“Ermənistan hakimiyyətinin bəyanatları imitasiyadır” – Sabiq nazir

Siyasət

05.01.2023 - 10:21

Tofiq Zülfüqarov: “Ya Vardanyanın dediklərinə uymalı olacaq, ya da Azərbaycanın qaydalarını seçəcəklər”

Yola saldığımız 2022-ci ilin əvvəlində il ərzində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına ümidlər çox olsa da, bu, baş vermədi. Sülh sazişi ilə bağlı bir neçə dəfə liderlər və diplomatlar arasında görüşlər oldu, hansısa məsələlərdə razılıqlar da əldə edildi. Amma sonunda rəsmi İrəvanın öhdəliklərindən boyun qaçırması nəticəsində sülh mümkünsüz oldu.

Bununla yanaşı, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında gərginliklər yaşandı, Ermənistan Azərbaycanla sərhəddə təxribatlara əl atdı. Ötən ilin sentyabrın 13-15 aralığında isə düşmənin təxribatı şiddətli döyüşlərin baş verməsinə gətirib çıxardı. Bu döyüşlərdə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində sərhəddə bir sıra ərazilərə nəzarət imkanı qazandıq.

İndi gözlər daxil olduğumuz 2023-cü ilə dikilib. Bu il sülhlə bağlı irəliləyişlər olacaq, yoxsa 2022-ci ilin davamı kimi yadda qalacaq?

AYNA-nın mövzu ilə bağlı suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb. Keçmiş nazir də bildirib ki, ötən il siyasi baxımdan da, hərbi baxımdan da gərgin il oldu:

- Təəssüf ki, bəzi gözləntilər özünü doğrultmadı. Söhbət sülh müqaviləsinin imzalanmasından gedir. Amma bir sıra dəyişikliklər də oldu, nəzarətimizə ərazilər götürdük. Qanlı döyüşlər də oldu, ordumuz itkilər verdi. Ümumiyyətlə, proseslərə nəzər salanda görürük ki, münaqişə bitməyib. Ola bilsin ki, gələcəkdə hərbi toqquşmalar da olsun. Anlamalıyıq ki, münaqişənin bir neçə mərhələsi olur: hərbi, sonra siyasi qarşıdurma. Bəzən olur ki, yenidən hərbi əməliyyatlar bərpa olunur. Ermənistan tərəfindən 30 il əvvəl başlamış müharibə faktiki olaraq hazırda davam edir. 44 günlük müharibədən sonra bölgədə sülhün əldə olunacağına ümidlər var idi. Hətta ümidverici bəyanatlar eşidirdik. Söhbət Azərbaycan və Türkiyə tərəfindən verilən bəyanatlardan gedir. Bölgə ölkələrinin əməkdaşlığı ilə bağlı yeni dönəmin başlayacağı gözlənilirdi. Amma təəssüf ki, bu baş vermədi. Artıq bəllidir ki, rəsmi İrəvan konfrantasiya mövqeyi seçib və münaqişənin yeni şəraitdə davam etdirilməsi Ermənistanın siyasi xəttidir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, hərbi işğal siyasəti müharibədən sonra yaranan yeni şəraitdə davam edir. Məqsədləri yenə də odur ki, Qarabağı Azərbaycandan ayırsınlar. Guya ki, bununla Qarabağ ermənilərini Azərbaycandan “xilas edəcəklər”. Baxın, müharibədən keçən iki il ərzində Ermənistan Qarabağa büdcə ayırır. Eyni zamanda, hərbçilərini Qarabağda saxlayıblar, separatçılara silah-sursat göndərirlər. Bu, İrəvanın işğal siyasətini davam etdirməsi deməkdir.

- Bəzən İrəvandan sülhlə bağlı bəyanatlar səslənir. Xüsusən də Baş nazir Nikol Paşinyanın partiyasından olan deputatlar tərəfindən...

- Bunlar hamısı imitasiyadır. Bəzən sülhlə bağlı bəyanatlar verilir, sonra təkzib edilir. İrəvandan səsləndirilən zidiyyətli fikirlərin sayı çoxdur. Olur ki, ümidverici ifadələrdən istifadə olunur. Bir də görürük, elə təsəvvür yaradırlar ki, müxalifət Paşinyanın sülh müqaviləsi imzalamasına mane olur. Bəli, bu amil də var. Amma rəsmi İrəvan istərsə, real addımlar ata bilər, siyasi iradə qoya bilər. Biz nəticəyə baxmalıyıq. Bu zaman da görürük ki, sülhlə bağlı heç bir irəliləyiş yoxdur. Məsələ burasındadır ki, bu siyasət təkcə Ermənistan siyasi elitasının nəticəsi deyil. Kənar təsirlər də İrəvanı bu siyasəti yürütməsində önəmli rol oynayır.

- Kənar təsir dedikdə, Ermənistana yaxın xarici qüvvələri nəzərdə tutursunuz?

- Təbii ki, Ermənistanı işğalçılıq siyasətini davam etdirməsinə həvəsləndirən qüvvələr var. Həm Rusiyadan, həm bəzi Qərb ölkələrindən Ermənistanı ümidləndirən bəyanatlar səsləndirilir, addımlar atılır. Məsələn, bu yaxınlarda Fransa Senatında bir bəyanat imzalanıb, bəyanata müxtəlif partiyalar qoşulub. Orada göstərilir ki, Fransa Ermənistanın hərbi qarantı rolunu oynasın. Demək istəyirəm ki, münaqişənin davam etməsi təkcə erməni siyasi elitasının seçimi deyil, həm də Cənubi Qafqazda sülhü istəməyən, Azərbaycanın inkişafını arzulamayan, Azərbaycan-Türkiyə müttəfiqliyinin güclənməsinə qarşı olan qüvvələrin seçimidir. İndi qarşıdurma səviyyəsi yüksəlib. O dərəcədə yüksəlib ki, indi görüşməyə və hansısa məsələləri müzakirə etməyə də ehtiyac yoxdur. Çünki mövqelər bəllidir.

