İdarə olunan xaos, yoxsa kütləvi itaətsizlik - Avropanın göbəyində “fırtına”

Dünya

04.07.2023 - 10:19

Fransada nələr baş verir və proses daha dəhşətli ssenari üzrə cərəyan edə bilərmi?

Fransanın Nant şəhərində yeniyetmənin ölümündən sonra başlayan iğtişaşlarla əlaqədar 3 mindən artıq aksiya iştirakçısı saxlanılıb. Rəsmi məlumata görə, iğtişaşları yatırmaq üçün ölkə üzrə 45 mindən çox əlavə polis və jandarm qüvvələri cəlb edilib. İğtişaşlar və qarşıdurmalar zamanı azı 50 polis və jandarm əməkdaşı yaralanıb, 600-dən çox avtomobil və 80-ə yaxın bina yandırılıb.

Küçələrdə və ictimai yerlərdə 900-dən artıq digər yanğın hadisəsi qeydə alınıb. Fransanın 10 şəhərində komendant saatı elan olunub. Bəzi təhsil müəssisələrində tədris dayandırılıb. Buna səbəb isə bəzi universitet və məktəblərin iğtişaşlar səbəbindən yararsız hala düşməsidir. İdialara görə, həmin məktəblərin bərpası illərlə zaman ala bilər. Ən çətin vəziyyət isə Paris, Nant, Amiens, Dijon və Brest şəhərlərində yaranıb.

Fransa Merlər Assosiasiyasının rəhbəri David Lisnar ölkəboyu meriyaların qarşısında mitinqlərin davam edəcəyini bildirib. Nahelə atəş açan 38 yaşlı polis məmuru həbs edilib. O, qəsdən adam öldürmədə ittiham olunub. Fransa Prezidenti Emmanuel Makron qətli “bağışlanmaz” adlandırıb. O, həmçinin “ədalətin qalib gəlməsi üçün” etirazları dayandırmağa çağırıb. Etirazçılar isə nümayişlərin dayanmayacağını, Fransada dərin islahatlar aparılmasını tələb edirlər. Onların tələbinə görə, mövcud hökumət ölkəni idarə edə bilmir və təcili olaraq istefaya getməlidir.

Baş verənləri bağlı qənaətini AYNA ilə bölüşən Azərbaycan Milli Məclisinin üzvü Cavid Osmanov deyib ki, Makron Avropanın göbəyində avtoritar bir sistem qurmaq istəyir: “Bu etirazlar lokal xarakter daşımır. Fransanın demək olar ki, bütün şəhərlərində insanlar ayağa qalxır, hökumətə etiraz edirlər. Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən soyuqqanlı şəkildə qətlə yetirilməsi bir daha göstərdi ki, Fransada bütün insani dəyərlər ayaqlar altına atılır. Yeniyetməni qətlə yetirən polisi həbs etsələr də, onun barəsində cinayət işi açsalar da, ən yüksək səviyyədə Fransa rəhbərliyi bu hadisəni kəskin şəkildə pisləsə də, kütləvi etirazlar dayanmır. Çünki əhali Fransa hökumətinin siyasəti ilə razılaşmır”.

“Bu hadisə sadəcə qığılcım oldu və yəqin ki, kütləvi etirazlar davam edəcək. Mərkəzi şəhərlərdə barrikadalar qurularaq iğtişaşlar baş verir, avtomobillərə od vurulur, polislə toqquşmalar var. Paytaxt Paris də daxil olmaqla bir çox vilayətlərdə artıq iğtişaşlar geniş vüsət almaqdadır”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın fikrincə, baş verənlər etiraz yox, Fransa hökumətinə itaətsizlikdir: “Baş verən hadisə Makronun və komandasının xalqın etimadını tam itirdiyini bütün dünyaya nümayiş etdirdi. Bu kütləvi itaətsizlik artıq Fransanın təxminən hər bir vilayətində baş verir. Digər bir tərəfdən də çox maraqlı məqam ondan ibarətdir ki, Qərb və Avropa institutları baş vermiş hadisəyə susqunluqla yanaşır. Bütün bunlar əminliklə deməyə əsas yaradır ki, Makron və komandası sona doğru sürətlə irəliləyir”.

Respublikaçı Alternativ Partiyasının (ReAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli hadisələri AYNA-ya şərh edərkən söyləyib ki, Fransa digər Avropa dövlətləri kimi, səhv multikultralizm siyasətinin qurbanına çevrilib: “Sovetlər İttifaqının çöküşündən sonra Qərb çox arxayınlaşdı. Yürüdülən uğursuz siyasət qaçqınların lokallaşmasına səbəb oldu. Şəhərlərdə ayrıca ərəb məhəllələri, hətta, məsələn, əlcəzairlilər, mərakeşlilər, liviyalılar, suriyalılar, iraqlılar məhəllələri yarandı. Qərbi Almaniya sənayeləşmə mərkəzinə çevrildi. Lakin ciddi problem hökm sürürdü. İşçi qüvvəsi çatışmır və kadr böhranı yaşanırdı”.

“Bu baxımdan Qərbi Almaniya qapılarını xaricdən gələn miqrantların üzünə açdı. Onlar Fransaya axışdılar və bu qədim Avropa ölkəsinə qaynayıb-qarışdılar. Bu mərhələni başa vurandan sonra isə onların qarşısını almağa çalışdılar. Bu siyasət də düzgün aparılmadı və nəticədə bu hadisələr meydana gəldi”, - deyə müsahibimiz vurğulayıb.

Əlavə edib ki, məşğulluq və təhsilsizlikdən əziyyət çəkən əhali cinayətkarlığa meyllənir: “Bu, bir qayda və təkzibolunmaz həqiqətdir. Riyazi terminlə ifadə etsək, auskiomadır. İndi də Avropa ölkələri dizlərinə döyüb vəziyyətdən çıxmağa yol axtarırlar, amma hələ də öz səhv “multikulturalizm” siyasətlərini etiraf etmirlər, nəticədə ölkələrdə sağ, millətçi cərəyanlar populyarlıq qazanmağa başlayır, ard-arda seçkiləri udur. Bu isə ölkələri digər kəskin bucağa sürükləyib problemləri daha da dərinləşdirəcək. Bunun qarşısını almaq elə də asan olmayacaq”.

“Fransada baş verənlər də bunun təzahürüdür. Əhali problemi mövcud hökumətin idarəetməsində görür. Kütləvi itaətsizlik günü-gündən dərinləşir və paytaxt Paris də daxil olmaq demək olar ki, bütün şəhərləri əhatə edir. Bunu önləyə biləcəklər, yoxsa yox, bunu zaman göstərəcək. Əslində bunun bir o qədər də əhəmiyyəti yoxdur. Əsas məsələ odur ki, multikultralizm adlı siyasət Avropanı bataqlığa sürükləyir”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev