Fələstin tərəfdarlarından Ostinə etiraz: evinin qarşısına peyin töküblər

Dünya

27.03.2024 - 15:11

Pentaqonun sözçüsü nazirin evinin yaxınlığında “kiçik etiraz”ın keçirildiyini təsdiqləyib

Fələstin tərəfdarları Pentaqonun rəhbəri Lloyd Ostinin evinin qarşısına peyin töküblər. AYNA xəbər verir ki, bu barədə “Politico” yazıb.

Qeyd olunub ki, internetdə nümayişçilərin ABŞ müdafiə nazirinin evinin yaxınlığında qışqırdığı videolar yayılır. Onlar “Ostin, oyan, işğal cinayətdir!” şüarları səsləndirirlər.

Pentaqonun sözçüsü təfərrüatları açıqlamadan Birləşmiş Ştatların Müdafiə Nazirliyi rəhbərinin evinin yaxınlığında “kiçik etiraz”ın keçirildiyini təsdiqləyib.

Bundan başqa, naməlum şəxs ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın evinin qarşısına peyin töküb və polis müdaxilə edib.

Bu barədə “Fox News” telekanalı hüquq-mühafizə orqanlarının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Hadisə martın 25-də baş verib. Mətbuatda yayılan məlumata görə, şəxsiyyəti hələlik müəyyən edilməmiş təcavüzkar avtomobillə keçərkən Sallivanın evinin qarşısına peyin atıb. Gizli təhlükəsizlik xidməti dərhal hadisəyə diqqət yetirib və dərhal hadisə yerinə polisin minalardan təmizləmə qrupu gəlib. Bildirilib ki, minalardan təmizləmə qrupları Sallivanın evi yaxınlığında partlayıcı əşyalar tapmayıblar.

Müəllif: Ayna.az