Gömrük Komitəsi də İqtisadiyyat Nazirliyinə birləşdirilməlidir

İqtisadiyyat

23.10.2019 - 17:33

Həkimlər Klinikalar SEO Xidməti

Əgər iqtisadi siyasət bir mərkəzdən idarə edilməsə, sabotajçı qruplar Mikayıl Cabbarova elə oyunlar quracaq ki, bütün uğursuzluq onun üzərində qalacaq

 

Mikayıl Cabbarov super nazirliyin başına keçdi, faktiki Baş Nazir oldu, formal Baş Nazir ancaq Nazirlər Kabinetinin aparat rəhbəridir.

 

Amma Gömrük Komitəsi də mütləq İqtisadiyyat Nazirliyinə birləşdirilməlidir. Səbəbi və məntiqini izah edəcəm.

 

Ölkə büdcəsinə (Neft Fondunu kənara qoysaq), əsasən 3 istiqamətdən vəsait daxil olur: Vergi, gömrük və dövlət əmlakının özəlləşdirilməsi.

 

Büdcənin maliyyə kanallarının bir mərkəzə cəmlənməsi doğru qərar olacaq. İqtisadiyyat Nazirliyi olaraq qısa, orta və uzun müddətli proqramların və iqtisadi siyasətin qəbul olunması ilə məşğul olmalı, vergi-gömrük-əmlak bu siyasətin tərkib hissəsi kimi olmalıdır.

 

Mikayıl müəllimə böyük səlahiyyət verildi, amma səlahiyyət həm də məsuliyyətdir – indi iqtisadiyyatda nə baş verəcəksə, cavabdeh o olacaq. Ona görə də, məncə, Mikayıl müəllim israr etməli, gömrüyü də birləşdirməli, sonra bu böyük məsuliyyətin altına girməlidir.

 

Prezident özü deyirdi ki, iqtidarın içində sabotajçı şəxslər, qruplar var. Əgər iqtisadi siyasət bir mərkəzdən idarə edilməsə, bir neçə aya həmin qruplar Mikayıl Cabbarova elə oyunlar quracaq ki, bütün uğursuzluq onun üzərində qalacaq. Məndən demək, onsuz da gec-tez biz deyənlər olur...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert