Hansı dövlət öz əhalisinə necə gün ağlayır – <font color=red> Dar günün sınağı</font>

Dünya

12.04.2020 - 21:10

“Burada imkansız vətəndaşın yardım üçün haralarasa müraciət etməsinə ehtiyac yoxdur, çünki dövlətin məlumat bazasında hər kəs haqda informasiya var”

 

Koronavirus pandemiyası bütün ölkələrin iqtisadi, sosial vəziyyətini çıxılmaz hala gətirib. Dövlətlər vətəndaşlarına müxtəlif formada yardım proqramları ilə dəstək verir. Maraqlıdır, Azərbaycandan kənarda vəziyyət necədir? Bir neçə ölkədəki vəziyyətə orada yaşayan həmvətənlərimizin vasitəsilə AYNA tutmağa çalışaq.

 

Səidə Məmmədəliyeva (İtaliya): “Karantin başlayandan aztəminatlı ailələrə pul ayrıldı. Bu, İtaliyanın hər vilayətinin öhdəsinə buraxıldı. Onsuz da, burada işsiz insanlar dövlətdən yardım alırdılar. İşləyənlərə gəldikdə isə, məsələn, mən şirkətdə işləyirəm, iş müvəqqəti dayanır, amma dövlət əvəzində mənə aldığım maaşın 70-80%-ni verir. Əlavə dəyər vergisi verənlərə isə əlavə 600 avro verilib. Vətəndaşların narazılığını görəndə, yenidən kiçik və orta sahibkarlıq subyektləri üçün 400 milyard avro pul ayrıldı. Bu, İtaliya tarixində dövlətin ayırdığı ən böyük dəstək paketidir. Böyük banklar şirkətlərə pul ayırır, hökumət həmin vəsaiti şirkətlərin böyüklüyündən və gəlirindən asılı olaraq aralarında bölür. Bir də pandemiya müddətində işini itirənlərə əlavə olaraq 600 avro verilməsi gündəmdədir. Bir sözlə, burada maddi cəhətdən sıxıntımız yoxdur”.

 

Mədinə Məmmədova (Niderland): “Burada kim işləyirdisə, evdə otursa da, maaşı ödənilir. ZZP adlanan işçi qrupu var ki, təcili, sifarişli, əvəzləyici, muzdlu hesab olunan işçi qrupudur. Misal üçün, hansısa xəstəxanada, restoranda əlavə bir müddətlik yaxşı işçi lazımdırsa, onların xidmətindən yararlanır, üstəlik dövlətə vergi verirlər. Onlar daimi işçini əvəz edəndə, saathesabı bir qədər aşağı məbləğdə pul alırlar (1 saatı, təqribən, 30-50 avro), amma yenə də qazanc yeridir. Belə insanları da dövlət unutmadı, onların da aylıq qazancının bir hissəsini verəcək. Belə insanların aylıq qazancı 3000-5000 avrodur, onlar da aldığı yardımdan vergi verəcəklər. Sığorta sistemi də burada öz işini görür. Bundan başqa, dövlət özəl şirkətlərə dəstək verir. Sosial, əlillik, işsizlik müavinətləri həmişəki kimi qaydasında vətəndaşa ödənilir. Hətta, küçədə azsayda olan evsizlər də hökumət tərəfindən dəstək alır, onlara gündəlik yemək verilir, yatmaları üçün xüsusi sığınacaqlar hazırlanıb. Burada göstəriş və tövsiyə olunur ki, insanlar daha çox onlayn ödəmələr etsinlər, nağdsız ödənişlərə üstünlük verilir. Dövlət büdcəsindən 100 milyard avro ayrılıb ki, bundan işsizliyin qarşısının alınması, kiçik və orta sahibkarların itkilərini qarşılamaq məqsədi ilə istifadə olunur. Niderland hökumətinin bir istəyi var - sərt qaydalar tətbiq etmədən virusla mübarizəni aparsın. Bizdə karantinin adı da “intelligent karantin” adlanır, yəni bütün məsuliyyət vətəndaşın üzərinə qoyulur. İnsanlar da çalışırlar ki, dövlətin yürütdüyü siyasətə dəstək olsunlar. Biz də öz aramızda yardımlaşma qrupları yaratmışıq, kasıb insablara kömək etməyə çalışırıq, öz həmvətənlərimiz də var ki, aztəminatlıdırlar. Buranın gəncləri öz aralarında birləşib yaşlı insanlara kömək edirlər”.

 

Məhsəti Şərif (Türkiyə): “Türkiyədə koronavirusdan zərər görmüş vətəndaşların maddi vəziyyətlərinin yaxşılaşması üçün ardıcıl tədbirlər görülür. Pensiyaçılara öz pensiyalarından əlavə 1000 TL (350 AZN – red.) pul verilməyə başlanılıb. Türkiyədə 13 milyon nəfər belə insan var. Bundan başqa, bütün sığortalı və sığortasız vətəndaşlara yardım paketi veriləcək. Ailədə hər böyük adama 400 TL, uşaq üçün 100 TL nəzərdə tutulub. Hər bir vətəndaşa koronavirusla bağlı pul veriləcək. Bundan başqa, aztəminatli ailələrə, rəsmi iş yeri olmayan şəxslərə 1000 TL yardım veriləcək. Bu pulu poçt əməkdaşları evlərə çatdıracaqlar. Bir də belə ailələri dövlət qurumu yenidən axtarıb tapmır, hər kəsin vəziyyəti, sosial durumu dövlətə bəllidir. Çünki “e-dövlət” portalında hər kəsin barəsində məlumat var. Yəni insanlar yardım üçün heç yerə müraciət etmir, dövlət hər bir vətəndaşın sosial durumundan xəbərdardır. Bir də muxtarlıqlar var. Əgər “e-dövlət” kiminsə kasıb olması haqda məlumatsızdırsa, muxtarlıq həmin şəxsində maddi imkanı barədə arayış təqdim edir. Bundan başqa, hazırda 4 milyon insan bələdiyyədən “fakirlik yardımı” alır - hər ay 150 TL. Bir sözlə, burada insanlar ac qalmır, bütün hallarda bələdiyyənin büdcəsi yaxşı olduğundan, insanların müraciətləri cavabsız qalmır. Sığorta siyasəti də doğru aparıldığından problemlər tez aradan qaldırılır. İndi də koronavirusa görə insanların evdə oturması naminə bütün işlər görülür. Maskalar belə, insanlara pulsuz paylanılır, evlərə çatdırılır. Evdə hər yetkinlik yaşına çatmış adama həftəlik 5 pulsuz maska verilir”.

 

Elnur Salmanov (ABŞ): “ABŞ-da insanlara dəstək kommunal xərclərə güzəştlərdən başladı. İlk növbədə mail atdılar ki, işıq, qaz pulu və digər ödənişlərlər geciksə belə, kəsilməyəcək. Ən vacib məsələ olan tibbi sığorta xidməti bəyan edib ki, COVID-19 ilə əlaqədar testlər və müalicə xərclərini sığorta qarşılayır və plana daxil edilib. Çünki burada səhiyyə xərcləri bahadır deyə, sığortasız çətin olardı. Digər məqam - sığorta ödənişi vergisindən azad oldunduq. Maraqlısı ondadır ki, uşaqlar məktəbdən qalmalı olsalar da, karantin müddətində belə, məktəbdə uşaqlara verilən səhər və günorta yeməkləri itmir, kim istəsə, gedib orada təzə hazırlanmış payını götürə bilər. Böyüklərə adambaşı 1200, uşaqlara 500 dollar yardım verilir. Biz vergi ödəyicisi olduğumuz üçün fərq etmir, yəni “green kart” sahibləri də bu kriteriyaya daxldir. İllik gəliri 75 min dollardan aşağı olanlara bu həftədən pullar verilməyə başlayacaq. Bu yardımın işsizlik sığortasına aiddiyyəti yoxdur, işini itirənlər həftəlik 600$ pul alacaq. Dövlət səviyyəsində digər vacib addımlardan biri sahibkarlara dəstək verilməsidir. Mənim də kiçik biznesim vardı, alış-veriş mərkəzindəki işim bağlandı, indi müraciət etməyə çalışacam, görüm necə yararlanmaq olar. Bir də, müxətlif qurumlar, QHT-lər, fərdlər də imkansızlara yardımlar edirlər. Məsələn, COVID-19 İnformasiya Mərkəzi var, kim nə yardım edə bilərsə, köməyini təklif edir. Mən də təklif etmişəm ki, kiməsə ərzaq, dərman lazımdırsa, alım, evlərinə aparım, maşınım var”.

 

Qurban Ələkbərov (Almaniya): “Almaniyada dövlət, əsasən işsizliyin artmasının qarşısını almaq üçün tədbirlər görür. Burada kiçik sahibkarlar üçün 15 min avroya qədər subsidiya şəkilində dəstək proqramları işə düşüb. İşini davam etdirə bilən belə müəssisələr işçilərinin sayına uyğun dövlət tərəfindən 3 aylıq maddi yardımdan yararlana bilər. Ötən həftə buna görə alman hökuməti 1,4 milyard avroluq paketlə 140 mindən çox kiçik və özəl sahibkara maddi dəstək göstərib. Müraciət edən sahibkarlar işçi sayına, gəlirlərinə uyğun olaraq dəstəkdən yararlanırlar”.

 

Müəllif: Raminə Eyvazqızı