Millət vəkili: “Erməni cəmiyyəti 44 günlük müharibəsinin ağır nəticələrini unutmamalıdır”
“Fikrimcə, ATƏT-in Minsk Qrupu həqiqətən də geosiyasi dəyişikliklər səbəbindən əvvəlki təsir qabiliyyətini. Fransa və amerikalı həmsədrlər Rusiya Federasiyasının və ya qarşı tərəfin istəməməsi səbəbindən rusiyalı həmsədrlə sadəcə danışa bilmirlər. Mənim üçün bu formata qayıdış bir az qəribədir. Hesab edirəm ki, biz faktiki olaraq dialoqu maraqlarımızdan irəli gəlməyən dalana sürükləyirik. İndi bizim belə bir rahatlığımız yoxdur. Biz təhdidedici çağırışlarla üzləşməməkk üçün həll yolları tapmağı bacarmalıyıq”.
Bu fikirlər Ermənistanın keçmiş səhiyyə naziri, hakim “Mülki müqavilə” Partiyasından olan deputat Arsen Torosyana aiddir. Baş nazir Nikol Paşinyanın partiyasından olan deputat bu sözləri “Facebook” səhifəsində yazıb.
Azərbaycanla sülh müqaviləsi məsələsinə toxunan Torosyan qeyd edib ki, tarixən yanlış təbliğatın qurbanı olublar: “Bizə bir millət, xalq və dövlət olaraq hər zaman deyilib ki, qonşularımızla sülh şəraitində yaşaya bilmərik və buna haqqımız da yoxdur. İstər müxtəlif gündəliyə malik olan daxili qüvvələr, istərsə də müxtəlif dövlətlər durmadan bizə deyirdilər: siz öz qonşularınızla problemlərinizi təkbaşına həll edə bilməzsiniz, biz orada olmalıyıq. Düşünürəm ki, bu, səhv yanaşmadır. Biz bu stereotipi qırıb qonşularımızla dinc həyata doğru addım ata biləcəyimizi başa düşməliyik”.
“Biz indi tamamilə əks stereotiplə yaşayırıq ki, türklə, azərbaycanlılarla yaşamaq sadəcə olaraq mümkün deyil. Bu stereotipi kollektiv şəkildə qıra bilsək, danışıqlar masasına oturub kompromis həll yolları tapa bilərik. Əgər bacarmasaq və onlar bizi əbədi olaraq ruhlandırmağa davam etsələr ki, iki qonşumuzla, xüsusən də Azərbaycanla hər hansı birgəyaşayış normaları üzərində razılaşmaq mümkün deyil, o zaman bu, bizə həmişə yeni fəlakətlər gətirəcək. Və çıxılmaz vəziyyətdə qalacağıq”, – deyə erməni deputat deputat vurğulayıb.
Son vaxtlar Azərbaycanla mehriban qonşuluq siyasəti yürütməyin vacibliyi haqqında təkcə Torosyan demir. Məsələn, Ermənistanın hakim partiyasından olan daha bir deputat Xaçatur Sukiasyan bildirmişdi ki, münasibətlərinin olması mümkündür. Onun sözlərinə görə, dünyanın bir çox qonşu ölkələri bir-birinin ümumi daxili məhsulunun kifayət qədər böyük həcminə malikdir: “Əgər biz qonşularımızla ümumi daxili məhsulun yüksək faizinə sahib ola bilsək, bu, münasibətləri yaxşılaşdırmaq üçün yaxşı vasitə olacaq. Biz Azərbaycanla olan bu düşmənçiliyi övladlarımıza, gələcək nəsillərimizə ötürməyəcəyik. Atışmalar olanda onların da qurbanları olur. Sivil olmaq lazımdır”.
Milli Məclisin deputatı Elman Məmmədov erməni deputatların bəyanatlarına münasibət bildirərkən deyib ki, erməni ictimai-siyasi xadimləri vəziyyətlərinin nə qədər acınacaqlı olduğunu, Azərbaycanın gücünü və yeni reallıqları qəbul edirlər.
