Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv olunur - <font color=red> RƏSMİ</font>

Siyasət

25.07.2019 - 14:16

XİN: Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi qaldırılır

 

Türkiyə Respublikası vətəndaşları üçün viza tələbinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. AYNA xəbər verir ki, məlumatda deyilir:

 

“Xalqlarımız arasında ortaq etnik-mədəni, tarixi köklərə, qardaşlıq və dostluq, həmrəyliyə söykənən Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir.

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir.

 

Hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ölkələrimiz arasında viza sahəsində əməkdaşlığın dəyərləndirilməsini və xalqlarımızın sərbəst gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirir.

 

Bu baxımdan, Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.

 

Əlavə edək ki, Azərbaycan Respublikası ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.

 

Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları viza tələbindən azad edilmişdi.

 

Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafına növbəti əsaslı töhfə olacaq”.

Müəllif: Ayna.az