- Bildirdiniz ki, mövqelər bəllidir, hansısa danışıqlara ehtiyac görünmür. Eyni zamanda, münaqişənin davam etdiyi müddətdə hərbi əməliyyatları istisna etmirsiniz. Separatçıların başına keçən Ruben Vardanyan Xankəndidəki mitinqdə üç yoldan birinin döyüşmək olduğunu söylədi və bildirdi ki, döyüşü seçir. Sizcə, bu il yeni qarşıdurmalara hazır olmalıyıqmı?

- Birincisi, hər zaman hər şeyə hazır olmalıyıq. Bu il bizi gərgin il gözləyir. Qarabağ məsələsinə gəlincə, bu, artıq bizim xarici siyasətimizə daxil deyil. Qarabağ, oradakı separatçılar Azərbaycanın daxili işidir. Arzu edirəm ki, bundan sonra biz Qarabağla bağlı diplomatların şərhini yox, hüquq-mühafizə orqanlarının məlumatlarını oxuyaq.

Vardanyanın bəyanatlarına gəlincə, o açıqlamalara lazımi qiymət verməliyik. Çünki o, bizim üçün vacib fikirlər səsləndirib. Vardanyanın deklərindən belə çıxır ki, Qarabağ erməniləri üç qrupa bölünüb: Bir hissə Azərbaycanın tərkibində yaşamaq istəyir; digər hissə oradan ümumiyyətlə, köçüb getmək istəyir; üçüncü hissə var ki, onlar qalıb vuruşmaq istəyir və guya ki, Vardanyan onlarla həmrəydir, onlara dəstək verir.

Hesab edirəm ki, bizim Qarabağ erməniləri ilə bağlı siyasətimiz də konkretləşməlidir. Həmin bu üç hissəyə aid siyasi xətt dəqiqləşməlidir. Bizim üçün diplomatik yol sərfəlidir. Ən azından itkilər baxımından. Yeni müharibə həm də yeni itkilər deməkdir. Məncə, Azərbaycan vətəndaşı kimi yaşamaq istəyənlərlə bağlı ASAN Xidmətdən istifadə etməliyik. O hissənin Qarabağdakı mülkiyyətini Azərbaycan qeydiyyatına salmaq olar. Bunu onlayn şəkildə həyata keçirmək mümkündür. Neçə erməni mülkünü itirməmək üçün qeydiyyatdan keçmək istəyəcək ki, gələcəkdə əlindən çıxmasın. Bu, təkliflərdən biridir. Qarabağdan getmək istəyən erməni qrupu ilə bağlı başqa addım atmaq olar. Məsələn, onlarla danışırsan ki, mülkünü satıb getmək istəyir, lap yaxşı, qeydiyyatdan keçsin, sonra da onlayn hərracda onu satsın.

- Bəs üçüncü – qalıb vuruşmaq istəyən hissə ilə bağlı siyasət necə olmalıdır?

- Burada artıq vəziyyət dəyişir. Bu zaman məsələyə bizim Daxili İşlər Nazirliyi müdaxilə etməlidir və onları neytrallaşdırmalıdır. Bəyan etməliyik ki, hər yerdə olduğu kimi terrorçuları zərərsizləşdirəcəyik. Reinteqrasiya prosesində gərək yeni texnologiyalardan, yeni üsullardan istifadə edək ki, prosesi təmin olunsun. Biz addımlarımızı ataq, sonra oradakı erməni papağı varsa, onu qarşısına qoysun düşünsün, nə etməli olduğuna qərar versin. Ya Vardanyanın dediklərinə uymalı olacaq, ya da Azərbaycanın qaydalarını seçəcək. İnanıram ki, xeyli erməni mülkünü qeydiyyatdan keçirəcək, sonra onu satıb oradan gedəcək. Yəni ki, biz öz işimizi asanlaşdırmaq üçün yeni üsullardan istifadə edək.

- Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların etiraz aksiyası bir aya yaxındır ki, davam edir. Belə görünür ki, nəticələr əldə edilməyib. Prosesin sonunu necə proqnozlaşdırırsınız?

- Ekoloji problemlər, buna etiraz öz yerində, amma hər kəs başa düşür ki, bizim əsas məqsədimiz Laçın yolunda nəzarətimizi addım-addım gücləndirməkdir. Bu günlərdə belə bir məlumat yayıldı ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə təmaslar olub və rəsmi Bakı açıq şəkildə bildirib ki, hansı şirkətlər orada fəaliyyət göstərəcəklər, hansı işlər aparılacaq, Azərbaycan hansı şəkildə nəzarət edəcək və s. Azərbaycan yumşaq təzyiqdən istifadə edir və yola nəzarəti addım-addım bərpa edir. Ermənilərin aksiyaya reaksiyasından da bəllidir ki, onlar da reallığı anlayırlar. Prosesin axırında onları nəyin gözlədiyini başa düşürlər. Bəllidir ki, günlərin birində aksiya keçirən ictimaiyyət fəallarını Azərbaycan dövlət qurumlarının nümayəndələri əvəzləyəcəklər.

Müəllif: Anar Bayramoğlu