Amerikalı ekspert: “Sarkisyan əvvəlcə düşünməli, sonra danışmalı idi”
Ermənistan Prezidenti Armen Sarkisyan “Kommersant”a verdiyi müsahibəsində Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə marağının enerji geosiyasəti ilə əlaqəli olduğunu deyib. Onun sözlərinə görə, “Müharibədə Azərbaycan qalib gəlsə, Türkiyə Avropaya gedən neft və qaz boru kəmərlərini idarə edəcək”.
Bu, əslində Türkiyənin strateji hədəflərinin yanlış qiymətləndirilməsidir, çünki Azərbaycan hələ Dağlıq Qarabağ və işğal altında olan yeddi bölgə üzərində suverenliyini tam bərpa etməsə də, Ankara artıq belə bir rolu oynayır. Üstəlik, Türkiyə bunu qismən Rusiyanın dəstəyi ilə edir, buna görə də Sarkisyanın “qorxularına” Moskva məhəl qoymayacaq.
Amerikalı siyasi şərhçi Endryü Korıbko AYNA-ya şərhində, Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin 2005-ci ildə açıldığını və bu ilin oktyabr ayının əvvəllərində isə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) Avropaya qaz tədarükünə başlamağa hazır olmasının elan edildiyini xatırladıb: “Hər iki layihənin Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur, baxmayaraq ki, mövcud münaqişə zonasına bir qədər yaxın ərzidən keçirlər. Bu boru kəmərləri Azərbaycanın enerji ixracatının diversifikasiyasına və Türkiyənin regional enerji meneceri olma hədəfinə yardım etdi ki, bu da öz növbəsində Ankaranın qlobal strateji statusunu artırdı. Ancaq bunlar ermənilər təqdim etməyə çalışıdıqları kimi, Rusiyanın maraqlarına qarşı yönəlməyib”.
Həmsöhbətimizin sözlərinə görə, Avropa İttifaqı və digər enerji istehlakçıları bu cür qaynaqları kimdən almalarına qərar vermək kimi suveren hüquqa malikdir: “Heç bir alıcı yalnız bir təchizatçıdan asılı olmaq istəmir, bu səbəbdən diversifikasiya, prinsipcə, təbii bir inkişafdır və mahiyyət etibarilə Rusiyaya qarşı bir şey deyil. Bundan əlavə, Rusiya hökuməti son 10 ildə təbii ehtiyatların satışından əldə etdiyi gəlirlərdən büdcənin qeyri-mütənasib asılılığının diversifikasiyası üzərində işləyir. Bu isə ənənəvi müştərilərinin enerji şaxələndirmə siyasətinin, bəzi müşahidəçilərin düşündüyündən fərqli olaraq, Moskvaya daha az mənfi təsir göstərəcəyi deməkdir”.
Korıbko hesab edir ki, bu kontekstdə unutmamalı olduğumuz ən vacib məqamlardan biri də Rusiyanın “Türk axını” vasitəsi ilə Türkiyənin regional enerji idarəetmə mərkəzinə çevirilməsi hədəflərini təşviq etməsidir: ““Cənub axını”nı əvəz etmək məqsədi daşıyan bu layihə Rusiya qazının Qara dəniz və Türkiyə üzərindən Cənub-Şərqi və Mərkəzi Avropaya ixracını təmin etməyi hədəfləyib. Rusiya “Mavi axın” qaz kəməri ilə qurulan dərin etimad sayəsində öz qazının cənub istiqamətində Avropaya tranzitinin təmin edilməsində köhnə Bolqarıstan tərəfdaşlarından daha çox Türkiyəyə güvənə biləcəyini bilirdi”.
“Xatırladım ki, bütün bu planlar ötən ayın sonunda Azərbaycanın əks-hücuma başlamasından və Dağlıq Qarabağdakı status-kvonun dəyişməsindən əvvəl həyata keçirildi. Bu səbəbdən Sarkisyanın Türkiyənin bu münaqişədəki strateji maraqlarının enerji geosiyasəti ilə şərtləndirildiyini iddia etməsi və belə bir hədəfin Rusiyanın maraqlarına zidd ola biləcəyinə eyham vurması gülüncdür. Əslində, bu müharibədə enerji maraqları ola bilən tərəf Ermənistandır. Bundan əvvəl onun raketlərindən birinin Bakı-Novorossiysk neft kəmərinin təhlükləli yaxınlığında düşdüyü bildirilmişdi. Məlumat doğrudursa, deməli, bu, olduqca təhlükəli bir tendesiyadır”, - analitik vurğulayıb.
Bu səbəblərdən, həmsöhbətimiz düşünür ki, Sarkisyanın Türkiyənin münaqişədəki enerji maraqları ilə bağlı yalan açıqlamalarının Ermənistanın məsələ ilə əlaqəli maraqlarından yayındırmaq məqsədi daşıdığına diqqət yetirməmək olmaz: “Hər halda, bu faktlarla izah edildiyi kimi, Sarkisyanın iddiası etibarlı görünmür və prezidentin ümumiyyətlə, niyə belə açıqlama verməsinə dair şübhələri artırır. Mümkün səbəblərdən biri, davam edən informasiya müharibəsinin bir hissəsi olaraq çarəsiz vəziyyətdə Türkiyəyə böhtan atmağa çalışmaq ola bilərdi. Motivasiyası nə olursa olsun, bəlkə də belə bir açıqlama ilə özünü nüfuzdan salmasaydı, daha yaxşı olardı. Çünki bu, deyilən sözün motivləri ilə bağlı onun özünə suallar yaradır”.
Yusuf Poladov,
Xüsusi olaraq AYNA üçün