Şahin Cəfərli: "Bakının Qarabağın tamamında suverenliyinin bərpası istiqamətindəki siyasəti daha da aktivləşəcək"
Azərbaycanın bir neçə aydır açılmasını tələb etdiyi Ağdam-Xankəndi yolu açılıb. Dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ağdam yolu ilə apardığı humanitar yardım Xankəndiyə çatdırılıb. Qeyd edək ki, BQXK ilə əldə olunan razılığa əsasən sentyabrın 18-də səhər saatlarında Ağdam-Xankəndi yolunda komitəyə məxsus avtomobillərin keçidi təmin olunub. BQXK-nın iki minik və bir yük avtomobili Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gedib. Aparılan yükün Qarabağda yaşayan erməni sakinlərə çatdırılması nəzərdə tutulub.
Xatırladaq ki, sentyabrın 12-də Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobilinin də Ağdam-Xankəndi yolu ilə keçidi təmin edilmişdi.
Bununla yanaşı, Laçın-Xankəndi yolu da yüklərin daşınması üçün açılıb. İndi hər iki yol paralel şəkildə istifadə olunacaq.
Yolların açılmasının əhəmiyyəti barədə AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli bildirib ki, bir müddətdir Qarabağda humanitar böhranın yarandığına dair beynəlxalq miqyasda hay-küy qoparılıb:
- İndi həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yolunun paralel şəkildə açılması beynəlxalq aləmdə hay-küyün səngiməsinə və Azərbaycana qarşı təzyiqlərin aradan qalxmasına şərait yaradacaq. İkincisi, Azərbaycan son vaxtlar Ağdam-Xankəndi yolunun beynəlxalq miqyasda qəbuluna çalışırdı. Rəsmi Bakı təkcə Laçın yolu ilə deyil, Ağdam yolu ilə də yüklərin daşınmasına şərait yaratdığını, bunu bütün maraqlı qüvvələrə qəbul etdirilməsinə çalışırdı. İndi bunun maraqlı qüvvələr tərəfindən qəbul edildiyini müşahidə edirik. Hesab edirəm ki, bu, uğur kimi qiymətləndirilə bilər.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonrakı dövr Azərbaycanın prioritet siyasəti, təməl məqsədi Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə də dövlət suverenliyinin bərpasından ibarətdir. Hesab edirəm ki, növbəti mərhələdə Bakının Qarabağın tamamında suverenliyinin bərpası istiqamətindəki siyasəti daha da aktivləşəcək. Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə Azərbaycanın suverenliyinin bərqərar olacağı gün elə də uzaqda deyil.
- Sizcə, bu hansı formada həllini tapacaq - hərbi, yoxsa danışıqlar yolu ilə?
- Məncə, bu, danışıqlar yolu ilə həllini tapacaq. Qarşı tərəfdə Azərbaycana hərbi müqavimət göstərmək iqtidarında olan güc yoxdur. Sadəcə Qarabağda qanunsuz erməni silahlı dəstələri var. Ola bilsin ki, vaxtilə Ermənistandan Qarabağa gəlmiş müəyyən hərbi qruplar da hələ ki, orada qalırlar. Amma onların Azərbaycana qarşı ciddi hərbi müqavimət göstərmək imkanları yoxdur. Qanunsuz silahlı dəstələrin artıq logistika imkanları da kəsilib. Tutaq ki, bu gün orada hərbi əməliyyatlar başladı, ermənilər nə dəqər davam gətirə bilərlər ki?! Bu baxımdan, düşünürəm ki, Azərbaycanın məqsədlərinə sülh yolu ilə çatmaq imkanları daha çoxdur. Təbii ki, 44 günlük müharibədən sonra Azərbaycan diplomatiyasını həm də hərbi güclə müşayiət etdirir. "Güc yolu ilə sülh" formulundan istifadə edilir. Amma düşünürəm ki, Xankəndidə Azərbaycan bayrağının dalğalandırılmasının yolu sülhdən keçir.
- Həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yolunun açıq olması, eyni anda istifadəsi nələri dəyişəcək?
- Dediyim kimi, bu, Azərbaycan əleyhinə təbliğata son verilməsinə gətirib çıxaracaq. Dünya bu gün gördü ki, Azərbaycan tərəfindən Qarabağda ciddi humanitar böhran yaradılması, yerli sakinlərin aclıqla sınağa çəkilməsi siyasəti aparılmır. Ermənilərin ehtiyacı olan bütün yüklər, ərzaq və digər ləvazimatlar onlara çatdırılacaq. Bu, beynəlxalq "fırtınanı" səngidəcək. Bundan sonrakı mərhələdə Azərbaycan prioritet məqsədinə nail olmaq istiqamətində addımlarını intensivləşdirəcək.
- "Humanitar böhran" aradan qaldırıldısa, regionda gərginlikdə maraqlı olan qüvvələr, konkret desək, Fransa və Rusiya hansı yeni siyasət həyata keçirəcək?
- Son hadisə onu göstərdi ki, Cənubi Qafqazda Rusiya hələ də əsas oyunçu olaraq qalır. Ağdam-Xankəndi yolu ilə paralel şəkildə Laçın yolunun da yüklər üçün açılması həm də Rusiyanın uğuru kimi qiymətləndirilə bilər. O baxımından ki, yolların paralel açılması Rusiyanın təklifi idi. Məncə, Rusiya bununla Qərbə həm də onu nümayiş etdirdi ki, regionda problem varsa, onu Moskva həll edə bilər.
Əslində yolların paralel açılmasına Qərb də etiraz etmirdi. İstər-istəməz bu məsələdə Rusiya ilə Qərbin maraqları üst-üstə düşür. Ona görə də yolların paralel işləməsi Qərbi də qane edir. Lakin Rusiya regionda rəqabətdə Qərbdən yenə də bir addım öndə olduğunu nümayiş etdirdi. Bundan sonra Rusiyanın, Qərbin addımları nə olacaq, proseslərin gedişindən asılıdır.
- Bundan sonra Qarabağdakı erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görüşlər keçirilə bilərmi?
- Qarabağdakı qanunsuz rejimin təmsilçiləri Ağdam-Xankəndi yolunun açılmasına razı olduqlarını bildirməklə bərabər, Bakı ilə dialoqa hazır olduqlarını da bəyan etdilər. Məncə, yaxın həftələrdə dialoqun təşkil olunması ehtimalı yüksəkdir. Sual budur ki, Azərbaycan kiminlə danışacaq. Məsələn, Araik Arutunyanın yerinə "seçilən" Şahramanyan daha əvvəl Rusiya sülhməramlılarının iştirakı ilə Xocalıda keçirilən görüşdə iştirak edənlərdən biridir. Bu fakta əsasən demək olar ki, rəsmi Bakı Şahramanyanın danışıqlarda iştirakına qarşı deyil. Məhz Şahramanyanla Azərbaycan təmsilçiləri arasında yaxın həftələrdə görüşün keçirilməsi mümkündür.
- Əvvəlki görüşdə Şahramanyanın hansısa "vəzifəsi" yox idi, indi isə o, qondarma rejimin başında dayanır. Bu halda Bakının Şahramanyanla danışıqları nə dərəcədə mümkündür?
- Qarabağın erməni icmasının bir nümayəndəsi kimi onunla danışıqların aparılması mümkündür. Azərbaycan ordakı "seçki" şousunu tanımır. Ona görə də, Şahramanyan "rəsmi" kimi deyil, erməni sakinlərinin adi bir nümayəndəsi kimi görüşdə qəbul ediləcək.