Azərbaycan-AŞPA əlaqələri müzakirə olunub

Siyasət

12.09.2019 - 17:24

İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının prezidentini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni qəbul edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, söhbət zamanı AŞPA prezidenti xanım Lilian Mori Paskienin Azərbaycanla tanışlığının, müxtəlif səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olunub.

 

Görüşdə bu il Avropa Şurasının təsis edilməsinin 70 illiyinin qeyd olunduğu və bu çərçivədə keçirilən tədbirlərin önəmi vurğulanıb. Söhbət zamanı Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edilib, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkəmizin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunulub.

 

Müzakirə zamanı Azərbaycanda insan haqlarının qorunması, demokratik inkişafla bağlı məsələlər müzakirə edilib. Habelə Avropa Şurasının gündəliyində duran və qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az