İranın əli Amerikayadək uzanır? – Obalı cinayətinin izi ilə

Aktual

25.05.2023 - 14:15

Güneyli fəal: “Obalılara qarşı hücum güneylilərin gözünü qorxutmaq cəhdidir”

Siyasi şərhçi: “İran rejimi çoxlu sayda sui-qəsdlərə və terrora dəstək verib”

Xəbər verildiyi kimi, “Günaz.tv”-nin yaradıcısı və rəhbəri, güneyli mühacir Əhməd Obalı və oğlu Dəniz Obalı mayın 17-də ABŞ-ın Kaliforniya ştatında bir qrup cinayətkarın hücumuna məruz qalıb. Məlumata görə, Əhməd Obalı və oğlu baş-boyun nahiyəsindən əməliyyat olunub, vəziyyətləri orta-ağırdır.

Güneyli milli fəalın oğlu Dənizin vəziyyətinin daha ağır olduğu bildirilir. Həm ata, həm də oğul Obalıların əl və ayaqlarını hiss etmədikləri, Ə.Obalının ciyərlərindən aldığı ağır zərbələrə görə həkimlərin onun danışmasına hələlik icazə vermədiyi, hər iki yaralanının otağına heç kimin buraxılmadığı gələn xəbərlər arasındadır.

ABŞ-da yaşayan siyasi şərhçi Zaur Bayramlının sözlərinə görə, Əhməd Obalı və oğlu Dəniz Kaliforniya ştatında təhlükəsizlik baxımından adını yazmadığı bir şəhərin xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur: “Əhməd bəyin həyat yoldaşı Nahidə xanımla danışdım. Hər ikisinin həyati təhlükəni adladığını, amma durumlarının ağır olaraq qaldığını söylədi. Bir neçə saniyəlik də olsa kameradan mənə Əhməd bəyi göstərdi. Hadisənin səbəbi ilə bağlı ABŞ polisinin məlumat yaymamaqla bağlı ona xəbərdarlıq etdiyini dedi. Çünki yayılan məlumatlar istintaqın gedişinə mane ola bilər”.

Bu arada Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının fəalı Mahmudəli Çöhrəqanlının adından Əhməd Obalının və oğlunun şəxsi münaqişə zəminində hücuma məruz qaldığı barədə informasiyalar yayılıb. Sonradan mətbuata açıqlama verən Çöhrəqanlı belə bir fikir işlətmədiyini deyərək, onun adından yayılan məlumatların əsassız olduğunu diqqətə çatdırıb.

Siyasi müşahidəçilər baş verən hadisənin arxasında İran kəşfiyyatının dayandığını ehtimal edirlər. Bu cür düşünənlərin fikrincə, İran bununla müxalif səsləri boğmağa, xaricdə yaşayan siyasi mühacirlərin gözlərini qorxutmağa və özünə yönəlik təhlükələri önləməyə çalışır.

Güneyli yazar və siyasi fəal Eldar Qaradağlı AYNA-ya açıqlamasında İran rejiminin sona doğru irəlilədiyini və səbəbdən azğınlaşdığını deyib: “Obalılara qarşı hücum hücum İran kəşfiyyat orqanlarının Güney Azərbaycan Milli Oyanış Hərəkatına qarşı növbəti terror cəhdidir. Molla rejimi hər zaman oxşar texnologiyadan istifadə edib. Görürlər ki, dünyadan təcrid olunublar. İranda kütləvi etirazlar səngimir. Əhali molla rejiminin zülmünə dözmək istəmir. Güneyli soydaşlarımız da fəaldır və öz haqlarını tələb edirlər. Bundan təşviş keçirirlər və güneylilərin gözünü qorxutmağa çalışırlar”.

“Əhməd Obalı və oğlu Dənizə qarşı törədilən cinayət də bunun bariz nümunəsidir. Lakin unudurlar ki, proses başlayıb və geriyə yol yoxdur. Bu cür təxtibatçı və terrorçu fəaliyyəti molla rejimini xilas etməyəcək”, - deyə həmsöhbətimiz bildirib.

İran rejiminin serial terrorlar və qətllər törətdiyini diqqətə çatdıran siyasi fəal hesab edir ki, bütün bunlar vahid mərkəzdən idarə olunur: “Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu oldu. Səfirliyin əməkdaşını qətlə yetirdilər, digər əməkdaşları yaraladılar. Cinayətkarları, sifarişçiləri tapıb cəzalandırmaq əvəzinə, cinayətin məişət səviyyəsində baş verdiyini bəyan etdilər. Niyə gizlədirlər? Çünki sifarişi verən də özləridir”.

“Bakıda Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terrorun davamı bu dəfə ABŞ-da Əhməd Obalıya və oğluna qarşı yönəldi. Amerikada təşkil edilən terror aktı bu rejimin varlığının sonu çatdığının göstəricisidir. Rejim bu boş aktlarıyla Azərbaycan Milli Hərəkatının milli dövlətçilik iradəsinə qorxu sala bilməyəcək. Bu kimi təxribatçı və terror hərəkətləri bizi yolumuzdan çəkindirməyəcək”, - deyə Qaradağlı vurğulayıb.

Siyasi şərhçi Yeganə Hacıyeva da Əhməd Obalının və oğlunun hücuma məruz qalmasının arxasında İranın barmağı olduğu qənaətindədir. O, AYNA-ya şərhində Tehran rejiminin çoxlu sayda serial sui-qəsdlər və terrora dəstək verdiyini söyləyib.

“Dünyada bunu bilməyən yoxdur. Özü də bu fəaliyyətini müxtəlif ölkələrin ərazisində təşkil edib. Ya birbaşa iştirak edib, ya da dolayı yolla. Tarixi mənbələrə istinad etsək, görərik ki, İran rejiminə qarşı müxalif mövqedə dayanan 21 siyasi fəal bu ölkənin kəşfiyyatı tərəfindən qətlə yetirilib. Müxalifət liderlərindən olan Şapur Bəxtiyarı da Fransada qətlə yetiriblər. Berlində dörd iranlı dissident öldürülüb. Bu qətllərlə əlaqədar olaraq 4 SEPAH agenti həbs edilib və mühakimə olunub. Əhməd və Dəniz Obalılara qarşı olan cinayət də bunun bənzəridir. Bu tip cinayətlərdə İran kəşfiyyatının təcrübəli olduğu kimsəyə sirr deyil”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Politoloq hadisə ilə bağlı Mahmudəli Çöhrəqanlının mövqeyini tənqid edib: “Onun tərəfindən hadisənin məişət səviyyəsinə endirilməsi gözləniləndir. O, anti-Azərbaycan təbliğatı təşkil edir və mövqeyi İran xüsusi xidmət orqanlarının mövqeyi ilə eynilik təşkil edirdi”.

“Bundan Çöhrəqanlının barəsində maraqlanmağa başladım. Məlum oldu ki, adam İranda Universitetdə ideoloji iş üzrə təhkim olunubmuş. Təsəvvür edirsinizmi, milli düşnücəli kimisə İranda ideoloji işə təhkim edirlər. Təbii ki, bu, mümkün deyil. Bütün bunları nəzərə alsaq, onun açıqlamasında qeyri-adi və təəccüblü bir şey görmürəm. Adam bu günə qədər necə davranırdısa, elə də danışmaqda davam edir”, - deyə Hacıyeva fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev