Gözlər “Altılı masa”da – Türkiyə müxalifətinin qərarı Yavaş olacaq?

Dünya

02.03.2023 - 10:20

Aqil Səmədbəyli: “Xalq arasında da, müxtəlif təbəqələr arasında da arzulanan ad Mansur Yavaşdır”

Türkiyədə 14 mayda keçirilməsi gözlənilən prezident və parlament seçkiləri təxirə salınmayacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bildirib. “Yaxşı bilin ki, İnşallah, bu xalq mayın 14-də lazım olanı edəcək”, - deyə Türkiyə lideri bəyan edib.

Qeyd edək ki, ölkənin cənub-şərqində baş verən güclü zəlzələyə görə həmin ərazilərdə 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib. Bu vəziyyətlə bağlı seçkilərin təxirə salınacağı, vaxtının dəyişdiriləcəyi gözlənilirdi. Lakin Türkiyə Prezidenti deyilənlərə nöqtə qoymuş oldu. Yəni ki, seçkilər təyin olunduğu tarixdə keçiriləcək.

Digər yandan, Türkiyə müxalifətinin toplaşdığı “Altılı masa”nın Prezident postuna vahid namizədini bu gün – martın 2-də elan edəcəyi gözlənilir. “Altılı masa”nın ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından (CHP) vahid namizəd çıxaracağı bildirilir və üç ad daha çox çəkilir. Namizədin ya CHP lideri Kamal Kılıçdaroğlu, ya İstanbulun CHP-dən olan bələdiyyə başqanı Əkrəm İmamoğlunun, ya da Ankaranın CHP-dən olan bələdiyyə başqanı Mansur Yavaşın olacağı gözlənilir.

Mövzu ilə bağlı AYNA-nın suallarını Türkiyədə yaşayan azərbaycanlı ictimai-siyasi xadim Aqil Səmədbəyli cavablandırıb. Onun sözlərinə görə, əsas məsələ bu idi ki, müxalifət birləşə biləcəkmi:

- Artıq məlumdur ki, əsas müxalifət partiyaları “Altılı masa” ətrafında birləşdi. İndi növbədə vahid namizədi müəyyənləşdirməkdir. Bu gün elan olunacağı gözlənilən namizədlər ətrafında müzakirələr gedib. Bir neçə siyasi fiqurun adı hallanır. Xalq arasında da, müxtəlif təbəqələr arasında da arzulanan ad Mansur Yavaşdır. Lakin “Altılı masa” hansı qərarı verəcəksə, hansı adın üzərində dayanacaqsa, o da seçki mararafonunda namizəd olaraq iştirak edəcək. Hər halda müxalifət koalisiyasındakı partiya liderləri bütün parametrləri ölçüb-biçiblər. “Cumhur ittifaqı”nın namizədi artıq bəllidir – namizəd hazırki Prezident Ərdoğan olacaq. Çox gərgin mübarizə şəraitində keçən seçkinin şahidi olacağıq. Zəlzələ fəlakəti də Türkiyənin ictimai-siyasi həyatına ciddi təsir göstərdi. Müxalifətin namizədi kim olur-olsun, seçkilərin gərgin mübarizə şəraitində keçəcəyi şübhəsizdir. Zəlzələ səbəbindən seçimlərin təxirə salınacağı gözlənilsə də, elə qərar verilmədi. Müxalifət də seçkilərin təxirə salınmasını istəmirdi. Bir növ onların da istəyi nəzərə alınmış oldu. Mən dəqiq deyə bilmərəm ki, “Altılı masa” kimi müəyyənləşdirib, kimin adını namizəd olaraq göstərəcək. Çünki adları çəkilən hər üç şəxs – Kılıçdaroğlu, Yavaş və İmamoğlunun hər birini namizəd kimi göstərə bilərlər.  

- Dediniz ki, çox gərgin mübarizə olacaq. Bu, seçkilərin nəticələrinə təsir göstərəcəkmi?

