Əhalinin haqqı və haqqın zəfəri naminə - Tarixi məqam yetişib

Cəmiyyət

05.09.2023 - 10:26

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “Konstitusiya Məhkəməsi ədalətli, vətəndaşların xeyrinə qərar çıxarmalıdır və inanıram ki, çıxaracaq”

Sabiq dövlət müşaviri: “Ya payçılara kompensasiya ödənilməli, ya da onların özəlləşdirmə prosesində iştirakına şərait yaradılmalıdır”

Xəbər verdiyimiz kimi, torpaqlarımızın azadlığı uğrunda döyüşən müharibə veteranları və təqaüdçülər dövlət özəlləşdirmə payları üzərindəki haqlarının təmin olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə iddiasında bildirilir ki, özəlləşdirmə payları əlində qalan vətəndaşların sayı kifayət qədər çoxdur və onların hər birinin fərdi şəkildə öz hüquqlarını müdafiə etməsi mümkün deyil. Bu səbəbdən mövzuya Konstitusiya Məhkəməsi aydınlıq gətirməli və ədalətli qərar qəbul etməlidir.

2011-ci ildə tədavül müddətinin başa çatması ilə bağlı qərarın elan olunmasından sonra bir milyona yaxın ölkə vətəndaşının əlində qalan və “Qiymətli kağızlar haqqında” qanunla tənzimlənən özəlləşdirmə payları dəyərsiz kağız parçasına çevrildi. Hansı ki, “Qiymətli kağızlar haqqında” qanunda qiymətli kağızlar üçün zaman məhdudiyyətinin nəzərdə tutulmadığı aydın şəkildə öz əksini tapıb.

Qanunvericilikdə inflyasiyadan qorunmaqla, bir payın dəyərinin minimum 2000 ABŞ dolları ekvivalentində olduğu, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin vətəndaşlara məxsus olması, yalnız 35 faizinin dövlət tərəfindən pul müqabilində satışa çıxarılması ilə bağlı məqamlar konkret öz əksini tapıb. Bu müddət ərzində təxminən 10 dəfə qiymətlərin artdığının nəzərə alsaq, bir pay üçün özəlləşdirmə çekinin dəyərinin minimum 20 min ABŞ dolları həddində olduğunu söyləyə bilərik.

Özü də bu qərar ötən əsrin 90-cı illərinin ortalarında, Azərbaycanın sosial-iqtisadi baxımdan ən zəif olduğu dövrdə qəbul edilib. Bütün bunlar ümumilli lider Heydər Əliyevin dövlət özəlləşdirmə siyasətinin həyata keçirilməsində vətəndaşları aparıcı qüvvə olaraq görməsinin və bu siyasəti dövlətin prioritet istiqamətlərindən biri olaraq qəbul etməsinin bariz nümunəsidir.

Qeyd edək ki, sentyabr ayında Konstitusiya Məhkəməsi tərəfindən müraciətə baxılması gözlənilir. Statistik göstəricilərə istinadən bir milyon vətəndaşın ölüm nisbətinin hər gün üçün 30 nəfər təşkil etdiyini və xeyli sayda vətəndaşın onlara məxsus dövlət paylarını istifadə etmədən dünyadan köçməsini əsas götürərək, hər il minlərlə vətəndaşın hüquqlarının pozulduğunu söyləyə bilərik.

Bu baxımdan Konstitusiya Məhkəməsinin gecikdirmədən mövzuya məntiqi yekun vurması, tarixi ədaləti bərpa etməsi bu nəcib və mütərəqqi təşəbbüsün müəllifi olaraq ulu öndər Heydər Əliyevin “Heydər Əliyev İli”ndə ruhunun şad edilməsi, ölkəmizə invetisiya axının təmin olunması, eləcə də bir milyon vətəndaşın tarixi haqlarının bərpa olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, elm və mədəniyyət nümayəndələri, ziyalılar, müxtəlif sahələr üzrə ekspertlər ölkə rəhbərliyinə çağırışlar edərək, əhalinin haqlı istəyinin həyata keçməsini xahiş edirlər. Onlar müharibə veteranları və təqaüdçülərin çağırışlarına qoşularaq, Konstitusiya Məhkəməsinə müraciətlər ünvanlayır, tarixi ədalətin bərpa olunmasının zəruriliyini bəyan edirlər.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev AYNA-ya deyib ki, Konstitusiya Məhkəməsi özəlləşdirmə payları əlində qalan vətəndaşların haqlarını qorumalı və ədalətli qərar verməlidir: “Özəlləşdirmə çeklərinın əhaliyə paylanılması ilə bağlı qərarın verilməsindən 25 ildən artıq zaman keçir. Təsəvvür edin ki, dövlət 25 il öncə vətəndaşlara özəlləşdirmə prosesində iştirak üçün qiymətli kağızlar paylayıb. Lakin bir milyona yaxın vətəndaşın əlində qalan özəlləşdirmə payları dəyərsiz kağız parçasına çevrilib”.

