İctimai TV-də xüsusi sənədli filmlər nümayiş etdiriləcək

Xəbərlər

14.06.2024 - 21:47

Həkimlər Klinikalar SEO Xidməti

Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “İz” sənədli filminin premyerası olacaq

İyunun 15-də İTV-də Milli Qurtuluş Günü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “İz” sənədli filminin premyerası olacaq. AYNA xəbər verir ki, bu barədə İctimai TV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun dəstəyilə hazırlanmış filmin adı Heydər Əliyevin “Bu dünyaya gələn hər bir adam bu dünyadan gedəcək. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz qoyur” fikrindən irəli gələrək seçilib.

Diqqətə çatdırılıb ki, bayram günlərində milli-mənəvi dəyərləri özündə əks etdirən sənədli filmlərdən “Tarixin izi ilə - məscidlər”, “Əshabi-kəhf”, “Xəmsə. Nizami”, “Nəsimi” və sair filmləri də İTV efirindən izləmək mümkün olacaq.

Futbolsevərlər iyunun 14-də Almaniyada rəsmi açılışı olacaq Avro—2024-ün bütün oyunlarını isə Azərbaycanda eksklüziv yayım hüququna malik İctimai TV və Radionun həm canlı efirində, həm də rəsmi yutub hesabında birbaşa izləyə biləcəklər.

Bütün bunlarla yanaşı, musiqi, əyləncəli verilişlər, İctimai TV-nin efirində indiyədək sevilən və əksəriyyət tərəfindən bəyənilən proqramlar və filmlər tamaşaçılara təqdim ediləcək.

Müəllif: Ayna.az