixrac etməsi üçün imkanları genişlənirməliyik. Daha çox bazara çıxmasını təmin etməliyik. Bir-iki bazardan asılı olmaq düzgün deyil.

- Kənd təsərrüfatı məhsulları ilə ölkədaxili tələbatın ödənilməsi üçün imkanlarımız nə qədərdir?

- Vətəndaşlarımızı istər pomidor, istərsə də digər kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün hər cür imkanımız var. Ancaq bu işlərdə sistemsizlik hökm sürür. Həm daxili bazar, həm də ixracat üçün potensialımız böyükdür. Lakin istər elmi metodların tətbiqi, istərsə də bürokratik əngəllər buna mane olur. Bunları aradan qaldırmaq lazımdır. Buna nail olmağımız qida təhülkəsizliyi baxımdan da önəmlidir. Bu halda xalqın kənd təsərrüfatı məhsullarına olan tələbatının ən azı 80 faizini qarşılaya bilərik.

- Bir çox məhsulların qiymətində günü-gündən bahalaşma müşahidə edilir. Sizcə, yay aylarına doğru kənd təsərrüfatı məhsullarının da qiymətində bu müşahidə ediləcəkmi?

- Yaxın bir ay ərzində soğan, kartof kimi məhsulların qiymətində ucuzlaşma olacağını gözləyirəm. Lakin ixracat üçün geniş imkanları olan məhsulların, eləcə də pomidorun qiymətində bahalaşma olacağını deyə bilərəm.

Müəllif: Aləmdə Nəsib