“Torpaqlarımızın azadlığı uğrunda döyüşən müharibə veteranları və təqaüdçülər dövlət özəlləşdirmə payları üzərindəki haqlarının təmin olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıblar. Biz deputatlar da bu müraciətə qoşulmuşuq. Konstitusiya Məhkəməsinə analoji sorğu göndərmişik. Hesab edirik ki, Azərbaycan Parlamenti, Konstitusiya Məhkəməsi, aidiyyəti dövlət qurumları mövzuya yekun vurmalıdır”, - deyə deputat bildirib.

Qeyd edib ki, qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir: “Dövlət yalnız 35 faiz paya sahibdir və yalnız bu nisbətdə payı satışa çıxara bilər”.

Çeklərin dəyərinə gəlincə, Nurullayevin sözlərinə görə, hər bir özəlləşdirmə payı üçün inflyasiyadan qorunmaqla məbləğ də müəyyən edilib: “Bu dövrdə baş verən inflyasiya səviyyəsi nəzərə alınmalı və müvafiq qərar qəbul edilməlidir. Ekspertlərin hesablamalarına görə, hazırda hər bir payın dəyəri 20 min ABŞ dollar ekvivalentindədir. Ya tədavül müddətinin artırılması, ya da ədalətli kompensasiya ödənilməsi yolu ilə problem tam aradan qaldırılmalıdır”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli də AYNA-ya açıqlamasında özəlləşdirmə çekləri ilə bağlı problemin birdəfəlik və ədalətli şəkildə həll edilməsini vacibliyinə diqqət çəkib: “Qarşıda dövlət müəssisələrinin özəlləşdirilməsi gözlənilir və payı əlində qalan vətəndaşların bu prosesdə iştirakına şərait yaradılmalıdır”.

“Müharibə veteranları və təqaüdçülərin Konstitusiya Məhkəməsinə müraciətindən xəbərdarıq. İnanıram və hesab edirəm ki, Konstitusiya Məhkəməsi bu məsələyə ədalətli yanaşacaq və minlərlə vətəndaşın haqlı tələbinin təmin edilməsi üçün qərar verəcək”, - deyə həmsöhbətimiz söyləyib.

Hüseynli çeklərinin dəyərinin inflyasiyadan qorunduğunu vurğulayıb: “Bu məsələ qanunvericilikdə əksini tapir. Həm müvafiq qanunda, həm də ulu öndər Heydər Əliyevin fərmanında bu məsələr nəzərdə tutulub. Özələşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin alqı-satqısı məhz vauçerlər vasitəsilə həyata keçirilməlidir”.

“Qarşıda bəzi dövlət müəssisələrin özəlləşdirilməsi gözlənilir. Ya inflyasiyadan qorunmaqla nəzərdə tutulan məbləğə adekvat olaraq pay sahiblərinə kompensasiya ödənilməli, ya da payçıların qarşıdakı özəlləşdirmə prosesində iştirakına şərait yaradılmalıdır. Kiçik və orta özəlləşdirmə prosesi artıq başa çatmaq üzrədir. Həm bu prosesdə, həm də qarşıda gözlənilən özəlləşdirmə prosesində payçıların iştirakı təmin edilməlidir. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi ədalətli qərar verəcək və müvafiq qurumlar da bu qərarı yüksək səviyyədə həyata keçirəcək”, - deyə keçmiş dövlət müşaviri fikrini yekunlaşdırıb.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Əlavə qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri - QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray