“Hərəkat lazımi məsləhətləşmələr başa çatdıqdan sonra yaxın vaxtlarda ona cavab verəcək”
Fələstinin HƏMAS hərəkatı vasitəçilərdən Qəzza zolağında atəşkəs təklifi aldığını və hazırda sənədi araşdırdığını təsdiqləyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, müvafiq bəyanat hərəkatın “Telegram” kanalında dərc olunub.
“HƏMAS rəhbərliyi vasitəçilər tərəfindən təqdim edilmiş təklifi öyrənir və bütün lazımi məsləhətləşmələr başa çatdıqdan sonra yaxın vaxtlarda ona cavab verəcək”, - deyə məlumatda bildirilir.
Hərəkat əlavə edib ki, onlar hələ də daimi atəşkəsin tətbiq edilməsində, İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılmasında, israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında sazişin həyata keçirilməsində, anklavın yenidən qurulmasında və oradakı blokadanın götürülməsində israrlıdır.