“Kanal 13”ün rəhbərinə xəbərdarlıq olunub

Xəbərlər

23.09.2022 - 16:16

Əziz Orucova xəbərdarlıqdan sonra informasiyalar kanaldan götürülüb

“Kanal 13” “YouTube” kanalının təsisçisi, jurnalist Əziz Orucova xəbərdarlıq olunub. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” haqqında Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq “Kanal 13” adlı “YouTube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub. Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.

Müəllif: Ayna.az