Hamının unutduğu qanun - Əli bəyin formulu işə yaradı

Cəmiyyət

23.01.2023 - 14:40

Bu xəbərdarlığı siqaret tüstüsündən yaşarmış gözlərinizi siləndən sonra oxuya bilərsiniz

Azərbaycanlılar səxavətli, qonaqpərvər, mehriban, sadəlövh xalqdır (bunu erməni “qardaşlarımız” bizə açıq-aydın sübut etdilər), lakin qanuna tam riayət etmirlər. Təbii ki, bütün ölkə vətəndaşlarını bu cərgəyə aid etmək düzgün olmazdı, amma ictimaiyyətin əhəmiyyətli bir hissəsi qanun və qaydalar formatında qurulmuş çərçivələri qəbul etmir.

Məsələn, bəzi vətəndaşlar qaydalara zidd olaraq avtomobillərini parklanmaya icazə verilən yerdə deyil, istədikləri yerdə saxlaya bilərlər. Yaxud işıqforun qırmızı işığına baxmayaraq, küçənin hərəkət hissəsini asanlıqla keçə bilən piyadaları götürün. Sürücünün azadlığına, həm də öz həyatına təhlükə varmı? Veclərinə də deyil. Qanunun əhatə dairəsi mənim üçün deyil.

Bəlkə də, ən populyar və aydın şəkildə bu xüsusiyyət möhtəşəm "Ordan-Burdan" televiziya tamaşasında göstərilir. Baş qəhrəmanlardan biri, fotoqraf Əli bəy az qala dərsliklərə düşəcək bir cümlə deyir: “Qanun bir sütundur. Onun üstündən tullanmaq mümkün deyil, ancaq onun yanından keçmək mümkündür”.

Milli Məclisdə hər il bəzi qanunlar qəbul edirlər. Əksər hallarda, məhz bu qanunlarda hər şey o qədər mürəkkəb bir dildə yazılıb ki, bəzən hətta deputatların özləri də yazılanların nə olduğunu başa düşmürlər. Bəzi parlamentarilər isə heç nəyi başa düşmürlər.

Amma qəbul edilmiş qanunlar var ki, ümumiyyətlə, hamı üçün əlçatandır. Məsələn, 2017-ci ilin sonunda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib.

Xatırladaq ki, qanun ictimai yerlərdə tütün məmulatlarının çəkilməsinin qadağan olunmasını nəzərdə tutur. Siyahı kifayət qədər həcmlidir və buna görə də oxucunu yormamaq üçün özümüzü restoranlarda, kafelərdə, barlarda və digər ictimai iaşə obyektlərində siqaret çəkməyi qadağan etməklə məhdudlaşdırırıq.

Bu qadağa içki verilən müəssisələrə baş çəkən əhalinin siqaret çəkməyən hissəsinin sözlə ifadə olunmaz sevincinə səbəb oldu və tütün tüstüsünü sevənləri ümidsizliyə saldı. Sonuncuları başa düşmək olar: hər şeydən əvvəl, spirtli içkilərin qəbulundan sonra ləzzətin bütün bədənə yayıldığını tam başa düşməyə imkan verən məhz tütün tüstüsüdür.

Ancaq bəzilərinin sevinci, bəzilərinin narahatlığı uzun sürmədi. Əli bəyin formulu işə yaradı. Bir il keçmədi ki, qanun unuduldu. Və hamı unutdu. Həm deputatlar, həm restoran, kafe, bar sahibləri, həm də müştərilər.

Amma, deputatlarla bağlı həqiqətə qarşı kiminsə haqqına girirəm. 2019-cu ilin sentyabrında Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva Azərbaycanda 2017-ci ildə qəbul edilmiş “Tütün məmulatlarının istifadəsinə məhdudiyyətlər haqqında” qanuna hazırda əməl olunmadığını bildirib.

Bu gün kafe və ya bara girmək kifayətdir və ilk növbədə divarda xəbərdarlıq yazılmış vərəqə kimi bir şey diqqəti cəlb edir: Siqaret çəkmək qadağandır. Amma siz bu xəbərdarlığı yalnız siqaret tüstüsü buludlarından yaşarmış gözlərinizi siləndən sonra oxuya bilirsiniz.

Nadir istisnalarla, bu nümunə bir çox içki verilən iaişə müəssisələrdə müşahidə olunur. Qeyd edək ki, söhbət paytaxtın mərkəzində yerləşən kafe və restoranlardan gedir. Bu halda Bakının rayonlarında kafe və barlarda bu məsələ ilə bağlı vəziyyətin necə olduğunu təsəvvür etmək asandır.

Yeri gəlmişkən, daha bir vacib nüansı qeyd etmək lazımdır. Kafe və barlarda təkcə mülki şəxslər deyil, həm də qanunun icrasına nəzarət etməli olan hüquq-mühafizə orqanlarının əməkdaşları “sütun”un yanından keçirlər. Ancaq onları heç bir şəkildə qınamaq olmaz: polis də azərbaycanlıdır və onlar da televiziya tamaşalarına baxırlar...

Müəllif: Fed Bakinski