Düşməni öz dilində qandırmaq: <font color=red> Gecikmişik, gecikirik</font>

Cəmiyyət

21.07.2020 - 14:25

Həkimlər Klinikalar SEO Xidməti

Tovuz döyüşləri yeni-köhnə faktı təkrar aktuallaşdırıb

 

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən gərginlik, iyulun 14-ü axşam saatlarında Bakıda “Qarabağa azadlıq”, “Ordumuzun yanındayıq”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlarla Azərbaycan Ordusuna dəstək yürüş-mitinqinin keçirilməsi, iki ölkənin vətəndaşları arasında sosial şəbəkələrdə yaşanan informasiya müharbəsi “düşməni öz dili ilə vurmaq” prinsipini yenidən aktulaşdırdı. Belə ki, düşmən ölkə vətəndaşlarının Azərbaycan dilində yerli səhifələrə, profillərə, qruplara təhqiramiz və qıcıqlandırıcı mesajlar, rəylər yazması, Azərbaycan adları ilə profillər açıb statuslarla hücuma keçməsi Azərbaycanda da erməni dilinin orta və ali təhsil səviyyəsində tədris olunmasını yenidən gündəmə gətirdi.

 

Bəs, belə olan halda, nə üçün hələ də orta və ali təhsil ocaqlarımızda erməni dili tədris olunmur? Bunun üçün yetərli potensial və kadr ehtiyatı varmı? İnformasiya müharibəsində düşmən tərəfin dilini bilmək nə qədər mühüm əhəmiyyət kəsb edir? AYNA ekspertlərlə məsələyə aydınlıq gətirməyə çalışıb.

Media hüququ eksperti Ələsgər Əhmədoğlu 30 ildən sonra bu barədə düşünməyin gec olduğu qənaətindədir: “Azərbaycanda vaxtilə Erməni Araşdırmalar Mərkəzi qurulmuşdu və Mərkəz erməni mənbələrini araşdırır, dilini öyrədirdi. Bununla bağlı müəyyən vəsait də xərclənirdi. Amma hər şey daha çox kosmetik görüntü xatirinə olduğu üçün burada da ciddi şəkildə mütəxəssislər yetişmədi. Halbuki, Azərbaycanın 1988-ci ildə bilavasitə Ermənistandan gələn 200-250 min sakini var və onların böyük əksəriyyəti də ermənicə oxuyub-yazmağı bilirdi və hazırda da onların əksəriyyəti erməni dilini bilir”.

 

“Amma buna baxmayaraq, ermənilər özləri Azərbaycan dilini öyrəniblər və müharibənin həm də virtual mühitdə, informasiya cəmiyyətində üstünlük qazandırdığını bilirlər. Ona görə də bu istiqamətdə xeyli iş görüblər ki, biz bunu son hadisələrdə də gördük”, - ekspert deyib.

 

Əhmədoğlu bildirib ki, hökumət bununla bağlı sistemli şəkildə vəsait ayırmalı və ortaya konkret hədəf qoymalıdır: “Çünki Azərbaycanın onsuz da Qarabağda erməni əhalisi var və onlar Azərbaycanda yaşadığı müddətdə, bizim ermənilərlə ünsiyyətimiz hansısa bir formada olacaq. Bir gün problemlər bitəndə, Azərbaycan-Ermənistan münasibətləri sabitləşəndə və Azərbaycan öz torpaqlarını azad edəndə orada yaşayan ermənilər də Qarabağda yaşamaq istəsələr, o zaman biz onların dilini bilən hakim, vəkil və sair yetişdirməyə çalışmalıyıq ki, orada nə baş verdiyini bilək. Bu baxımdan da düşünürəm ki, uzun müddət ərzində bu sahədə sistemli şəkildə xeyli iş görülməlidir. Bu, həm hərbi sahədə, həm də informasiya, elektron resurslar istiqamətində olmalıdır ki, biz ermənicə informasiya paylaşa bilək və Ermənistan əhalisinin də informasiyanı birbaşa oxumaq imkanı olsun”.

Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət hesab edir ki, informasiya mədəniyyətli cəmiyyətin formalaşdırılması üçün ilk növbədə ailə və orta təhsildə buna xüsusi diqqət ayırmaq lazımdır: “Çünki təhsilin insanı şəxsiyyət kimi formalaşdırması ilə yanaşı, ən ümdə vəzifələrindən biri də informasiya mədəniyyətli insan yetişdirməsidir. Çünki yanlış məlumatlara inanıb, onları tirajlamaq, mənbəyə əsaslanmadan yaymaq, informasiyanı dəqiqləşdirmədən paylaşmaq müharibə zamanında və şəraitində yanlış nəticələrə gətirib çıxarmaqla, həm cəmiyyətdə psixoloji sarsıntının genişlənməsinə, həm də yeni nəsil üçün yalan mənbələrin rol oynamasına gətirib çıxara bilər”.

