"/>

İki qurumun birləşdirilməsi təklifi fikirləri parçalayır: <font color=red> "Hökumət idarəetməni itirib"</font>

Cəmiyyət

30.08.2019 - 13:00

Həkimlər Klinikalar SEO Xidməti

Vahid Məhərrəmov: “Kənd Təsərrüfatı naziri "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə dil tapa bilər"

 

İqtisadçı-ekspert Rövşən Ağayev "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməsini təklif edib. Ekspert buna səbəb kimi “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin kəndlilərin yaranmış problemini həll etməməsini göstərib.

 

“Meliorasiya qurumu əjdaha kimi büdcə pulunun üzərində oturub. Problemlər isə aşıb-daşır. Bu qurumun kənd təsərrüfatı ilə vahid qurumda birləşməməsinin məntiqini tapmaq çox çətindir. Fermerin ən çox əziyyət çəkdiyi problemlərin önündə meliorasiya gəlir. Amma Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı kəndlidən gələn şikayətlərə cavab vermir, səbəb də bu məsələdə səlahiyyətli olmamasıdır”, - deyə Ağayev bildirib.

Image result for İqtisadçı-ekspert Rövşən Ağayev

Ekspertin səsləndirdiyi bu ittihamlar nə qədər həqiqəti əks etdirir? Həqiqətənmi fermerlərin meliorasiya ilə bağlı ciddi problemləri mövcuddur? Həmçinin “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməsi nə dərəcədə effektiv olar?

 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov AYNA-ya açıqlamasında fermerlərin, həqiqətən meliorasiya ilə bağlı problemlərlə üzləşdiklərini deyib: “Ölkədə kifayət qədər suvarma suyu olduğu halda, 20 ildən çoxdur ki, fermerlərin bununla bağlı ciddi problemləri yaranıb. Sudan səmərəli şəkildə istifadə olunarsa, təxminən, suvarma üçün 3.5-4 milyard kub suya ehtiyac olar. Azərbaycanda isə 32 milyard kub su resursu var. Yəni, əldə olan su tələb olunandan 10 dəfə çoxdur”.

Image result for Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov

O, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməsi məsələsinə də münasibət bildirib: “Meliorasiya ilə bağlı problemlə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti məşğul olmalıdır, ancaq ola bilmir. Bu isə o demək deyil ki, həmin səlahiyyət Kənd Təsərrüfatı Nazirliyinin öhdəsinə verilsə, bu işin öhdəsindən gələ bilərlər. Belə deyil. Çünki Kənd Təsərrüfatı Nazirliyi də öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmir”.

 

V.Məhərrəmov qeyd edib ki, problem idarəetmədədir: “Kənd Təsərrüfatı naziri həm də hökumət nümayəndəsidir. O, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə dil tapa bilər. Baş Nazir, Baş Nazirin müavinləri bu işləri koordinasiya edə bilərlər. Deməli, problem yalnız "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətində deyil, ümumiyyətlə, hökumətin strukturlarının idarəetməsindədir. Hökumət öz işinin öhdəsindən gələ bilmədiyi üçün strukturlar da öz işlərini yerinə yetirmir”.

 

“Bu gün Kənd Təsərrüfatı Nazirliyinin bəzi yerlərdə suvarma sistemi ilə bağlı problemləri qaydasına qoymaq üçün heç bir çətinliyi yoxdur. Yəni bunun üçün hökumətə müraciət edərək su bölgüsü əldə edə və problemi yoluna qoya bilərlər. Bunu özləri istəmir, ancaq istəyirlər ki, büdcədən ayrılan maliyyə resursunu əldə etsinlər. Kənd Təsərrüfatı Nazirliyinə yarınmaq istəyən ekspertlər də birləşdirmə ilə bağlı təkliflə çıxış edirlər”, - deyə müsahibimiz vurğulayıb.

 

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov isə AYNA-ya açıqlamasında səsləndirilən ittihamlarla razılaşmayıb: “Fermerlərin çox problemləri ola bilər. Ancaq bizim qurumun üzərinə düşən vəzifə meliorasiya ilə bağlı problemləri həll etməkdir. Fermerin meliorasiya ilə bağlı problemləri isə adətən ümumi olur. Məsələn, çaylarda suyun azalması, kanalda suyun olmaması və s. Yaxud da fermer maarifləndirilməsinə baxmayaraq, elə yerdə əkin əkir ki, ora, ümumiyyətlə, su gedib çıxmır. Fermer su əlçatan olan yerlərdə əkin əkməlidir, təkrar əkinə getməməlidir”.

Image result for Dilqəm Şərifov

“İş olan yerdə problem də olmalıdır. Bu, təbbi məsələdir. Ancaq elə də ciddi, qlobal problemlər yoxdur. Əgər varsa, fermerlər çıxıb desinlər ki, filan problemimiz var. Fakt olaraq elə bir məsələ mövcud deyil. Sadəcə ümumi problemlər olur. Məsələn, ölkə olaraq suyumuz kənardan gəlir, biz də təbii çaylardan yığılan su hesabına su təminatımızı ödəyə bilirik. Hər hansı bir kanalda suyun olmamasında meliorasiya idarəsi günahkardır və buna görə qurum ləğv edilsin demək mənasız söhbətlərdir. Yağış yağmır deyə suyun olmamasına Meliorasiya və Su Təsərrüfatı” ASC nə edə bilər? Və ya, yağış yağdı, məhsulu yığmaq mümkün olmadı, batdısa, bunda Kənd Təsərrüfatı Nazirliyinin nə günahı?”, - deyə ASC rəsmisi əlavə edib.

 

Dilqəm Şərifov “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməsi ilə bağlı təklifə də münasibət bildirib: “Rövşən Ağayevin təklifi ilə bağlı heç nə deyə bilmərəm. Çünki o, mənimçün ciddi adam deyil. Bu ölkənin rəhbərliyi var, bu qurumları yaradan şəxslər var. Hər hansı şəxs hər hansı komitənin, qurumun ləğvini tələb edə bilməz”.

 

Mövzuya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən münasibət bildirilmək istənilmədi.

Müəllif: Rumiyyə Miraslan