Xəbər verildiyi kimi, Milli Məclis hərbi qanunvericiliyə bir sıra əlavə və dəyişiliklərlə bağlı məsələlərə baxacaq.
Şübhə etmirəm ki, bu dəyişiliklər formal da olsa gündəliyə salınaraq qəbul olunacaq. Mən dəfələrlə demişəm də, yazmışam da, nə vaxta kimi bizim qanunvericilik orqanımız olan Milli Məclis digər qanunlardan tam fərqli olaraq xüsusən hərbi qanunvericiliklə bağlı məsələlərə elə sıradan adi bir məsələ kimi baxacaq, çox dolaşıq vəziyyət yaranacaq. Bir qədər aşağıda konkret bir misalla fikrimi izah edəcəyəm.
Qanunları hazırlayan şəxslər əvvəl ictimaiyyət arasına çıxıb qəbul etmək istədikləri əlavə və dəyişiliklərin ictimai müzakirəsini təşkil etməli, sonra onları güc strukturlarının müvafiq idarə və şöbələri ilə birgə bir daha nəzərdən keçirməli, yalnız ümumi razılıq olandan sonra Milli Məclisin plenar iclasına çıxartmazdan əvvəl, müvafiq komitədə bir daha hərtərəfli müzakirə aparmalıdırlar.
Baxın görün nə təklif olunur. Dövlət orqanlarının strukturuna daxil olan qurumlarda hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər sığorta olunacaq. Guya indiyə kimi bu belə deyildi ki? “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsinə (Sığorta olunanlar) bəndində bu aydın şəkildə göstərilimişdi. Loru dillə desək, mən Cəfərov olaraq hərbi xidmətə daxil olduğum andan, fərq etmir, ya həqiqi (əsgər və ya çavuş kimi), ya zabit və ya gizir kimi, ya da toplanışlarda (zborlarda) olduğum andan sonadək dövlət qurumu olan güc strukturları mənim həyatımı sığortalayır, mənimlə bağlı istənilən hadisəyə görə məsuliyyət daşıyırlar.
Mənimlə bağlı baş verə biləcək istənilən hadisəyə, xəstəlik və ya digər hallara görə də mən sığortalı şəxs kimi müəyyən dövlət zəmanəti, maddi təzminatla əhatə olunmuş sayılıram. Və yaxud, təklifə əsasən, “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəzlənməlidir, kimi təklif olunur. Ay peşəkar yoldaş və tovarişlər, məgər qanunun adında aydın şəkildə yazılmayıb ki, "Hərbi qulluqçuların dövlət icbari sığortası ..." sözləri elə hərbi xidmət anlayışını ehtiva edir?! Bu nə hoqqabazlıq və söz oynatmasıdır belə? Bu təklifi verən adamın üzünə baxmaq istərdim? Görəsən, bu adam ümumiyyətlə hərbi xidmətdə olub və bu adamın hərbi xidmət sözünün mənasından anlayışı var, ya yox? Ayıbdır, vallah ayıb və gülüncdür.
Mən digər məsələlərə toxunub vaxtınızı çox almaq istəmirəm. 1 misalla fikirlərimi yekunlaşdırmaq istərdim.
Qanunun 21.2.3-cü bəndinə təklif edilən dəyişikliyə görə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil ediləcək.
Axı bu günə kimi bizdə olmalı olan "Alternativ" Xidmət haqqında qanun hələ də qəbul olunmayıb. Belə olan halda, siz necə olur ki, bu xidmət növunü də Qanunda göstərirsiniz? Olmayan bir şeyi siz hansı ağıl və dərrakə ilə qanunvericliyə salırsınız, bax bu mənə çatmır. Mən başa düşürəm, ay müharibə belə gəldi, döyüş belə getdi filan. Ona görə bu alternativ xidmət ilə bağlı qanunun qəbulu sonraya saxlanılıb və sairə.
Bir də ən əsası:
Təklif olunan dəyişilikdən biri də, bax budur: Qanun hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərə şamil edilə bilər.
Adama deyərlər ki, Qanunun iki forması olur. O ya tətbiq olunur, ya da olunmur. "Oluna bilər" nə deməkdir, xahiş edirəm izah edin.
Qeyd edim ki, bundan əvvəlki illərlə işlənmiş variantda sözün mütləq mənasında verilən cümlə, indi qeyri-müəyyən, bürokratik əngəllər üçün görün necə təklif olunur: oluna bilər. Gözünüzə girsin sizin dəyişilikləriniz. Heç olmasa, öz savadsızlığınızı, hərbidən anlayışınızın olmamasını qanunlara yerləşdirməyin...
Qaş düzəldən yerdə vurub gözü də çıxaran toplum, oxuyun, öyrənin, sonra millətə ağıl verin....
Allah Azərbaycanımızı bəzi savadsız idarəedənlərdən qorusun!
Hərbi ekspert Üzeyir Cəfərov