- Əlbəttə, xeyr. İndidən demək olar ki, seçkilər demokratik şəraitdə keçiriləcək. Hesab etmək olar ki, “Cumhur İttifaqı”nın namizədi Prezidentdir, əlində resursları çoxdur. Amma nəzərdən qaçırmaq olmaz ki, Türkiyədə oturuşmuş seçki sistemi mövcuddur. Bu sistemə xələl gətirilməsi çətindir, mən deyərdim ki, mümkünsüzdür. Türkiyədə siyasi rəqabət mühiti sərbəstdir. Əsas Türkiyə xalqının iradəsidir. Hər şey xalqın iradəsindən asılıdır. Hesab edirəm ki, Türkiyə xalqının iradəsi kimi istəyəcəksə, həmin adam ölkənin başına keçəcək və buna əngəl olmaq mümkün deyil.

- Türkiyədə hakimiyyət dəyişikliyi baş verərsə, bunun Azərbaycana təsirini necə görürsünüz?

- Bəri başdan deyim ki, Türkiyədə hakimiyyətdə hansı qüvvələrin olmasından asılı olmayaraq, Azərbaycanla bağlılıq, qardaşlıq davam edəcək. Azərbaycanla Türkiyə qardaş ölkələrdir və bu həqiqəti heç kəs dəyişə bilməz, bu bağlar heç vaxt qopmayacaq.

- Fikirlər var ki, müxalifət hakimiyyətə gələrsə, o zaman Azərbaycanla münasibətlərə yenidən baxılacaq və indiki yüksək qardaşlıq münasibətləri mənfiyə doğru eniş edəcək...

- Azərbaycan xalqının həyəcanına əsas yoxdur. Mən anlayıram ki, xalqımız qardaş ölkədə baş verən proseslərin müsbətə doğru olmasını arzulayır. Haqlıyıq da. Amma nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər şəxslər üzərində yox, strateji xətt üzərində qurulub. Bu əlaqələr, qardaşlıq tarixi köklərə malikdir və daha dərin qatlardadır. Bunu dəyişmək az qala mümkünsüzdür. Türkiyə xalqı kimi rəhbər seçəcəksə, onu təbrik etməliyik.  

Bütün hallarda isə biz azərbaycanlılar olaraq Türkiyənin güclü olmasını arzulayırıq, Türkiyənin güclü olmasında maraqlıyıq. Türkiyə bir az büdrərsə, o zaman bu, nəinki Türkiyə türklərinin, Azərbaycan və bütün dünyadakı türk xalqlarının ziyanınadır. Çünki Türkiyə türk dünyasının lokomotividir. Zəlzələ fəlakəti Türkiyəni sarsıtdı, bir qədər ölkənin başı fəlakətə qarışdı. Dərhal biz gördük ki, kənarda olan türklərə qarşı aqressiyalar göstərildi. Məsələn İraqda türkmənlərin dili yasaqlandı, İranda Azərbaycan türklərinə qarşı addımlar atıldı. Bu mənada Türkiyənin güclü olması türk xalqları üçün həyati vacib amildir. Türkiyənin güclü olması həm də Azərbaycanın güclü olması deməkdir, bunu heç kəs unutmamalıdır.

Yenə deyirəm, tam demokratik seçkilərin keçirilməsi şübhəsizdir. Arzu edərdik ki, Azərbaycanda da qardaş ölkədəki kimi seçkilər demokratik keçirilsin, ədalətli siyasi mübarizə şəraiti olsun. Bu zaman Azərbaycana qarşı hansısa təzyiqlərin qarşısında dayana bilək. İndidən Türkiyəyə seçkilərdə uğurlar arzulayıram. Barış şəraitində seçkilərin keçirilməsi vacibdir və inanıram ki, belə də olacaq.

Müəllif: Anar Bayramoğlu