Qaya parçası qısa müddət ərzində xüsusi texnika ilə dağıdılaraq ərazidən uzaqlaşdırılıb
Bu gün gecə saatlarında Gəncə-Daşkəsən avtomobil yolunun 29-cu kilometrliyində iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, hadisə nəticəsində yolun bir zolağı üzrə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.
Dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
İri qaya parçası qısa müddət ərzində xüsusi texnika ilə dağıdılaraq ərazidən uzaqlaşdırılıb, sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub.