Əhaliyə geri qaytarılmış pulun təəssüfü: hökumət “səhvini” düzəldir?

İqtisadiyyat

16.12.2021 - 13:13

Qeydiyyata alınmamış böyük pul dövriyyəsi və “ƏDV geri al”a əl gəzdirilməsinin səbəbləri

Azərbaycanın Vergi Məcəlləsinə Milli Məclisdə qəbul edilən dəyişikliyə əsasən, əlavə dəyər vergisinin (ƏDV) qaytarılması mexanizmi bundan sonra avtomobillərin, spirtli içkilərin və tütün məmulatlarının alınmasına şamil edilməyəcək. Bu dolayı verginin bir hissəsi ötən ilin mart ayından müştərilərə qaytarılmağa başlanılmışdı. Mövcud qanunvericiliyə görə, ƏDV-nin qaytarılması mexanizmi təkcə neft və qaz məhsullarına şamil edilmirdi və indi bu siyahı artırılacaq.

Ekspert dairələrində düzəlişlərə münasibət birmənalı deyil. İqtisadçı ekspert Natiq Cəfərlinin AYNA-ya dediyinə görə, hazırda avtomobil, spirtli içki və siqaret alarkən vətəndaşlara əlavə dəyər vergisinin bir hissəsinin ödənilməməsi ilə bağlı qərar dünyada normal və geniş yayılmış təcrübədir: “Belə diferensiallaşdırılmış yanaşma sınaqdan keçirilib, hazırda dünyanın müxtəlif ölkələrində istifadə olunur. Amma ƏDV-nin qaytarılması mexanizmlərinə yerli yanaşmalarda əsas problem mövcud düzəlişlərdə deyil, onların nağdsız ödənişlərin stimullaşdırılması məntiqinə uyğun gəlməməsindədir. Axı əslində bu verginin qaytarılmasında məqsəd vətəndaşları nağd ödənişlərdən imtina etməyə sövq etməkdir. Ona görə də biz nağd ödənişlərə görə kompensasiya verməkdən imtina edərək, yalnız nağdsız ödənişlərə görə ƏDV-ni indikindən iki dəfə artıq qaytarmalıydıq”.

“Bizim deputatların məntiqini başa düşmək çox çətindir. Bu xüsusi sahələri kölgədən çıxarmaq əvəzinə, qanundankənar işləyən bizneslərin həyatını asanlaşdırırlar. Qeyd edək ki, əlavə dəyər vergisinin qaytarılmaması məhz uçota alınmamış pulların böyük dövriyyəsi olan sahələrdə qərara alınıb. Xarici siqaretlərin əldən necə satıldığına baxmaq və topdan məntəqələrində şərab və arağa görə çek verilməməsinə diqqət yetirmək kifayətdir”, - deyə həmsöhbətimiz bildirib.

Cəfərlinin sölərinə görə, əvvəllər alıcı bu mallar üçün qəbz tələb edirdi: “O zaman  malların vergiyə cəlb edilməsi üçün satıcı onu sistemə daxil etməli idi. ƏDV qaytarılmadıqda, alıcının fiskal çekə ehtiyacı yoxdur və satıcı öz dövriyyəsini vergidən gizlədə bilər. Əgər şərabdan, araqdan çek heç kimə lazım deyilsə, onda heç kim tələb də etməyəcək. Əvvəllər də soruşan az idi, amma indi güman edirəm ki, bu ehtimal praktiki olaraq sıfıra bərabər olacaq”.

Bir sözlə, adi alıcılar üçün düzəlişlərin səbəbləri tam aydın deyil və təkcə adi istehlakçılar arasında deyil, ümumiyyətlə, ekspert dairələrində də bir çox suallar doğurur.

İqtisadçı ekspert Eldəniz Əmirov da AYNA-ya şərhində yeni qərarı məntiqsiz adlandırıb: “Məmurlarımızın arqumentləri əladır. Ad çəkməyəcəm, ciddi məmurlardan biri dedi ki, bir sıra mallar üzrə ƏDV-nin qaytarılması ona görə ləğv edilib ki, pandemiya bitəndən insanların vəziyyəti yaxşılaşıb və ƏDV-nin qaytarılmasına ehtiyac yoxdur”.

“ƏDV-nin qaytarılması mexanizmlərinin pandemiyadan əvvəl tətbiq olunduğunu və bütün bunların koronavirusla qətiyyən heç bir əlaqəsi olmadığını nəzərə alsaq, heyrətamiz bir izahatdır. Başqa bir məmur deyir ki, bəzi məhsullara ƏDV-nin qaytarılmasından imtina vətəndaşları pis vərdişlərdən uzaqlaşdırmaq üçün edilir. İnanılmaz məntiqdir. Bu məntiqlə yanaşsaq, onda tütün məmulatlarına ƏDV-nin tətbiqi vətəndaşları pis vərdişlərə öyrətməyə hesablanıbmiş”, - deyə mütəxəssis söyləyib.

Müsahibimizin sözlərinə görə, əlavə dəyər vergisinin qaytarılması əvvəlcədən iqtisadiyyatı “ağartmaq”, ödənişləri qeydə almaq, vergidən yayınma ilə mübarizə aparmaq, vətəndaşları buna stimullaşdırmaq üçün nəzərdə tutulmuşdu:“Təcrübə göstərdi ki, bu, bizi qeyd olunan məqsədlərə daha da yaxınlaşdıran düzgün və səmərəli qərar oldu. Üstəlik, reallıq gözləntiləri belə, üstələdi. Belə ki, sözügedən layihə çərçivəsində cari ilin birinci rübünün yekunlarına əsasən, əhaliyə 60,2 milyon manat vəsait qaytarılıb”.

“Eyni zamanda, nağdsız ödənişlərin xeyrinə ƏDV-nin qaytarılmasında müəyyən edilmiş fərq hesabına nağdsız ödənişlərin populyarlığının artırılması istiqamətində irəliləyiş əldə olunub. Bu, vətəndaşları maddi cəhətdən maraqlandırmaq üçün ən etibarlı yoludur və ona görə də layihə çox uğurlu olub”, - deyə Əmirov fikrini yekunlaşdırıb.

Müəllif: Tanya Samsonova