Hər şey Vətən üçün: Dövlət də fərdi sahibkarların ailələrini düşünməlidir

Cəmiyyət

03.10.2020 - 15:11

Cəbhəyə yollananlar arasında elə şəxslər var ki, onların gəliri ailələrinin yeganə qazanc mənbəyidir

 

Azərbaycanda elan olunan qismən səfərbərlik cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılandı. Yüzminlərlə Azərbaycan vətəndaşı işğal olunmuş torpaqların ermənilərdən azad edilməsi üçün cəbhəyə getməyə hazır olduğunu dilə gətirdi.

 

Səfərbər olunanlar arasında, qazancları ailələri üçün yeganə dolanışıq mənbəyi olan ailə başçıları da var. Onların bir çoxu fərdi sahibkarlardır – fərdi taksi xidməti göstərir, bərbər işləyir, çayxana işlədir və s.

 

İndiki vəziyyətdə fərdi sahibkarların ailələrini, onların orduda olduğu müddətdə maddi cəhətdən kim təmin edəcək? Dövlətdən hər hansı bir kömək gözlənilirmi?

 

Xatırladaq ki, Əmək Məcəlləsinin 179-cu maddəsinin “g” bəndinə əsasən, bir işçi hərbi vəzifələrin icrasına cəlb olunursa, iş yeri və əmək haqqı saxlanılır. Ancaq bu sənəddə öz-özünə işləyən şəxslər, yəni fərdi sahibkarlar barədə heç nə deyilmir. “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunda da özünəməşğulluqla məşğul olan şəxslər barədə heç bir qeyd yoxdur.

 

AYNA bu sualla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) müraciət edib. Ancaq təəssüf ki, Xidmətdən telefonlar zənglərimizə cavab verilməyib. Xidmətin Nəsimi şöbəsindən isə öyrəndiyimizə görə, səfərbər edilmiş fərdi sahibkarların problemlərinin həlli ilə Müdafiə Nazirliyi məşğul olur.

 

Lakin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu açıqlamanı təkzib edib və bildirib ki, sözügedən məsələ SHXÇDX-nin səlahiyyətindədir.

 

Ümumiyyətlə, belə bir döyüş şəraitində, ölkədə bu kimi çox vacib məsələ ilə konkret olaraq kimin məşğul olduğu aydın deyil. Köhnə bir rus atalar sözündə olduğu kimi: “İvan Pyotra işarə edir, Pyotr da İvana”.

 

Hərbi vəkil Telman Əbilov AYNA-ya açıqlamasında bildirib ki, Azərbaycanda bu məsələ ilə heç bir qurum məşğul olmur: “Azərbaycanda səfərbərlik zamanı fərdi sahibkar ailələrinin maddi təminatı məsələsini tənzimləyən qanun yoxdur. Bu səbəbdən problemlərini sahibkarlar özləri həll etməli olacaqlar”.

 

Yuxarıda qeyd etdiyimiz kimi, yüzminlərlə azərbaycanlı hərbi qeydiyyat komissiyasından çağırış vərəqəsi gözləmədən, könüllü olaraq və ya bildiriş əsasında hərbi komissarlıqlara toplaşıb. Cəbhəyə gedənlər arasında əlbəttə ki, fərdi sahibkarlar da var və onların gəliri ailələrinin yeganə qazanc mənbəyidir. Düzdür, belə bir vəziyyətdə heç kim dövlətdən heç nə tələb etmir və gözləmir, amma buna baxmayaraq, dövlət ilk çağırışında hər şeyi atıb cəbhəyə yollanan bu cür insanların ailələri haqqında düşünməlidir...

Müəllif: Rəşad Rüstəmov