İrəvan və Ankara sülhə doğru: miflər məhv edilsə, xalqlar arasındakı “buzlar əriyər”

Siyasət

20.01.2022 - 10:23

Konstantin Tasits: “Hələlik İrəvan ehtiyatlı davranır və kiçik addımlarla irəliləyir, ilkin şərt olmadan nizamlanmaya çalışır”

Yevgeni Mixaylov: “Ermənistan hökuməti “soyqırımı” mövzusunu lobbiçilik etməkdən imtina edərsə, erməni cəmiyyətində iğtişaşlar gözləmək olar”

Yəqin ki, hər kəs yanvarın 14-də Moskvada Ermənistan və Türkiyənin Ermənistan - Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrinin - Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan və türk diplomatı Serdar Kılıç arasında ilk görüşünün keçirilməsinə müsbət münasibət bildirə bilib.

Ermənistan XİN-in məlumatına görə, konstruktiv şəraitdə keçən ilk görüşdə xüsusi nümayəndələr Ermənistan - Türkiyə dialoqu vasitəsilə nizamlanma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparıblar. Tərəflər ilkin şərt olmadan tam nizamlanmaya yönəlmiş danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Türkiyə Xarici İşlər Nazirliyi də bəyanat yayıb və orada deyilir: “Müsbət və konstruktiv atmosferdə keçən ilk görüşdə xüsusi nümayəndələr Türkiyə - Ermənistan dialoqu yolu ilə nizamlanma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparıblar. Tərəflər tam razılığa gəlmək üçün ilkin şərt olmadan danışıqları davam etdirməyə razılaşıblar”.

İki ölkənin xarici işlər nazirliklərinin yaydığı bəyanatlardan da göründüyü kimi, onların məzmunu eynidir. Və xüsusilə diqqət çəkən odur ki, hər iki hesabatda Ermənistan - Türkiyə münasibətlərinin tam normallaşması prosesinin dialoqun ilkin şərt olmadan davam etdirilməsi prinsipinə əsaslandığı açıq-aydın göstərilir.

Xatırladaq ki, münasibətləri normallaşdırmağa başlamaq üçün bütün əvvəlki cəhdlərdə tərəflər məhz bu prinsipə nail ola bilməmişdilər. İrəvan mütəmadi olaraq müasir Türkiyənin “1915-ci ildə erməni soyqırımı”nı rəsmən tanıması və onun nəticələrinin aradan qaldırılması, xüsusən də onun qurbanlarının övladlarına maddi təzminat ödənilməsi məsuliyyətini öz üzərinə götürməsi tələbləri irəli sürürdü. Ankara isə öz növbəsində Ermənistandan Ermənistan Respublikasının rəsmi sənədlərində əksini tapan Türkiyənin şərq rayonlarına olan ərazi iddialarından əl çəkməyi, həmçinin işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarmağı tələb edirdi.

Bu günə qədər bütün bu ilkin şərtlərdən yalnız sonuncu bənd yerinə yetirilib, hətta o da qismən. Buna baxmayaraq, məhz bu fakt normallaşma prosesinin başlanmasına təkan oldu. Tərəflərin ən bariz gözləntiləri diplomatik münasibətlərin qurulması və Ermənistan-Türkiyə sərhədinin açılmasıdır.

Əslində, iki ölkə rəhbərliyinin eyni mesajları yayması danışıqların ilkin şərt olmadan davam etdirilməsi üçün qarşılıqlı anlaşmanın mövcudluğundan xəbər verir ki, bu da gələcəkdə konstruktiv müzakirələr üçün müsbət başlanğıcdır.

Bütün sual ondan ibarətdir ki, Ermənistan cəmiyyəti və böyük xarici diaspor Nikol Paşinyan hakimiyyətinə bu yolda uğur qazanmağa imkan verəcəkmi? Axı onların bir çoxu üçün “soyqırım” mövzusu sadəcə olaraq idéfiksdir, onlar bunsuz Ermənistanın nə keçmişini, nə də gələcəyini təsəvvür edə bilmirlər. Sadəcə olaraq, başlanmış dialoqu məhv edəcək bu məsələni əhatə edən etiraz dalğası mümkündürmü?

Xarici ekspertlər mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırıblar:

Konstantin Tasits, Cənubi Qafqaz üzrə rusiyalı ekspert:

- Ermənistan cəmiyyətində Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı konsensus yoxdur. Hazırkı hakimiyyətin kursunu dəstəkləyən bəzi Ermənistan vətəndaşları hesab edirlər ki, tarixi düşmənçiliyin aradan qaldırılması və Ankara ilə diplomatik münasibətlərin bərpası regionda sülhü təmin edəcək, İrəvan üçün yeni iqtisadi imkanlar açacaq, ilk növbədə, uzunmüddətli nəqliyyat blokadasını aradan qaldıracaq.

Bununla yanaşı, cəmiyyətin müxalifətdə və diasporda xüsusilə güclü təmsil olunan başqa bir hissəsinin fikrincə, indiki şəraitdə Türkiyə ilə əlaqələrin intensivləşməsi onun təsir imkanlarının kəskin şəkildə artması və Ermənistanın milli təhlükəsizliyinə yeni çağırışlar təhlükəsi yaradır.

Paşinyan hökuməti Ermənistan cəmiyyəti üçün ağrılı məsələlərdə əsassız güzəştlərə getsə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına etirazlar mümkündür. Lakin hələlik İrəvan ehtiyatlı davranır və kiçik addımlarla irəliləyir, ilkin şərt olmadan nizamlanmaya çalışır.

Yevgeni Mixaylov, beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, politoloq:

- Əvvəla qeyd etmək istərdim ki, Rusiyanın paytaxtı Moskva digər dövlətlərin nümayəndələrin belə mühüm bəyanatları üçün platformaya çevrilib ki, bu da ölkəmin rəhbərliyinin və diplomatlarının genişmiqyaslı işindən xəbər verir. Məhz Rusiyanın sülhməramlı potensialı əvvəllər barışmaz düşmənlərin - Türkiyə və Ermənistanın nümayəndələrinin görüşünü təşkil etməyə imkan verdi və bu görüşdə gələcək barışıq üçün aydın vektor qoyuldu.

Razıyam ki, Ermənistan tam olmasa da, amma Azərbaycanla razılaşmanın bir bəndini yerinə yetirdi -  Azərbaycandan qoşunları çıxartdı ki, bu da əsasən müharibədə məğlubiyyətin nəticəsidir. Ona görə də, onu saya almamaq olar və məncə, hələlik Türkiyə və Ermənistan arasında ikitərəfli niyyət bəyanatına aldanmamaq lazımdır. İrəvanın əvvəlcə bir addım irəli, sonra isə iki addım geri atdığı başqa vəziyyətlərdə biz bunu artıq dəfələrlə keçirmişik.

Amma indi vəziyyət tamam başqadır. Addımları ilə özünü küncə sıxan Ermənistanın dövlət olaraq, varlığı təhlükədədir. Və belə olan halda, məncə, Moskva da “erməni soyqırımı”nın Türkiyə tərəfindən tanınması baxımından erməni təfəkkürünün vektorunun köklü dəyişməsinə öz töhfəsini verəcək. Bu bir əsrlik fetiş həqiqətən də Türkiyə ilə Ermənistan arasında münasibətlərə mane olan təməl daşıdır və burada tədricən hərəkət etmək lazımdır.

Ermənilər ilk növbədə xüsusi komissiya yaratmalıdırlar ki, bu komissiya şayiələr əsasında deyil, Türkiyə arxivlərində indiyədək öyrənilməsindən imtina edilən sənədlər əsasında ictimai rəyi yenidən formalaşdıra bilsin. Nədənsə mən əminəm ki, o dövrlə bağlı əsl həqiqət millətinə qarşı guya “soyqırımı” törədildiyinə əmin olan ermənilər üçün çox acı olacaq. Mən sərt tənqidə səbəb olmaq istəmirəm, amma “soyqırımı” mövzusu Holokostun tanınmasından sonra, yəhudilər Almaniyadan həmvətənlərinə qarşı Üçüncü Reyxin etdiklərinə görə maddi kompensasiya almağa başlayandan sonra fəal şəkildə şişirdilməyə başladı. Amma bu halda yəhudi xalqının qəsdən məhv edilməsi planları nasistlərin rəsmi şüarı idi. Və bütün vəhşiliklər sübuta yetirilirdi. 20-ci əsrin əvvəllərində Türkiyə - Ermənistan münasibətlərində isə çoxlu miflər var. Əvvəlcə 50 min erməni “öldü”, sonra “yüz min”, nəticədə bir milyon yarımdan artıq insanın “öldürülməsi” iddia edildi. Bu fantastik rəqəmlər haradan götürülür? Açığı, kimlərinsə qarşısına qoyduğu məqsədlərə çatmaq üçün tarixi saxtalaşdırırlar. İyirminci əsr imperiyaların süqutu əsri, qarşılıqlı xəyanət əsri idi və mən eyni erməni  olsaydım, bir çox xalqlar üçün faciəli keçmişin xatırlanmalı, lakin üzərində fərziyyələr edilməməli olduğunu sadəcə olaraq qəbul edərdim. Üstəlik, baş verənlərdən nəticə çıxarmaq lazımdır ki, başqa faciələr olmasın.

Əhalisi yalnız qadın, uşaq və qocalardan ibarət olan türk kənd və şəhərlərinə girərək onları kökündən məhv edən erməni daşnaklarından da türklərin çox şikayətləri var. Məgər bu vəhşilik deyilmi? Şübhəsiz ki, Ermənistan hökuməti “soyqırımı” mövzusunu lobbiçilik etməkdən imtina edərsə, erməni cəmiyyətində iğtişaşlar gözləmək olar. Amma qəsdən formalaşmış xalq yaddaşı üçün çox ağrılı olsa da, miflərin tədricən məhv edilməsi, şübhəsiz ki, xalqlar arasında “buzları əridə” bilər. Lakin bu, o zaman baş verəcək ki, İrəvan siyasətçiləri bunu rəsmi arqumentlərlə əsaslandıraraq, “soyqırımı” mövzusuna son qoymaq qərarına gəlsinlər.

Müəllif: Rauf Orucov