“Heydər Əliyev İli”ndən gözlənilən tarixi ədalət – Əhalinin gözü yolda

Cəmiyyət

09.01.2023 - 18:12

Deputat: “Ulu Öndərin 100 illiyində belə bir addımın atılması tarixi hadisə olardı”

Deputat: “Yüzminlərlə vətəndaşın sevincinə səbəb olacaq bu qərar qəbul edilməlidir”

Sabiq nazir: “İnanıram ki, haqları əllərindən alınmış vətəndaşlar bu il sevincə qərq olacaqlar”

Sosial şəbəkədə onminlərlə vətəndaşı özündə birləşdirən “Özəlləşdirmə Çekləri Qrupu” adından Prezident İlham Əliyevə açıq müraciət ünvanlanması barədə məlumat vermişdik. Müraciət müəllifləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və “Heydər Əliyev İli” ilə əlaqədar olaraq dövlət başçısından tarixi qərar gözlədiklərini ifadə ediblər.

Müraciətə imza atanlar Ümumilli Lider Heydər Əliyev tərəfindən əhaliyə əvəzsiz olaraq verilən vauçerləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsini xahiş edirlər. Minlərlə vətəndaşın adından ünvanlanan müraciətdə heç bir fərmanın Ulu Öndər Heydər Əliyevin imzaladığı Konstitusiya və qanunları poza bilmədiyi, tarixi, siyası, hüquqi, sosial, iqtisadi və mənəvi əsasları olan özəlləşdirmə prosesinin 12 ildir Konstitusiya və qanunlara zidd olaraq aparıldığı, qanunla bu gün dövriyyədə olan, ancaq fərmanla tədavülü başa catmış özəlləşdirmə çeklərinin inflyasiyadan qorunan əmlak ekvivalentinin nominal qiymətinin yenidən tədavülə qaytarılması ilə bağlı məqamlar öz əksini tapıb.

Qeyd edək ki, ölkəmizin tanınmış ziyalıları, Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri ölkə rəhbərliyinə müraciət edərək, tarixi ədalətin bərpa olunmasını, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsini tələb edirlər. Bildirilir ki, bəzi məmurların yarıtmaz fəaliyyəti daxili narazılıqlara yol açmaq, bu tarixi mütərəqqi prosesə kölgə salmaqdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AYNA-ya deyib ki, “Özəlləşdirmə Çekləri Qrupu” adından Prezident İlham Əliyevə ünvanlanan müraciətə müsbət cavab veriləcəyinə inanır: “Bir deputat olaraq dəfələrlə təklif etmişəm ki, özəlləşdirmə çekləri əlində qalan vətəndaşlara şərait yaradılmalıdır. Həm təmsil olunduğum komitədə, həm də ictimai müzakirələr zamanı bu təklifi irəli sürmüşəm. Hesab edirəm ki, əgər bu gün xeyli sayda Azərbaycan vətəndaşı bu hüququndan bəhrələnə biməyibsə, bu imkanı onları yaratmaq lazımdır”.

“Bunu necə həyata keçirmək olar, bu məsələyə müvafiq qurumlar aydınlıq gətirməlidir. Bütün hallarda tədavül müddətinin yenidən artırılması labüddür. Qarşıdakı özəlləşdirmə prosesi zamanı bu çeklərdən istifadə edilə bilər. Bütün hallarda vauçerləri əlində qalanlar tarixi ədalətin bərpa olunmasını gözləyirlər və onlara bu imkan yaradılmalıdır. Nəzərə alsaq ki, bununla bağlı fərman Ulu Öndər Heydər Əliyev tərəfindən verilib, onun 100 illiyində belə bir addımın atılması tarixi hadisə olardı”, - deyə deputat bildirib.

Milli Məclisin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının da bu xüsusda ciddi gözləntiləri var. Onun AYNA-ya dediyinə görə, bu məsələnin ədalətli şəkildə həllini tapması vacibdir: “Qiymətli dövlət kağızı olan özəlləşdirmə çekləri 2011-ci ildə verilən qərarla tədavül müdddətini başa çatdırıb. Bundan sonra xeyli sayda ölkə vətəndaşının dövlət tərəfindən ona ayrılmış payları əlində qalıb. Dəfələrlə bu mövzu gündəmə gətirilib və təklif olunub ki, vauçeri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilsin. Onlara şərait yaradılsın ki, dövlətin ayırdığı bu imkandan etsinlər”.

“Çox təəssüf ki, zamanında özəlləşdirmə çeklərindən vətəndaşların maraq və mənafeyinə uyğun şəkildə istifadə edilmədi. Maariflənmə səviyyəsi çox aşağı idi. Bəzi işbazlar da bunu fürsət bilərək bu prosesdən faydalandılar və vətəndaşların mənafeyi təmin edilmədi. Halbuki bununla bağlı fərmanda onlar əhaliyə miras kimi göstərilirdi”, - deyə həmsöhbətimiz söyləyib.

Ağamalı da Prezidentə ünvanlanan müraciətə müsbət cavab veriləcəyi inancındadır: “Bu gün minlərlə vauçer sahibi dövlət başçısına müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, bu mütərəqqi fərman Ümumilli Lider Heydər Əliyev tərəfindən imzalanıb və onun 100 illik yubileyi ilində, “Heydər Əliyev İli”ndə onların gözlədiyi tarixi qərar elan edilsin. Hökumət qurumları bu müraciəti dərindən araşdırmalı, təkliflər təqdim etməli və yüzminlərlə vətəndaşın sevincinə səbəb olacaq bu qərarı elan etməlidir”.

Öz növbəsində sabiq maliyyə naziri Fikrət Yusifov da AYNA-ya şərhində qeyd edib ki, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların müraciətinə müsbət cavab verilməlidir: “2011-ci ildə özələşdirmə çeklərinin tədavül müddəti başa çatsa da, mövzu öz əhəmiyyətini itirməyib. Çünki bu vauçerlər əhaliyə əvəzsiz olaraq verilib və hər bir vətəndaşın hüququdur ki, bundan yararlana bilsin. Yüzminlərlə insan illərdir bu hüququndan məhrum olublar. Onlar tarixi ədalətin bərpa olunacağı günü gözləyirlər”.

“Bir əmlak payına düşən mülkiyyətin dəyəri ən azı iki min dollar hesablanıb. Dövlət vauçer sahiblərini Allahın ümidinə buraxa bilməz. Onsuz da nə zamansa bu problem öz həllini tapacaq. Bunu gələcək nəsillərə ötürmək lazım deyil”, - deyə keçmiş nazir vurğulayıb.

Yusifov “Özəlləşdirmə Çekləri Qrupu” adından Prezident İlham Əliyevə açıq müraciət ünvanlanmasını müsbət hadisə hesab edir: “Həmin müraciətdə onlar başlarına gətirilən olaylardan və bunun doğurduğu nəticələrdən bəhs edirlər. Hesab edirəm ki, Ulu Öndər Heydər Əliyev tərəfindən atlmış bu mütərəqqi addım nəticəsində özəlləşdirmə çekləri əldə edən, lakin bundan istifadə edə bilməyən vətəndaşlar “Heydər Əliyev İli”ndə böyük sevincə qərq olacaqlar. Hökumətdən bununla bağlı mühüm qərarlar gözləyirəm”.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray