Yeni Dehli son bir il ərzində Moskvanın sursat tədarükü dayandırmaq tələbindən iki dəfə imtina edib
Hindistan Avropa İttifaqı vasitəsilə Ukrayna Silahlı Qüvvələrinə artilleriya sursatları göndərməklə Ukraynanın döyüş qabiliyyətini dəstəkləyir və son bir il ərzində Rusiyanın bu tədarükü dayandırmaq tələbindən iki dəfə imtina edib. AYNA xəbər verir ki, bu barədə Hindistan və Avropa rəsmiləri arasında məlumatlı mənbələr “Reuters”ə bildiriblər.
Sonuncu dəfə Aİ ölkələri vasitəsilə Ukraynaya Hindistan mərmilərinin tədarükü məsələsini Rusiyanın xarici işlər naziri Sergey Lavrov qaldırmışdı. Nazir bunu Hindistanın xarici işlər naziri Subrahmanyama Caişankar ilə iyulda baş tutan görüşdə edib. “Reuters”in məlumatına görə, Lavrov hindistanlı həmkarına təzyiq edərək, Ukrayna ordusuna verilən sursatların bir hissəsinin Hindistandakı dövlət müəssisələri tərəfindən istehsal olunduğunu vurğulayıb.
Moskva Yeni Dehlinin tədarükün dayandırılmasına nail ola bilməməsinə baxmayaraq, Kreml Hindistanın Baş naziri Narendra Modinin iyul ayında Rusiyaya səfərini Rusiya Prezidenti “Vladimir Putinin dostunun səfəri” kimi təqdim edib.
“Reuters”in əldə etdiyi gömrük məlumatlarına görə, Hindistandan Aİ-yə artilleriya mərmilərinin ixracı bir ildən çoxdur ki, davam edir. Xüsusilə, 155 mm-lik yüksək partlayıcı parçalanma mərmilərinin, 120 və 125 mm-lik döyüş sursatlarının və 120 və 125 mm çaplı minaatan mərmilərinin tədarükü davam etdirilir.
Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, Hindistan silahlarının satışının şərtləri onların başqa ölkələrə ötürülməsini qadağan etsə də, İtaliya və Çexiya mərmiləri Ukraynaya yönləndirir. Hindistan istehsalçıları həmçinin müdafiə müəssisələri Ukrayna üçün təchizat zəncirləri qurmuş İspaniya və Sloveniyaya sursat komponentləri ixrac edirlər.
Bununla belə, Hindistan hökumətindəki iki və müdafiə sənayesindəki iki mənbə Hindistanın Ukraynanın istifadə etdiyi sursatın çox cüzi bir hissəsini istehsal etdiyini qeyd edib. Həmsöhbətlərdən birinin sözlərinə görə, söhbət Kiyevin müharibə başlayandan sonra aldığı silahların ümumi həcminin 1 faizindən azından gedir.
“Bununla belə, Aİ-yə tədarüklər əvvəllər yalnız silah idxal edən Hindistana yeni yaranmaqda olan silah ixracı sektorunu inkişaf etdirməyə imkan verir. Həmçinin Hindistan hakimiyyəti Qərbdəki tərəfdaşlarına Ukraynaya qarşı müharibədə Rusiyanın tərəfində olmadıqlarını nümayiş etdirir”, London Kral Kollecinin Cənubi Asiyada təhlükəsizlik üzrə eksperti Valter Ladviq qeyd edib.