“Hökumətin əlinə imkan düşüb ki, manatın dəyərsizləşməsinə əngəl olsun”

İqtisadiyyat

10.03.2022 - 13:16

Ekspert: “Rusiya Ukraynaya qarşı müharibəni davam etdirsə, neftin qiyməti rekord həddə çatacaq”

Dünya bazarında “Brent” markalı neftin qiyməti bir barel üçün 140 dolları ötüb. Bununla da “qara qızıl”ın tarifi son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Qeyd edək ki, “Brent” markalı neftin ən yüksək qiyməti 2012-ci ildə qeydə alınıb - bir barrel üçün 149 dollardan çox.

Həmin tarixdən sonra neftin ən yüksək qiyməti 2012-ci ildə 128 dollar həddində qərarlaşıb. Bir neçə il öncə isə qiymətlər 14 dollara qədər enib və bəzi ölkələr saxlama şəraiti olmadığına görə öz neftini pulsuz satıb.

Neftin kəskin qiymət artımları fonunda Qərb dövlətləri Rusiyanın neft satışına embarqo qoymağı müzakirə edir.  Bu, baş tutarsa, dünya bazarında neftin bir barelinin qiymətinin 150 dollardan baha olacağı gözlənilir.

İqtisadçı alim Xalid Kərimli AYNA-ya müsahibəsində enerji qiymətlərinin artımı ilə bağlı fikirlərini bölüşüb.

- Dünya bazarında neftin qiyməti son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Bu artımı doğuran yeganə səbəb Rusiyanın Ukrayna hücumudur, yoxsa digər səbəblər də var?

- Pandemiya yumşalmaları zamanı neftin qiymətinin bərpa prosesini görürdük. “OPEC+”un hasilatı azaltmaqla bağlı qərarından sonra bu, daha çox müşahidə olunurdu. 2021-ci ildə qiymət artımı sürətləndi və pandemiyadan öncəki 65 dollar həddini də keçərək, 80 dollar civarında qərarlaşdı. Bunun da əsas səbəbi o idi ki, pandemiya dönəmində neft sektoruna investisiyalar azalmışdı. Yumşalmalar zamanı isə neftə olan tələbat artdı. Lakin hasilatı tənzimləyən “OPEC+”un qiymət artımına imkan verməməsi, investisiyaların azalması nəticəsində quyuların fəaliyyətini dayandırması qiymət artımlarına mane olurdu.

Xatırlayırsınızsa, 2020-ci ilin aprelində birjalarda hətta mənfi qiymətlər qeydə alındı. Hazırkı rekord qiymətlər isə 2012-ci ilin qiymətlərini təkrarlayır. Hansı ki, Azərbaycan neftinin indiyə qədər bir barel üçün ən baha qiyməti 149 dollar təşkil edib. Artıq ölkə neftinin qiyməti 140 dollara yaxınlaşaraq rekordu təzələmək üzrədir. Bunun da əsas səbəbi, heç şübhəsiz, Rusiyanın Ukraynaya qarşı hücumlarıdır. Məlumdur ki, Rusiya dünyada ən böyük neft ixracatçılarındandır. Gündəlik 7,8 milyon barel neft ixracatı ilə dünya birincisidir. Hasilata görə, birincilik ABŞ-a məxsus olsa da, ixracata görə Rusiya liderdir. Rusiyanın dünya neft bazarından təcrid olunması ehtimalları neftin qiymət artımlarını şərtləndirən başlıca amildir.

- Qərbin Rusiyanın neft satışına embarqo qoyacağı və bu səbəbdən qiymətlərin daha da artacağı iddia olunur. “Qara qızıl” mövcud dəyərini qoruyub saxlaya biləcəkmi?

- Qeyd etdiyim kimi, “qara qızıl”ın qiymət artımları Rusiya-Ukrayna, o cümlədən Qərb-Rusiya böhranı ilə birbaşa bağlıdır. Bu səbəbdən neftin gələcək taleyi də müharibənin gedişatından asılı olacaq. Rusiyanın Ukraynaya hücumları, Rusiyaya qarşı beynəlxalq sanksiyalar, Qərbin Rusiyanın neft bazarına embarqo siyasəti davam edərsə, bu halda neft daha da bahalaşacaq. Hətta bir barel üzrə qiymətlər 150 dolları da ötə bilər. Rusiya ilə Ukrayna arasında sülh yaranarsa və sabitlik əldə olunarsa, bu halda neftin qiyməti də sabitləşəcək. Çünki indiki neft qiymətlərini şərtləndirən başlıca amil məhz budur. Bu halda Rusiya nefti dünya bazarına yenidən çıxış imkanı əldə edəcək və nəticədə 100 dollardan da aşağı həddə düşəcək.

- Dünya birjalarında mavi yanacağın da qiymətləri durmadan artır. Baş verənlər Azərbaycan iqtisadiyyatında hansı dəyişikliklərə səbəb ola bilər?

- Nəzərə alsaq ki, neft və qaz sektorundan əldə olunan gəlir Azərbaycana maliyyə idxalının 90 faizini təşkil edir, bu halda qiymət artımları, heç şübhəsiz, büdcəyə təsirsiz ötüşmür. Neftin bir barelinin 5 dollar bahalaşması icmal büdcəyə 1,5 milyard dollar əlavə gəlir deməkdir. Aylardır yüksək neft qiymətləri müşahidə edilir və büdcədə neftin bir barreli 50 dollar proqnozlaşdırıldığı üçün icmal büdcədə Neft Fondu hesabına əlavə resurslar formalaşır. Eyni zamanda manatın məzənnəsinin stabil qalması da məhz neft qiymətlərinin artımı ilə bağlı olan məsələdir. Neftin qiymətinin düşməsi, o cümlədən rubl və lirənin kəskin uculaşması halında manatın da dəyərdən düşməsi ehtimalı mövcuddur. Hazırkı şəraitdə isə yüksək neft qiymətləri hökumətə imkan verir ki, manatın sabitliyini qoruya bilsin. Yəni, neft tariflərinin yüksək olması maliyyə sabitliyinə və ehtiyatların artmasına gətirib çıxarır.

- Təcrübədən bilirik ki, enerji daşıyıcılarının qiymət artımları inflyasiyaya səbəb olur. Ölkəmizdə növbəti inflyasi dalğası gözlənilirmi?

- Enerji daşıyıcılarının qiymətlərinin daha da bahalaşması, o cümlədən Rusiya və Ukraynada qeyri-müəyyənliyin hökm sürməsi dünya ərzaq qiymətləri bazarında ciddi qiymət artımlarına gətirib çıxaracaq. Çünki dünyada ərzağın, taxılın, günəbaxan yağının, müxtəlif kənd təsərrüfatı məhsullarının mərkəzi hesab olunan Rusiya və Ukraynada davam edən böhran bunu şərtləndirir. Artıq yerli bazarda günəbaxan yağlarının, yağ məhsullarının, taxıl məmulatlarının kəskin bahalaşmasını müşahidə edirik. Digər yandan enerji qiymətlərinin artması ardınca spiralvari həm ərzaq, həm də qeyri-qida sektorunda bahalaşmaya səbəb olacaq. Bunlar gözləniləndir, realdır və qlobal inflyasiyanın ölkəmizə idxalı bundan sonra da davam edəcək.

- Dünyada və regionda baş verən hadisələr Azərbaycan manatının üzərinə təzyiqlər yaradırmı?

- Təbii ki, xarici valyutaların, daha doğrusu portnyor ölkələrin valyutalarının - rublun, lirənin, avronun, Qazaxıstan təngəsinin, qonşu ölkələrin valyutalarının ucuzlaşması Azərbaycan manatının üzərində həm psixoloji, həm də real təzyiq formalaşdırır. Lakin neftin artan qiymətləri fonunda hökumət manatın sabit dəyərini qoruyaraq, bu təhlükəni kompensasiya edə bilir. Neftin qiymətlərinin isə yaxın zamanlarda ucuzlaşacağını gözləmirəm.

Müəllif: Azər Niftiyev