Yaylım atəşi açılandan sonra şəhid torpağa tapşırılıb
Kəlbəcərdə şəhid olan hərbi qulluqçu dəfn edilib. AYNA-nın “Report”a istinadən məlumatına görə, şəhid baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yerli icra və hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yaylım atəşi açılandan sonra şəhid torpağa tapşırılıb.
Xatırladaq ki, baş leytenant Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə H. Əliyev adına Ali Hərbi məktəbdə təhsil alıb. Rabitəçi ixtisasına yiyələnib.
Yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Davam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi ötən gün tapılıb.