"Heç bir qanun vətəndaşın ləyaqətindən üstün olmamalıdır"

Xəbərlər

01.07.2022 - 19:17

Birlik sədri: "Gəlin qarşımıza çıxarılan əngəllər qarşısında təslim olmayaq"

“İnsan Hüquqları və Qanunların Təbliği” İctimai Birliyinin sədri Gülşən Məmmədoğlu ictimaiyyətə müraciət edib. AYNA xəbər verir ki, müraciətdə deyilir:

"Bu müraciətim, vətəndaş cəmiyyəti təşkilatlarına, media mənsublarına və bütün həmvətənlərimizə, sadə azərbaycanlıyadır.

Təxminən 2 həftə bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri kiçik Sahibkarlarla İş üzrə Baş idarəsindən rəhbərlik etdiyim İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyinə Vergi məcəlləsinin 33.4, 34.3 və 58.2-ci maddələrinə uyğun olaraq maliyyə sanksiyası (40 manat cərimə) tətbiq edilmişdi.

Bu maddələrdən çıxarışa görə hər hansı qurum (qeyri-kommersiya təşkilatı) Ədliyyə Nazirliyində qeydiyyata alındığı vaxtdan 30 gün müddətində vergi ödəyisi kimi vergi uçotuna alınmaq üçün müvafiq idarəyə müraciət etmirsə ona avtomatik cərimə kəsilir. 

Bununla bağlı feysbuk səhifəmdə İqtisadiyyat Nazirliyini tağ edib paylaşmaqla yanaşı, həm də elekton müraciət və e-mail vasitəsilə birbaşa Nazirin özünə şikayət ünvanladım və Vergilər məcəlləsinin müvafiq maddələrində verilmiş şərtləri göstərməklə Birliyə tətbiq edilmiş maliyyə sanksiyasının əsassız olduğunu bildirdim.

Sanksiyanın əsassızlığını göstərən fakt isə ondan ibarət idi ki, Ədliyyə Nazirliyi İctimai Birliyi 19 aprel 2022-ci il tarixində qeydiyyata alsa da, bununla bağlı bildirişi mənə 24 gün sonra, vaxtın bitməsinə cəmi 6 gün qalmış – yəni, 13 may 2022-ci il tarixində göndərmişdi. Bu səbəbdən vergi uçotuna alınmaq üçün müraciətin tarixi də adekvat olaraq 13 iyuna qədər uzadılmalıydı. Ancaq buna baxmayaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri kiçik Sahibkarlarla İş üzrə Baş idarəsi maliyyə sanksiyasını qeyri iş günü olan bazar günündə aktlaşdıracaq qədər zirək tərpənmişdi.

Məsələ burasındadır ki, Ədliyyə Nazirliyi kimi Vergilər İdarəsindən də təqdim edilən cərimə aktı və bu barədə bildiriş unvanıma iş-işdən keçəndən sonra təqdim olunub. Qurumun qeydiyyata alınması ilə bağlı bildirişin mənə təqdim olunmasından yəni, 13 maydan başlayaraq tələb olunan prosedurları və sənədləri sürətlə təşkil edib Baş Vergi İdarəsinə müraciəti 25  may 2022-ci il tarixinə həmən çatdıra bilmişdim. Elə həmin gün də idarədə baxılıb və maliyyə sanksiyasının tətbiq ediləcəyi barədə xəbərdarlıq yazılıb, sonra da maşallah olsun, “operativcəsinə” 29 may tarixində, yəni, qeyri-iş günü olan bazar günündə aktlaşdırılıb. Lakin bütün bunlar hamısı ünvanıma iyun ayının 6-dan sonra gəlib çatıb. 

Nə isə, müraciətimin üzərindən 2 gün keçdikdən sonra İqtisadiyyat Nazirliyinin müvafiq idarəsindən zəng gəldi və qeydiyyatla bağlı Ədliyyə Nazirliyindən gələn bildirişin vaxtı haqqında xüsusi təsdiqləyici sənəd təqdim etməyim istənildi. Ləhcə ilə danışıb səmimi irtibat libası geyinməyə çalışan əməkdaş isə ara yerdə gülə-gülə üstüörtülü ironiya ilə 40 manata görə həm özümü, həm də onları əziyyətə salmağın dəyməzliyi haqda mənə "soft" təzyiq göstərməyə çalışdı. Əlbəttə, bu "səmimiyyətə" görə borclu qalmadım, cavabını öz tərzində verib, hüququn və qanunun aliliyi prinsipindən çıxış edərək söylədiklərinə peşman elədim və tez rəsmi danışıq qaydasına keçib cümlələrinə çəki düzən verməli oldu.

Düşünürəm ki, dövlət qurumunda rəsmi vəzifə daşıyan şəxsin vətəndaşa münasibəti, ünsiyyət formulu, danışıq tərzi  həmin qurumda labüd olan abu-həvanı, formalaşmış idarəçilik siyasətini və muhitini göstərən ən dəqiq mizahdır, sözsüz ki..

Beləliklə, Ədliyyə Nazirliyinə rəsmi müraciət edərək istənilən təsdiqləyici sənədləri alıb təqdim elədim (şəkildə  görünən fotolardan biri həmin sənəddir). Sənədi təqdim etdikdən sonra isə  başqa bir əngəl çıxarmağa çalışdılar ki, bəs sənəd "Asan imza" yolu ilə, ancaq elektron kabinet vasitəsi ilə göndərilməlidir. Nə isə, bunu da həll elədik, artıq bir bəhanə qalmadı.

Beləliklə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlarla İş üzrə Baş İdarəsi İnsan Huquqları və Qanunların Təbliği İctimai Birliyinə kəsdiyi cəriməni ləğv etməli oldu.

Bu əməliyyat prosesində muşahidəm bu oldu ki, əksər dövlət qurumları hələ də yata-yata işləyir və bir sıra qanunlar isə konkret cərimə-pul tələsidir, dövlətçiliyin və vətəndaşın əleyhinə yönəlib.

Diqqətimdədir ki, feysbuk səhifəmdə bu barədə xəbəri ilk dəfə paylaşanda təcrübəli, stajlı QHT mənsublarından bir çoxu adiləşmiş hal kimi illərdi bu cərimə tələsində təyin edilmiş "rüsumu" ödəyib fəaliyyətlərinə bismillah etdiklərini yazdılar. Hətta, “bu məsələni qanuni yolla həll edə bilsən insan hüquqları və qanunlar müstəvisində çalışa biləcəksən” – deyə, ümidsiz reaksiya verənlər daha çox olmuşdu.

Əziz dostlar, bunu yazmaqda və ictimailəşdirməkdə məqsədim “qalibiyyət təntənəsi”ni elan etmək deyil, cəmiyyətdə çoxlarının yaşadığı, bəlkə də QHT-lərin 90 % -nin başına gətirilən bu durumun həlli yoluna işıq salmaqdır.

Bütün vətəndaşlara, bütün Azərbaycanlılara xitabən müraciət edirəm.

Əziz və sevgili həmvətənlərim, gəlin qarşımıza çıxarılan əngəllər qarşısında təslim olmayaq. Qarşımıza hər hansı maneə qoyularsa, qanunlardan  və hüquqlarımızdan maksimum yararlanıb öz haqqımızı almaq üçün sonunadək mücadilə edək.  

Bilirəm, çoxunuz düşünəcəksiz ki, onsuz da xeyri yoxdur. Düzdür, dünənə qədər bu kimi məsələlərin həllində aparılan mübarizələr nəticəsiz olurdu. Nə qədər cəhd edirsən et, hansı dövlət instansiyasına şikayət et, zərrə qədər xeyri olmurdu. Məsələnin həlli, sonda ya pula,  ya da hər hansı xüsusi tapşırığa bağlanırdı. 

Ancaq son illər internetin imkanları, sosial şəbəkələrin formalaşması nəticəsində cəmiyyətin qismən aktivləşməsinə görə vəziyyət əvvəlki ilə müqayisədə nisbətən dəyişməli olub. Artıq yetərli olmasa da, hüquqlarını araşdırıb öyrənən müəyyən kəsim və şüurlu etiraz elektroratı formalaşıb.

Ümid edir və inanıram ki, dünyada və regionda baş verən hadisələr fonunda ölkəmizdə labüd olacaq dəyişikliklər ilə bu şüurlu kəsimin əhatə dairəsi getdikcə genişlənəcək və məhz vətəndaş aktivliyi nəticəsində qanunların doğru tətbiq edildiyi, hüququn sadəcə sənədləri bəzəyən gəlişigözəl söz deyil, ali dəyər, ləyaqət etalonu olduğu ölkəni, münasibətlər sistemini formalaşdıra biləcəyik.

Yaşadığımız illər onu göstərir ki, bizim başqa secimiz yoxdur, mütləq şəkildə maariflənməli, cəsarətlənməli və aşağıdan yuxarıya istiqamətlənmiş zəncirvari proseslə dəyişimi bacarıb, ləyaqətli həyatı qazanmalıyıq.

Bunun üçün qanunları araşdırıb, hüquqlarımızı bilib əməl və tələb etmək ən birinci addımımızdır. Vətəndaş hüquqlarının təmin edilmədiyi cəmiyyətdə inkişafdan və əmin-amanlıqdan danışmaq absurddur. Hec bir qanun vətəndaşın ləyaqətindən üstün olmamalıdır. Əgər üstündürsə, artıq, bu, təhdid, güc-zorba göstəricisidir, qanun və ya ölçü deyildir".

"Heç bir qanun vətəndaşın ləyaqətindən üstün olmamalıdır" "Heç bir qanun vətəndaşın ləyaqətindən üstün olmamalıdır" "Heç bir qanun vətəndaşın ləyaqətindən üstün olmamalıdır"
Müəllif: Ayna.az