Millət vəkili AYNA-ya bildirib ki, Azərbaycanla münasibətlərin normallaşmasına qarşı olan bir ovuc revanşistlər mövcuddur ki, Paşinyanın partiyasından olan deputatların sözügedən bəyanatı həm də cəmiyyətlərinə hesablanıb ki, insanlar həmin revanşistlərə yenidən aldanmasınlar: “Vaxtilə Qarabağda soyqırımı, qətillər törədən, quldurlar, canilər olan Serj Sərkisyanın, Robert Köçəryanın, Seyran Ohanyanın tərəfdarları sülhə qarşıdırlar. Bu gün Ermənistanda özlərini “qəhrəman” kimi göstərməyə çalışanlar 44 günlük müharibədə döyüş meydanından qaçanlardır. Çünki o hərbi canilər işğal müddətində azərbaycanlılara aid maddi nemətləri, tarixi, dini abidələri, məzarlıqları belə talan edib, sataraq külli miqdarda çirkli pullar əldə ediblər. İndi bu qaniçənlər erməni cəmiyyətində də arzuolunmaz şəxslər kimi qarşılanırlar”.
”Vaxtilə tutduqları vəzifələrdən istifadə edərək korrupsiya əməllərinə yol vermiş bu canilər indi Ermənistanda hay-küy salmaqla yenidən diqqət mərkəzində olmağa can atırlar. Ermənistanda həmişə olduğu kimi bu gün də bir neçə qütblülük hökm sürür. “Qarabağ klanı” hələ də Ermənistanda öz mövcudluğunu saxlamağa çalışır. Ermənistan ordusunda, siyasi müstəvidə də bu klanın qalıqları var. Çünki onlar “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar. Erməni xalqını yenidən məhv etmək üçün faşist ideologiyasına əsaslanıb absurd çağırışlar edirlər. Amma erməni xalqı bu gün nəhayət düşünməlidir ki, cinayətkarların arxasınca gedən Ermənistan dövlətinin gələcəyini məhvə aparan hərəkətlərə imza atmış olur”, - deyə Məmmədov vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın bugünkü real gücü, siyasi, iqtisadi, diplomatik imkanları qarşısında Ermənistan çox acizdir: “İndi revanşistlər hay-küy salmaqla kütləni tərəfinə çəkmək istəyir. Digər yandan, Paşinyanı hakimiyyətdən devirmək niyyətindədirlər. Amma dediyiniz kimi, içlərində reallığı dərk edənlər, Azərbaycanla, Türkiyə ilə mehriban qonşuluq şəraitində yaşamaqdan başqa yollarının olmadığını düşünənlər mövcuddur”.
“Erməni cəmiyyətində fərqli zamanlarda çağırışlar edilib ki, Qarabağ onlara lazım deyil, münaqişə onlara xeyir yox, ziyan vurub. 30 ildir ki, erməni cəmiyyəti Qarabağ məsələsinə görə zülm çəkdiyini mütəmadi olaraq vurğulayır. Məhz Qarabağ məsələsinə görə, bu gün hər şeydən məhrum olmuş Ermənistanda artıq bu məsələnin özləri üçün bir yük olduğunu qəbul edənlər var. Erməni cəmiyyəti üçün bu yükdən xilas olmağın yeganə yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaq və ərazi iddialarından imtina etməkdən ibarətdir. Çünki Qarabağ heç vaxt onların olmayıb və olmayacaq. Bunu 30 ilə yaxın Azərbaycanın ortaya qoyduğu hərbi siyasi güc də nümayiş etdirdi. Erməni cəmiyyəti 44 günlük müharibəsinin ağır nəticələrini unutmamalıdır ki, Azərbaycan Qarabağ məsələsində heç bir vaxt güzəştə getməyib və getməyəcək”, - deyə deputat fikrini yekunlaşdırıb.