Düşün çəlləyin üstündən, sahibi gəlib – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

18.08.2020 - 10:21

Vətənpərvərlik sözlə yox, əməllə sübut olunur, gözəl insanlar

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Azərbaycanda bir çox nəsnələrin analoqu olmadığı kimi, vətənpərvərliyimizin də analoqu yoxdur. Vaxtınızı çox almayıb həftənin mövzusunu seçərkən, rastlaşdığım iki hadisə barədə söhbət açacağam. Mən hesab edirəm ki, Azərbaycanda patriotizm əksər hallarda icazəli olur və yuxarıdan komanda gəlməmiş bizim dövlətin müxtəlif ranqlı vəzfəliləri, politoloqları, ekspertləri hər hansı bir geosiyasi məsələyə münasibət belə, bildirmirlər.

 

19-cu əsr Almaniyasının görkəmli şairi, jurnalisti və satiriki Henrix Hayne demiş: “Vətənpərvərlik bizə tövsiyə olundu və biz vətənpərvər olduq, çünki suverenlərimizin əmr etdiyi hər şeyi edirik”. Mən Haynenin fikirlərini dərin təəssüflə Azərbaycana proyeksiya edərək, razılaşıram. Çünki, icazəli patriotizm, ola bilər ki, hansısa hakimiyyətə xeyir versin, amma insanlarda Vətəni necə sevmək sahəsində bir asılılıq, göstəriş gözləmək kimi bir şakər yaradır. Bu isə, dediyim kimi, heç də faydalı deyil. Axı niyə belə düşünürəm?! Bayaq dediyim kimi, iki misalla fikrimi bildirim, əziz oxucu.

Serbiya Ermənistan silah satmaqla beynəlxalq prosedurları pozub ...

Birinci hadisə: İyul döyüşlərinin nəticələri cəmiyyət tərəfindən geniş müzakirə olunmağa başladı. Hakimiyyəti sevənlər bizim qələbə çalıdığımızı, sevməyənlər böyük itkilər verdiyimizi söylədilər. Buraxaq hər iki tərəfin dediklərini öz vicdanlarına. Amma... Serbiyadan Gürcüstan vasitəsi ilə Ermənistana Tovuz istiqamətində silahlar göndərilməsi ilə bağlı qalmaqala hamı böyük həvəslə qoşuldu. XİN bəyanat verdi, Serbiya səfiri Nazirliyə çağrıldı və başladıq Serbiyanı və ərazisindən Ermənistana silah keçirməyə icazə verən Gürcüstanı söyməyə. Serbiya ilə dost olduğumuzu, Gürcüstanı isə ölümdən xilas etdiyimizi xatırladan yüzlərlə şərh və açıqlamalar oxuduq. Bütün bu tənqidçilər niyəsə qeyd etmədilər ki, Rusiaynın Ermənistana pay verdiyi silahın yanında Serbiyanın Ermənistana pulla satdığı silahların miqdarı dəryada damla kimi bir şeydir. Amma bunu heç kim demədi, o zamana qədər ki, ölkə Prezidenti İlham Əliyevin Putinə etdiyi telefon zənginin təfərrüatı yayılandı.

 

Xatırladaq ki, telefon zəngi zamanı Prezident İlham Əliyev Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

 

Dövlətimizin başçısı baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək, bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

 

Prezident Əliyev bu halda üzərinə düşəni etdi və bundan sonra yuxarıdan işarə gözləyən vəzifəlilərimiz, deputatlarımız, ekspertlərimiz başladılar nə başladılar. Ay Rusiya pisdir, ay, nə bilim bizim müttəfiqimiz niyə belə edir, filan... Hətta, cəmiyyətin rusiyəpərəst mövqeyi ilə seçilən politoloqları belə, Moskvanın üstünə getdilər. Guya ki, bu zamana qədər biz Rusiyanın Ermənistana silahları kreditlə, ucuz, və ya pay verdiyini bilmirdik. Guya, biz aprel döyüşləri vaxtı və ümumiyyətlə Moskvanın Qarabağ münaqişəsində “dovşana qaç, tazıya tut” deməsindən xəbərimiz yox idi.

 

Xırda bir silah partiyasına görə Serbiya səfirini XİN-ə çağırdıq, elə Gürcüstana da müxtəlif səviyyədə etirazlar etdik. Düz də etdik. Bəs indi niyə gözləyirik, cənab patriotlar və azərbaycansevərlər? Niyə Rusiya, Qazaxıstan, Türkmənistan və İran səfirləri həmin etirazlardan kənarda qalıb? Prezidentin dediyi 400 ton məsələsinin Serbiya məsələsindən fərqi nədir ki? Bax, burada, necə deyərlər, “dovşanın qulağı” göründü. Deməli, hələ ki, yuxarıdan “dobro” yoxdur. Olan kimi, çıxacağıq çəlləyin üstünə və başlayacağıq...

 

İkinci hadisə: Koronavirus dövründə virus istisna olmaqla xəbər qıtlığı yaşayan media orqanlarımız bir az da “saraldı”. Vəziyyət o hala gəldi ki, barmaqdan sovrulan mövzular tapmağa və onların üzərində geniş müzakirə açmağa başladıq. Təbii ki, cəmiyyətin həssas nöqtələrinə vurmaqla.

Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

Məlum oldu ki, Əməkdar artist Almaz Ələsgərli erməni bəstəkarı Vigen Şakaryanın bəstələdiyi və Artur Amiryanın ifa etdiyi “Da zdravstvuet lyubov” adlı mahnını şoumen Emil Heydərovla birlikdə ifa ediblər. Erməni məsələsi cəmiyyətimiz üçün olduqca həssas məsələ olduğundan və koronavirus dövründə gəlirlərini itirən insaların evdə qalaraq, daha da acıqlı olmalarından dolayı düşdülər bu xanımın üstünə. Mən Almaz Ələsgərlini tanımıram və onun 20 il əvvəl Alim Qasımovla birgə ifa etdiyi duetindən başqa heç bir mahnısına qulaq asmamışam. Əksər şou-biznes əhlinin intellektual səviyyəsinin sıfırdan nə qədər aralı olmasını nəzərə alsaq, yəqin ki, Almaz xanımın da ona təklif edilən bu mahnının müəllifinin kim olduğunu araşdırmaq heç ağlına da gəlməyib. Araşdırsa, bəlkə də oxumazdı. Amma, oxusa belə, nə olacaqdı ki?

 

Maraqlıdır ki, “saralan” mətbuatımızda bu mövzunu eninə-uzununa müzakirə edən qələm əhlimizdən kimsə bu mahnının müəlliflərinin kimliyini belə, araşdırmayıb. İnternetdən arda bir “Facebook” statusları yazmaqla yanaşı digər məqsədlər, tutaq ki, “Googledə” axtarış vermək üçün də istifadə etmək lazımdır. Məlumat üçün deyək ki, Vigen Şakaryan Bakı ermənisidir və indinin özündə də Tofiq Quliyevin, Vaqif Mustafazadənin musiqilərini böyük həvəslə ifa edir, onların erməni musiqisi olduğunu demir və müəllifin adını çəkir, “mən bakılıyam və bu musiqi mənə çox doğmadır”, - deyir. Bu, məsələnin bir detalıdır.

 

İkinci detal isə odur ki, onun yazdığı mahnı rus dilindədir – sevsək də, sevməsək də, bu dil hələ ki, bütün dünyada əslən Azərbaycandan olan bir çox insanı birləşdirən bir dildir. Əgər bir Bakı ermənisinin rus dilində məhəbbət mövzusunda yazdığı mahnını oxumaq antipatriotizmdirsə, onda bu mövqedə olan bəylər və xanımlar, bundan şou düzəldən mətbuatımıza sual edirəm: Niyə Bokanın (Bakı ermənisi Boris Davidyan) müəllifi olduğu “Bakinskiy şanson” adlandırılan janrda bu günə qədər həvəslə oxuyan Azərbaycan ifaçılarının adını çəkmirsiz? Və siz özünüz toylarda bu mahnılara nə qədər əl qaldırıb oynamısız?

 

Bunu mənfi mənada soruşmuram. Almaz Ələsgərlinin tənqidçilərinin mövqeyindən çıxış etsək, onda Boka və onun mahnılarını oxuyan, dinləyən bütün azərbaycanlılar da “topa qoyulmalıdır”. Niyə edilmir? Bəlkə, ölkənin yüksək vəzifəli şəxslərinin toylarında belə, bu musiqilər səsləndiyi üçün? Bunu da pis mənada soruşmuram. Bu məsələdə bütün mövqelər subyektivdir və mən, tutaq ki, hansısa erməni ifaçısının ifa etdiyi musiqiyə pozitiv şərh yazan Brilyant Dadşovanın ictimai linç edilməsini anlamıram. “Musiqinin dili yoxdur” ifadəsinin tam tərəfdarıyam, əgər hansısa əsər oğurluq deyilsə.

 

Ermənilərlə onilliklərə dayanan ərazi problemi olan Türkiyədə belə, musiqi məsələsinə gələndə, tam ayrı mövqe tuturlar. Təxminən, bir il əvvəl Haykonun ermənicə oxuduğu “Mi qna” mahnısı Türkiyədə çox populyar oldu, bir neçə müğənni oxudu və hətta, türkcəyə tərcümə də etdilər. Bu, o demək deyil ki, türklər erməniləri sevməyə başlayıb, torpaqlarını onlara verməyə və qondarma “genosidi” tanımağa razılaşıblar. Və yəqin ki, bizim onlardan daha patriot olduğumuzu söyləməyə də əsas vermir.

 

Yəni sözümün canı odur ki, patriotizm – vətəni sevmək, ona faydalı olmaq deməkdir və bu sevgi icazəli və yönəldilən olmamalıdır. Ədəbi tənqidçi və publisist Belinski deyirdi ki, “nə olursa olsun, amma vətənpərvərlik sözlə yox, əməllə sübut olunur”. Məncə, sözümüzə və əməlimizə ciddi fikir verməliyik. Ən azı, onlar bir-biri ilə düz gəlsin deyə...

Müəllif: Yoldaş Mircəfər