Əli Əsədov rusiyalı həmkarını təbrik edib

Xəbərlər

12.06.2024 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Mixail Mişustinə təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dövlət bayramı - Rusiya Günü münasibətilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə təbrik məktubu göndərib.

AYNA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Məktubda qeyd olunub ki, iki ölkənin xalqlarını birləşdirən çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı anlaşma bağları, dərin mədəni və humanitar ənənələr Azərbaycan-Rusiya qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlığın mütərəqqi inkişafının sarsılmaz təməlidir.

Vurğulanıb ki, iki ölkə arasında ən geniş istiqamətlər, o cümlədən ticarət-iqtisadi, investisiya, sənaye, nəqliyyat, mədəni-humanitar və bir çox digər sahələrdə konstruktiv ikitərəfli dialoq və səmərəli əməkdaşlıq xüsusi məmnunluq doğurur.

Əli Əsədov Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlığın bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyi naminə davamlı inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Müəllif: Ayna.az