“Ermənistan razılaşmanı pozsa, məsuliyyət vasitəçi ölkənin üzərinə düşəcək”

Siyasət

09.10.2020 - 18:40

İlqar Vəlizadə: “Hazırda fakt odur ki, tərəflər bir-birləri ilə danışıq aparmır, danışıqlar yalnız və yalnız vasitəçi ölkələrlə aparılır”

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 8-də Qarabağda gedən döyüş əməliyyatları ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərinə gedib. Görüşün əsas mövzusunun Qarabağda gedən döyüş əməliyyatları və münaqişənin həlli yollarının müzakirəsi olduğu bildirilir. 

 

Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putin də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini Moskvaya dəvət edib və Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına çağırıb.

 

Maraqlıdır, Azərbaycanın əks-hücum əməliyyatlarının uğurla davam etdiyi zamanda, həm Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Minsk Qrupunun həmsədrləri ilə görüşü, həm də Rusiya Prezidentinin Azərbaycan və Ermənistan XİN başçılarını Moskvaya dəvət etməsi nəyə işarədir? Daha dəqiq desək, sözügedən görüşlər əməliyyatların gedişatına necə təsir göstərə bilər?

По следам Президента: с какой целью Ильхам Алиев совершил визит в Польшу? |  1news.az | Новости

Mövzunu AYNA-ya şərh edən politoloq İlqar Vəlizadə hesab edir ki, Azərbaycanın hərbi əməliyyatları məntiqi ardıcıllıqla gedir və bunu heç kim poza bilməz: “Lakin bu gedişatı yalnız bir şey poza bilər - o da Ermənistan tərəfinin öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkməyə razı olması və buna hansısa bir vasitəçi ölkə tərəfindən zəmanət verilməsi. Bunu açıq demək lazımdır ki, biz artıq Ermənistanla danışıqlar aparmırıq, biz vasitəçi ölkələrlə danışıqlar aparırıq. Təbii ki, bizim etibar etdiyimiz vasitəçi Fransa olmamalıdır. Bizə təminat verilsə ki, Ermənistan öz qoşunlarını geri çəkir, o zaman bu barədə düşünmək olar. Belə olan halda, vasitəçi ölkə bütün məsuliyyəti boynuna alır. Çünki Ermənistan bu razılaşmanı pozsa, məsuliyyət artıq vasitəçi ölkənin üzərinə düşəcək”.

 

“Lakin belə bir vasitəçi ölkə hələlik yoxdur. Ermənistan da silahlı qüvvələrini işğal edilmiş ərazilərdən geri çəkmək istəmir. Belə olan halda isə heç nə dəyişməyəcək. Məsələn, Rusiya Prezidenti Vladimir Putin çıxışında bildirmişdi ki, humanitar şərtləri həyata keçirmək və meyitləri dəyişdirmək üçün 24 saatlıq atəşkəs elan etmək olar. Bu təklifi yəqin ki, Ermənistan tərəfi Putindən xahiş edib. Çünki üstün olan tərəf Azərbaycandır və ermənilər qaçmağa məcbur olurlar. Yəni bizim işğaldan azad edilmiş ərazilərimizdə çoxsaylı erməni separatçılarının meyitləri var. Yaxşı, o zaman bunlar humanitar addım kimi bunu istəyirlərsə, bu təklifi daha da genişləndirmək lazımdır. Yəni, humanitar addımlardan söhbət gedirsə, bizə də zəmanət verilməlidir ki, ermənilər mülki əraziləriməzə atəş açmayacaqlar, bütün əsirləri geri qaytaracaqlar və s. Bir sözlə, humanitar addımlar ancaq Ermənistanın istəyinə uyğun olmamalıdır. Ermənistan buna əməl etsə, bu barədə də düşünmək olar. Amma ermənilər təbii ki, bu şərtlərə də əməl etməyəcəklər”, - deyə Vəlizadə bildirib.

 

Müsahibimiz Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini Moskavaya dəvət etməsini belə dəyərləndirib: “Məlum olduğu kimi, vəziyyət hazırda çox qarışıqdır. Hər iki tərəf tələb və təkliflərini dolayı yollarla səsləndirir. Ona görə də burada yəqin ki, hər iki tərəfin təkliflərini götür-qoy etmək və ortaq məxrəcə gəlmək istəyi var - əgər burada, ümumiyyətlə ortaq məxrəcdən danışmaq olarsa. Amma inam azdır ki, bu məsələdə hansısa ortaq məxrəcə gəlinsin. Həm də danışıqlar prosesi onsuz da pozulub”.

 

“Ona görə də bu prosesi xilas etmək yox, yenidən bərpa etmək niyyətindədirlər. Həm də yaranmış vəziyyətdə “danışıqlar prosesini necə bərpa etmək olar” - deyə, düşünürlər. Yəqin ki, Azərbaycan tərəfindən də, Ermənistan tərəfindən də təkliflər irəli sürüləcək. Ancaq prinsipial yenilik ondan ibarətdir ki, artıq tərəflər bir-birləri ilə danışıq aparmır. Hətta, bu danışıqlar vasitəçi ölkələrin köməyi ilə də aparılmır. Artıq danışıqlar yalnız və yalnız vasitəçi ölkələrlə aparılır”, - deyə politoloq vurğulayıb.

Müəllif: Mərahim Nəsib