Oğanın bu gün Ərdoğanla müzakirə etdiyi proqramın məqamlarını açıqlayacağı da bildirilir
ATA Alyansının Türkiyə Prezidentliyinə keçmiş namizədi Sinan Oğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edəcək. AYNA xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
“Sinan Oğan bu gün seçkilərin ikinci turunda Prezident Ərdoğanı dəstəkləyəcəyini açıqlayacaq. O, Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğlunu terror təşkilatları ilə yaxınlığı səbəbindən dəstəkləməyəcəyini bəyan edəcək”, - nəşrin köşə yazarı Abdulkadir Selvi bildirib.
Oğanın bu gün Ərdoğanla müzakirə etdiyi proqramın məqamlarını açıqlayacağı da bildirilir. “Bu məqamlar belədir: Konstitusiyanın ilk dörd maddəsinin dəyişdirilməməsi, türk kimliyinin Konstitusiyadan çıxarılması cəhdlərinin qarşısının alınması, hər cür terror təşkilatları və terrorizmlə mübarizə, qaçqınların plana uyğun olaraq mərhələli şəkildə ölkələrinə göndərilməsi, beynəlxalq bazarlara uyğun iqtisadi siyasətin işlənib hazırlanması və daha geniş, çevik faiz dərəcələri siyasəti”.
Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident seçkilərinin birinci turu keçirilib. Ərdoğan 49,5 faiz səslə müxalifətin namizədi Kılıçdaroğlundan üstün olub. Kəılıçdaroğlu 44,89 faiz, Oğan isə 4,32 faiz səs toplayıb. Qalib mayın 28-də keçiriləcək ikinci turda müəyyənləşəcək.