Tərəflər Qara Dəniz Təşəbbüsü və ya “taxıl sazişi”nin mümkün bərpası perspektivlərini müzakirə edirlər
Rusiya-Amerika ekspert məsləhətləşmələri Ər-Riyadda başlayıb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, Moskvanı Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin və FSB direktorunun müşaviri Sergey Beseda təmsil edir.
Tərəflərin xüsusən, 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna qədər qüvvədə olan Qara Dəniz Təşəbbüsü və ya “taxıl sazişi”nin mümkün bərpası perspektivlərini müzakirə etdiyi bildirilib. Rusiyalı ekspertlərlə görüş “The Ritz-Carlton” otelində keçirilir.
Bir gün əvvəl Ər-Riyadda amerikalılarla Ukrayna nümayəndələri arasında danışıqlar olub. ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq daha əvvəl “The Glenn Beck” proqramına bildirib ki, Vaşinqton Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna nümayəndələri arasında münaqişənin həlli ilə bağlı dolayı danışıqlar aparmaq niyyətindədir.