Ermənistanın məcburiyyəti: Ağdamın mina xəritələrini aldıq, qaldı digər ərazilərin xəritələri

Aktual

15.06.2021 - 10:20

Deputat: “Digər rayonlarımızın da mina xəritələrini Ermənistan təqdim etməyə məcbur qalacaq”

 

Ekspert: “Azərbaycan bu xəritələrin alınması üçün başqa təsir mexanizmlərinə də malik idi”

 

İyunun 12-də Ermənistan tərəfi Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir ki,  əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

 

“Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik. Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir”, - deyə XİN-in açıqlamasında vurğulanıb.

 

Bir sıra analitiklər bildirirlər ki, bu, Azərbaycan diplomatiyasının uğurudur. O mənada ki, 97 min minanın Ağdamdan təmizlənməsi böyük zaman, xeyli maddi resurs tələb edirdi. Eyni zamanda, minaaxtaranların təhlükəsizliyi baxımından da, hazırda başlanan quruculuq işlərini həyata keçirən insanların təhlükəsizliyi baxımından xəritələrin əldə edilməsi müsbət haldır. “Ermənistanın təqdim etdiyi xəritələrə nə qədər güvənmək olar?” sualı da var.

Deputat Cavid Osmanov: “Təmsil etdiyim bölgədəki bələdiyyələrin fəaliyyəti  məni qane etmir” - MÜSAHİBƏ

Məsələ ilə bağlı deputat Cavid Osmanov AYNA-ya deyib ki, mina xəritələrinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü və mina xəritələrini verməyə məcbur qaldığını sübut edir.

 

Millət vəkili də qeyd edir ki, mina xəritələrinin əldə edilməsi qısa müddət ərzində ərazilərin minalardan təmizlənməsinə gətirib çıxaracaq ki, bu da on minlərlə insanın həyat və sağlamlığını təhlükədən xilas etmək deməkdir: “Məlumdur ki, artıq Ağdamda bərpa-quruculuq işlərinə başlanılıb. Mina xəritələrinin əldə edilməsi, eyni zamanda, Ağdamda bərpasına başlanılan layihələrinin daha sürətlə və təhlükəsiz şəkildə icrasına töhfə verəcək. Bərpa-quruculuq işlərinin nə qədər tez başa çatması isə bu rayondan olan məcburi köçkün soydaşlarımızın bir o qədər tez müddətdə doğma ev-eşiklərinə qayıdışını təmin edəcək”.

 

“Prezidentin apardığı uğurlu diplomatiya ilə işğaldan azad edilmiş digər rayonlarımızın da mina xəritələrini Ermənistan təqdim etməyə məcbur qalacaq. Qaldı ki, onların xəritələrinə güvən, əlbəttə, bu yoxlanılır, dəqiqliyi araşdırılır. Mütəxəssislər hərtərəfli yoxlanışa yəqin ki, başlayıblar”, - deyə deputat vurğulayıb.

Cənubi Qafqazın təhlükəsizliyinin real təminatçısı VİDEO - İki sahil

Hərbi ekspert Ədalət Verdiyev AYNA-ya deyib ki, Ermənistan xəritələri vermək niyyətindən uzaq olsa da, sonunda məcbur oldu: "Azərbaycan isə əvəzində 15 nəfər bizim üçün ağır cinayətlərdə əli olmayan erməninin geri qaytarılmasına razılıq verdi. Ermənistan tərəfinin Ağdam ərazisində basdırılan 97 min minanın yerləşdiyi əraziləri özündə əks etdirən xəritəni Azərbaycan tərəfinə verməsi, münaqişədən sonrakı müddətdə əldə etdiyimiz mühim bir addımdır. Hesab edirəm ki, hər iki tərəf arasında və tam fərqli formatda, yəni Rusiya sülhməramlılarının deyil, Gürcüstan, ABŞ və Avropa İtttifaqının vasitəçiliyi ilə Gürcüstan-Ermənistan sərhədində baş tutan bu mübadilə prosesi gələcək birgə fəaliyyətlər üçün münbit etimad mühiti yaradır”.

 

"Gələcəkdə digər rayonların minalanmış ərazilərinin xəritələrini də Azərbaycana verilməsi gözlənilir. Əlbəttə, Azərbaycan tərəfinin tək narahatlığı bu xəritələrlə bağlı deyil. Bu xəritələrin verilməməsini digər problemlərlə bir yerdə kompleks şəkildə toplasaq, Ermənistanın postmünaqişə dövründə götürdüyü öhdəliklərə 7 aydan uzun bir müddət ərzində əməl etmədiyini görərik. Bu məsələnin bir-iki ay içərisində razılaşdırılaraq Gürcüstan sərhədində həyata keçirilməsi, Ermənistanın başqa çıxış yolu olmadığını da nümayiş etdirir”, - deyə ekspert qeyd edib.

 

Onun sözlərinə görə, Azərbaycan bu xəritələrin alınması üçün başqa təsir mexanizmlərinə də malik idi: “Ermənistan tərəfinin mexanizmləri sadəcə hay-küy salıb, Avropa, ATƏT və digər ölkələri münaqişəyə cəlb etmək və onları sərhəd zonasına dəvət etməkdən ibarət idisə, Azərbaycan tərəfininsə kifayət qədər ciddi təsir mexanizmləri vardı. Lakin bunların heç birini Azərbaycan tərəfi tətbiq etmədi, tam əksinə, saxlanılan ermənilədən 15 nəfərini geri qaytarmaqla etimad mühitinin yaradılmasına üstünlük verdi”.

 

Xəritələrin etibarlılıq məsələsinə gəlincə, Ə.Verdiyev deputat C.Osmanovun dediklərini təkrarlayıb: “Təbii ki, mütəxəssislər həmin xəritələrin etibarlılığını yoxlayırlar, bəlkə də yoxlanılıb. Ermənilərdən hər şey gözləmək olar, amma belə məsələlərdə riyakarlıq etmələri çətindir. Əsas ona diqqət yerirmək lazımdır ki, nə qədər insanın təhlükəsizliyi təminat altına alınır. 97 min kiçik rəqəm deyil. Bunun üçün böyük maliyyə, zaman, resurs, insan enerjisi lazım olacaqdı. İndi minalardan Ağdam daha tez və az xərclə təmizlənəcək”.

Müəllif: Anar Bayramoğlu