İsveç Ukraynaya 1,26 milyard dollar ayıracaq

Dünya

29.05.2024 - 15:27

Həkimlər Klinikalar SEO Xidməti

Yardım paketinə Ukraynanın prioritetləri siyahısında yüksək yer tutan avadanlıqlar daxildir

İsveç hökuməti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 13,3 milyard krondan (1,26 milyard dollar) çox vəsaitin ayrılması barədə razılığa gəlib.

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini, energetika, biznes və sənaye naziri Ebba Buş mətbuat konfransında bildirib.

Yardım paketinə Ukraynanın prioritetləri siyahısında yüksək yer tutan avadanlıqlar daxildir. Söhbət iki ASC 890 kəşfiyyat təyyarəsi, artilleriya sursatları və zirehli texnika ilə hava hücumundan müdafiəni gücləndirməkdən gedir.

Yeni hərbi yardım paketi son iki ildə 16-cı olacaq. İsveç hökuməti bu yaxınlarda Ukraynaya 2024-cü ildən 2026-cı ilə qədər olan dövr üçün 75 milyard kron (7,09 milyard dollar) məbləğində uzunmüddətli hərbi dəstək proqramını təqdim edib. Krallıq artıq Kiyevə humanitar, maliyyə və hərbi yardım şəklində 50 milyard kron (4,73 milyard dollar) ayırıb.

Müxalifət hökumətdən təcili olaraq Ukraynaya İsveçin “Jas Gripen” qırıcılarını göndərməyi tələb edir. Prinsipcə, Nazirlər Kabineti belə bir ehtimalı istisna etmir, lakin çərşənbə axşamı müdafiə naziri Pol Conson bildirib ki, digər Aİ ölkələri İsveçdən hələlik “Gripen” tədarük etməkdən çəkinməyi xahiş ediblər. Çünki hazırda bütün diqqət Ukraynanı Amerika F-16-ları ilə təmin etməyə yönəlib.

Müəllif: Ayna.az