Edilli məzarlığında aşkarlanan amansız fakt: bu insanlar ona görə öldürülüblər ki...

Aktual

06.10.2022 - 14:23

Deputat: “Beynəlxalq birlik reaksiya verməsə, Azərbaycan öz cəzalandırma mexanizmini tapacaq”

Sabiq dövlət müşaviri: “Əgər bu konvensiyalara əməl etməyəcəklərsə, onları qəbul etməyin də bir mənası yox idi”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarıqla bağlı açıqlama yayıb. XİN-in məlumatında 4000 azərbaycanlının hələ də itkin olduğu, bunu törədən ermənilərə isə heç bir qınaq olmadığı qeyd olunub.

“Xocavəndin əvvəllər işğal altında olan Edilli kəndində 12 nəfərin məftil və kəndirlə bağlanmış, həmçinin işgəncə əlamətləri aşkarlanan qalıqlarının olduğu daha bir kütləvi məzar tapılıb. Təxminən 4000 azərbaycanlı mülki şəxs və müharibə əsiri hələ də itkindir və bunu törədən ermənilərə qarşı heç bir qınaq yoxdur”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, işğal dövründə ermənilər minlərlə soydaşımızı əsir götürüb, onları müxtəlif işgəncələrə məruz qoyublar. Lakin beynəlxalq birlik 30 ilə yaxın müddət ərzində bu ədalətsizliyə göz yumub, baş verənlərə adekvat reaksiya nümayiş etdirməyib. Hansı ki, BMT-nin İnsan haqları üzrə şurasının yeddinci sessiyasında silahlı münaqişələr zamanı itkin düşmüş azərbaycanlıların problemi ilə bağlı ölkəmizin nümayəndə heyətinin irəli sürdüyü qətnamə layihəsi 38 ölkənin yekdil rəyi ilə qəbul edilib. Lakin işğala olduğu kimi, bu işgəncələrə münasibətdə də qətnamənin tələbləri icra edilməyib və kağız üzərində qalıb.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Azərbaycanın informasiya və diaspor cəbhəsində fəallaşması, işğal dövründə Ermənistanın törətdiyi vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatdırılması, hüququ müstəvidə cəzalandırılmasına nail olunması əsas müzakirə mövzularındandır.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, hüquqşünas Bəhruz Məhərrəmov AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanın əlində təkzibolunmaz faktlar var: “İşğal dövründə Ermənistan tərəfinin törətdiyi vəhşiliklər, istər Xocalı soyqırımı zamanı, istərsə də əsirlərə qarşı amansız davranışlar bütün dünyanın gözü qarşısında baş verib. Uşağa, qocaya, qadına baxmadan qarşılarına keçənləri qeyri-insani rəftara məruz qoyublar. Təsəvvür edin ki, meyitlərin ayaqları bağlanıb, başlarına küt alətlərlə zərbələr endirilib. Bu, azərbaycanlılara qarşı soyqırımı və cinayətlərin məcmusudur”.

“Bu insanlar nəyə görə öldürülüb? Öncə ona qətlə yetiriliblər ki, onlar azərbaycanlılardır. Bu, artıq soyqırımı siyasətidir və bu vəhşiliyə imza atanlar bunun cavabını verməlidirlər. Eyni zamanda beynəlxalq humanitar hüquq qaydalarının, Cenevrə konvensiyasının tələbləri açıq şəkildə pozulub. İnanlıq əleyhinə bəşəri cinayətə imza atılıb. Lakin çox qəribədir ki, özlərinə münasibətdə qərarları icra etdirən diplomatik oyunçular Azərbaycana qarşı törədilən qoyırımına və müharibə cinayətlərinə göz yumurlar”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, beynəlxalq birlik bu vəhşiliyə hüquqi qiymət verməlidir: “Azərbaycan işğala münasibətdə Birləşmiş Millətlər Təşkilatının (BMT) məlum qətnaəmələrini özü icra etdi, bu cəzalandırma mexanizmini də özü həyata keçirəcək. Azərbaycanın əlində təkzibolunmaz faktlar və sübutlar var. Habelə şahidlər, aşkarlanmış, üzərində vəhşilik izləri olan meyitlər, məzarlıqlar mövcuddur. Bütün bunlar bizə imkan verəcək ki, haqq mübarizəmizi beynəlxalq hüquq müstəvisində davam etdirək”.

“Əgər dünyada “humanitar hüquq” deyilən anlayış varsa və buna məhəl qoyulursa, bu cinayətə hüquqi  qiymət verilməlidir. Yoxdursa, Azərbaycan özü onların cavabını verəcək. Ortada minlərlə günahsız insan azərbaycanlı olduğuna görə işgəncələrə məruz qalıb və bir ölkə olaraq bizim hüququmuz var ki, bu cinayətkarlara cəza tələb edək. Bu, mümkün olmasa, başqa yolumuz qalmayacaq və cəzalandırma mexanizmini Azərbaycan özü həyata keçirəcək”, - deyə Məhərrəmov vurğulayıb.

Əlavə edib ki, müharibə hərbi cəbhədə bitsə də, informasiya və diaspor sahəsində davam edir: “Heç şübhəsiz, bu istiqamətdə də səylərimizi artırmalı, hüquqi müstəvidə baş verən bu soyqırımı və müharibə cinayətlərinə qiymət verilməsi üçün səfərbər olmalıyıq”.

Sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli də AYNA-ya deyib ki, Ermənistan Azərbaycana qarşı dəfələrlə soyqırımı siyasətindən istifadə edib: “Xocalıda misli görünməmiş vəhşilik törədiblər. Günahsız insanları qanına qəltan ediblər. Minlərlə azərbaycanlı əsir ağlasığmaz işgəncələrə məruz qalıb. Bununla bağlı BMT-nin qətnamələri qəbul olunub. Lakin heç bir tədbir görməyiblər. Bu qətnamələrin heç biri icra edilməyib”.

“Ümumiyyətlə, beynəlxalq birlik Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına göz yumub. Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad olunub. Biz erməni vəhşiliyi ilə barışa bilmərik. Hüquqi müstəvidə mübarizəmizi davam etdirməliyik”, - deyə həmsöhbətimiz vurğulayıb.

Hüseynli qeyd edib ki, Azərbaycan diasporunun fəaliyyəti gücləndirilməlidir: “Məlumdur ki, erməni diasporu Azərbaycanın əleyhinə təbliğat aparır. Lobbi qrupları vasitəsilə özlərini “soyqırımına” məruz qalan xalq kimi göstərmək istəyirlər. Bizim isə əlimizdə kifayət qədər faktar var. Bu faktları beynəlxalq birliyə təqdim etmək lazımdır. Bu istiqamətdə səylərimizi gücləndirməliyik. Beynəlxalq aləmi məcbur etmək lazımdır ki, onlar erməni vəhşiliyinə, soyqırımına, müharibə cinayətlərinə hüquqi qiymət versinlər. Bu, bəşəri cinayətdir və Cenevrə Konvensiyasının açıq şəkildə pozulması deməkdir. Əgər bu konvensiyalara əməl etməyəcəklərsə, onları qəbul etməyin də bir mənası yox idi”.

Müəllif: Azər Niftiyev