 

“Tarixdə də belə olub ki, düşmənə öz dili ilə cavab vermək üçün onun dilini öyrənmək lazımdır. Bu, çox yaxşı məqamdır. Lakin biz 30 ildir ki, gözləmə mövqeyində qalmışıq. 30 il bir gəncin nəsil kimi formalaşması deməkdir. Biz 30 ilin heç olmasa, 15-20 ilini düşmənin dilinin öyrənilməsi ilə məşğul olsaydıq, əmin olun ki, öz dili ilə də cavablarını verərdik. Lakin bir məsələ də var ki, statistikaya əsasən, onların əksəriyyəti ermənicə yazsa da, hamısı rus dilini bilir və hətta, Azərbaycan dilini belə, azərbaycanlı olub doğma dilində danışa bilməyən, danışmaq istəməyənlərdən qat-qat yüksək səviyyədə bilirlər. Çünki onların məqsədləri planlı şəkildə bizim dili öyrənmək və bizim dilimizlə də bizə cavab qaytarmaqdır”, - müsahibimiz vurğulayıb.

 

A.Həsrətin fikrincə, erməni dilindən daha çox, digər xarici dilləri bilmək daha vacibdir: “Şəxsən mən ermənilərdən daha çox beynəlxalq aləmi düşmən kimi görürəm. Çünki həmin beynəlxalq aləm məhz ermənilərə dəstək olur. Ona görə də mənə erməni dilini bilmək önəmli deyil, mənə önəmli olan digər xarici ölkələrin dilini bilməkdir. Çünki ermənilərin hamısı rus dilini bilir və bizi anlayır. Buna baxmayaraq, kimin erməni dilini öyrənmək istəyi varsa, öyrənsin və öyrədilməsi üçün də mərkəzlərdə kurslar açılsın, erməni dilini bilənləri isə bu mərkəzlərə cəlb edib təlimlər keçsinlər”.

Hərbi-siyasi ekspert Ramil Məmmədli bu məsələnin zaman-zaman gündəmə gəldiyini və Azərbaycan məktəblərində erməni dilinin tədrisi ilə bağlı müəyyən təkliflər irəli sürüldüyünü deyib: “Hətta, bildiyimə görə, Bakı Dövlət Universitetində erməni dili tədris olunur. Bundan başqa, aidiyyəti qurumlarda, hərbi birləşmələrdə də erməni dili ilə bağlı dərslər keçirilir. Amma kütləvi şəkildə erməni dilinin tədris olunması təəssüf ki, yoxdur. Əlbəttə, yaxşı olardı ki, Azərbaycan vətəndaşları zamanında orta nəsildən erməni dilini mənimsəyəydilər. Amma həmin dövr elə idi ki, ermənilərə qarşı böyük nifrət, qəzəb var idi və bir qədər də populizm əhval ruhiyyəsi yüksəlmişdi deyə, ermənilərə nifrət həm də erməni dilinə nifrət yaratmışdı. Amma yaxşı olardı ki, həmin dövrdə erməni dili tədris olunardı və biz bununla da bu gün sosial şəbəkələrdə baş verən informasiya müharibəsində müəyyən üstünlüklər əldə edə bilərdik”.

 

“Lakin bu, o demək deyil ki, Azərbaycanda erməni dilini bilən yoxdur və sosial şəbəkələrdə onlara qarşı mübarizə aparmaq üçün yeganə üsul erməni dilidir. Düzdür, yaxşı olardı ki, onlara öz dillərində layiqli cavablar verilsin. Amma ermənilər rus dilini bilirilər deyə, vətəndaşlarımız da onlara rus dilində cavab versələr və ayıq-sayq olsalar, məncə kifayət edər”, - Məmmədli bildirib.

 

O, Azərbaycanda erməni dilinin xüsusi qurumlarda, həmçinin ali məktəblərdə tədris olunmasının tərəfdarı olduğunu əlavə edib: “Hətta, vətəndaşlarda ümumi biliyin formalaşması və nəticədə düşmənə layiqli cavabın verilməsi üçün bu sahədə dil kursları təşkil oluna bilər. Yəqin ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı bir mövqeyə gələcək. Çünki bu məsələ həm də Təhsil Nazirliyi və güc strukturlarının da üzərinə düşən məsələdir. Onlar bu məsələdə aktiv olmalıdır ki, erməni dilində tədris həyata keçirilsin”.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş