Gürcüstan Baş Prokurorluğu müxalifəti əməkdaşlığa çağırıb

Dünya

31.10.2024 - 16:10

Həkimlər Klinikalar SEO Xidməti

“İstintaqla əməkdaşlıq etmir və müvafiq məlumat verməkdən imtina edirlər ki, bu da istintaq prosesini çətinləşdirir”

Gürcüstan Baş Prokurorluğu oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində saxtakarlığa yol verdiyini iddia edənləri əməkdaşlığa çağırıb. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.

“Seçkilər zamanı törədilən mümkün cinayətlərlə bağlı əllərində məlumat və sübutların olduğunu açıq şəkildə deyən şəxslər hələ də istintaqla əməkdaşlıq etmir və müvafiq məlumat verməkdən imtina edirlər ki, bu da istintaq prosesini çətinləşdirir. Baş Prokurorluq onları operativ şəkildə istintaq orqanlarına məlumat verməyə və istintaqın tez, səmərəli və obyektiv aparılması üçün əməkdaşlığa başlamağa çağırır”, - qurumun məlumatında qeyd olunub.

Bildirilib ki, istintaq orqanları həm seçkiqabağı dövrdə, həm də səsvermə günü qeydə alınan qanun pozuntuları ilə bağlı ümumilikdə 47 iş açıb. Söhbət seçicilərin iradəsinə təsir, səsvermənin sirrinin pozulması, seçicilərin rüşvətxorluğu, jurnalist fəaliyyətinə maneçilik, zorakılıq və hədə-qorxu, seçki məntəqələrində və ya partiyanın bannerlərində əmlaka ziyan vurma faktlarından gedir.

Oktyabrın 30-da Gürcüstanın Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasının sorğusu əsasında parlament seçkilərində baş verə biləcək saxtakarlıqlarla bağlı araşdırmaya başladığını elan edib. Komissiya Prezident Salome Zurabişvili və digər müxalifət siyasətçiləri də daxil olmaqla, çoxsaylı saxtakarlıq iddialarının araşdırılmasına çağırıb.

Zurabişvili istintaq orqanına gəlməkdən imtina edib. O qeyd edib ki, sübut toplamaq prokurorluğun öz işidir. Eyni zamanda, Prezident baş verənləri “açıq-aşkar siyasi proses” adlandıraraq, istintaqın ona qarşı yönəldiyini iddia edib.

Müəllif: Ayna.az