“Biz vasitəçilərə araşdırmanın nəticələri barədə məlumat verəcəyik”
Fələstinin HƏMAS hərəkatı israilli girov Şiri Bibasın cəsədinin əvəzinə başqasının meyitinin verilməsi məsələsinə baxacağını açıqlayıb və İsraildən səhvən təhvil verilən cəsədin geri qaytarılmasını tələb edib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında məlumat yayılıb.
“Biz vasitəçilərə araşdırmanın nəticələri barədə məlumat verəcəyik və İsrail tərəfinin Qəzzanın bombalanması zamanı öldürülən fələstinli qadının cəsədinin qalıqlarının geri qaytarılmasını tələb edəcəyik”, - qeyd olunub.
Hərəkat etiraf edib ki, girovların saxlandığı yerdə fələstinlilər də olduğu üçün atışma yerində dağıntıların təmizlənməsi prosesi zamanı cəsədlər qarışıq düşə bilər.
Qeyd edək ki, dünən İsrailə təhvil verilən 4 cəsəddən biri Bibasa aid olmalı idi. Amma analiz nəticəsində müəyyənləşib ki, cəsəd Bibasa aid deyil.