Azərbaycan Parlamenti fəaliyyətini rəsmən dayandırdı

Siyasət

04.12.2019 - 14:26

Həkimlər Klinikalar SEO Xidməti

Aparat rəhbəri: “Yeni qanunları 6-cı çağırış Milli Məclis qəbul edəcək”

 

“Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq”.

 

AYNA xəbər verir ki, bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıqlama verib. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı.

 

“Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq, həmin iclaslara Milli Məclisin üzvləri gedəcəklər. Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”, - deyə S.Mirzəyev vurğulayıb.

 

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Parlamentin buraxılması ilə bağlı qərar qəbul edib. Bundan sonra, Parlamentin dekabrın 2-də keçirilən iclasında, Konstitusiyanın 98-1-ci maddəsinə əsasən, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilib.

 

Nəticədə dövlət başçısı bununla bağlı Konstitusiya Məhkəməsinə sorğu ünvanlayıb. Konstitusiya Məhkəməsinin Plenumu bugünkü iclasında Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Müəllif: Ayna.az